ELƏ ŞIRIN YATIRDIM
Elə şirin yatırdım,
Dünya boyda rahatlığa batırdım.
Yaddaşımdan asılı qalmış,
Yaddaşımın gözünə dolmuş
Onun ürəyi olmuş,
Xəyalın dincəlmişdi.
Insafa gəlmişdi.
Elə şirin yatırdım,
Dünyaya canımdan çıxan
Ürək kimi göz oxşayan
Dinclik kimi söz daşıyan,
Bir rahatlıq satırdım
Elə şirin yatırdım.
Yuxum şirin yuxuydu,
Yuxumun xəbəri yoxuydu
Sərxoş ərin qabağında
Körpəsini bağrına basmış,
Gözlərindən qəm asılmış,
Əlacsızlıq içərisində,
Titrəyirdi qonşu gəlin.
Yuxum şirin yuxuydu,
Yuxumun xəbəri yoxuydu
Çox, çox uzaq,
Doğma bir kəndin
girəcəyi sağında - qəbiristanlığında,
Unudulmuş bir qəbir,
Unudulmuş bir ovuc torpaq,
vaxtsız qopmuş bir yarpaq,
tanış ayaqlar sədası,
dolmuş gözlər,
kövrəlmiş sözlər gözləyirdi...
Həsrətindən sümükləri çaxırdı,
Qəbrindən od qalxırdı.
Elə şirin yatırdım,
Gül-çiçəyə batırdım.
Yuxum şirin yuxuydu,
Yuxumun xəbəri yoxuydu,
Qan çilənmiş otlar üstə,
İnsan cəsədləri dəstə-dəstə.
Bu cəsədlərin arasında,
əlləri əbədi yatmış anasının
yaxasında
Bir körpə dayanmışdı,
Кörpəkörpəlikdən oyanmışdı.
Heyrətlə,
heybətlə,
Imdadla
inadla baxırdı dünyaya sarı...
Onun baxışları,
Yaddaşımdan asılı qalmış
Xəyalını göz-göz elədi
Xəyalın aləmi qatdı.
Yuxumu yuxudan oyatdı.
Oyanmış yuxum,
Qaçdı yuxulu yuxuların üstünə.
Silkələdi var gücüylə,
Oyan, oyan
Nə yatmısan...
Insan, insan,
NIYƏ GECIKDIN?
Qəfil peyda oldun, əzizim kimi,
Dünyaya gəlişim, ilk izim kimi.
Can verən anımda, son sözüm kimi,
Haradaydın sən harada, niyə gecikdin?
Ötüb yaz payımız, indi qış fəsli
Səndən Kərəm olmaz, məndən də Əsli.
Yolumuz yoxuşlu, dumanlı, sisli
Sən niyə gecikdin, niyə gecikdin?
Elə yazıydım ki, güllü, guşəli,
Elə nazıydım ki, sözlü, nəşəli
Elə gözüydüm ki, süzgün, işvəli,
Haradaydın de, harada niyə gecikdin?
Dunyanı tərsinə döndərim necə?
Sənə eşq salamı göndərim necə?
Könlümü sevgiylə dindirim necə?
Sən niyə gecikdin, niyə gecikdin?
Göylərdən tapşırıq almışam axı,
Göylərin vəhyilə dolmuşam axı,
Xəzangül yox Məryəm olmuşam axı,
Sən haradaydın, harada niyə gecikdin!?
DURNALARA
Göy üzündə qaqqıldaşan durnalar,
Durna olub, dəstəbaşı olaydım.
Göy üzündə boran olar, qar olar,
Sərraf olub, qeydinizə qalaydım.
Qaranlıqda səma yolu seçəydim,
O yolları pünhan-pünhan keçəydim.
Bu dünyanın pisliyindən qaçaydım,
Dar günlüyə lələyimi salaydım.
Ürəyimi talan edən baxaydı,
O baxdıqca, ildırım tək çaxaydım.
Oda dönüb, yandıraraq yaxaydım.
Əlvidanın vidasını çalaydım.
Göy üzünün buluduna qoşulub,
Göy üzündən dərd axıdan yaş olub,
Kədərimlə Yer üzünə boşalıb,
Külək olub, saçlarımı yolaydım.
Heç baxmazdım xəyanətin üzünə,
Heç baxmazdım təpəsinə, düzünə,
Heç baxmazdım ləpirinə, izinə,
Dönüklərdən qisasımı alaydım.
A durnalar! Diri, diri ölümmü?
Odsuz yansam, yığışdırın külümü.
Dərd verənə, dərd adlanan zülümlə,
Nisgil kimi, gözlərinə dolaydım.
KÖVRƏK DÜŞÜNCƏLƏR...
Necə cəlb etdi, necə özünə?
Elə bil çağırdı bu uçmuş qəbir.
Dayandım, heyrətlə baxdım üzünə,
Qəlbimdə dölaşan bu hisslər nədir?
Alışdı, sinəmdə duyğular yaman,
Oxşadım əlimlə çökmüş torpağı.
Ovcumu yandırdı həsrət qoxuyan,
Intizar oxuyan tənhalıq dağı.
Dəydikcə əlimə torpağı, daşı,
Bürüdü əlimi su damlaları.
Damlalar bu qəbrin nisgil yaşları,
Damlalar bu qəbrin giley-qübarı.
Könlümdə suallar şivən qopardı,
Bu yad qəbir nədən, bəs doğma oldu?
Xəyallar uzağa məni apardı,
Bir sualdan min-min sual doğuldu.
Bəlkə də babamın babası olub,
Bəlkə də nənəmin nənəsi olub.
Bəlkə qanım elə bu qandan olub,
Bəlkə kimsəsizin kimsənəsidir?
Ayrılmaq istərkən fıkir içindən,
Inanmadım vallah, özüm-özümə.
Yıxılan baş daşı torpaq üstündən,
Dikəlib insan tək baxır üzümə.
Torpağa sərilən bu daş dirəyin,
Daş dərdi elə bil adam döyərdi.
Xəyalmı, gerçəkmi, sehriydi, nəydi,
İnsan əli dəydi, bitdi, göyərdi.
Uçuq qəbirlərə hərdən baş çəkin,
Siz ey qəbiristana gedib gələnlər.
Titrəşib sızlarlar hey için-için,
Kimsəsiz olanda vallah qəbirlər.
HARA GEDIR O QATAR?
Hara gedir o qatar?
Dinən bir ürəkdə,
Hər arzuda, diləkdə,
Min-min sirlər yatar,
Hara gedir o qatar?
Hara gedir?
Nə marşurutu bilinir,
Nə dayancağı.
Niyə sönmür ocağı?
Elə yanır, odlanır,
Nə dincəlir, dayanır,
Sərnişinsiz, kimsəsiz,
Həm qüvvətli, həm gücsüz.
Hey fəryad qoparır,
Baxışları aparır,
Sərnişinlər yerinə.
Mənim də baxışımı,
Sehirli axışımı,
Qatar aldı apardı,
Elə bil ki, çapardı...
Bircə ansa dayanmır.
Ya baxışımı qaytarım özümə,
Ya da özümü baxışıma.
Indi qalmışam bir dayanacaqda,
Gözlərim qatarda, yanan ocaqda.
Nə vaxt sönəcək ocaq,
Nə vaxt sinəcək qatar.
Baxışımı qaytar deyəm,
Ya da mən də gəlim baxışımın yanına.
Birlikdə sərnişin olaq,
Həmişə bu qatarda qalaq.
KÖLGƏ VƏFASI
Buludla örtülüb Günün parası,
Göy üzü bununçun tala-taladır.
Səmanın çöhrəsi sozalıb tamam,
Kölgələr, işığa bəzən bəladır.
Yaman məyus oldum, bilmirəm niyə?
Bu lövhəni görən andaca birdən.
Bir acı təəssüflə ah çəkdi könül,
Asıldım paltar tək, qəm kəndirindən.
Beləcə fıkirlər içində ikən,
Gördüm torpaq üstə düşən kölgəmi.
Yerimi dəyişdim o yan, bu yana,
Əlçəkmədi məndən o zəli kimi.
Əlimi qaldırıb itələdim mən,
O da, o zərbəni qaytardı mənə.
Təpiklədim onu o da ki, məni,
Bir hasil olmadı, bundan da yenə.
Öz zərbələrimdən, ağrıdım özüm,
Onun zərbələri sığala oxşar.
Belindən qaldırıb çırpmaq istədim,
Gördüm ki, özümü əlim qucaqlar.
Günorta yerinə qalxanda günəş,
Düz şüaların altda dayandım.
Ayağıma düşüb kölgəm gizləndi,
Onun əvəzinə mən oda yandım.
Gecə təklik ilə qalanda təkcə,
Axtardım həyan tək, kölgəmi özüm,
Məndən əl çəkməyən o kölgəm hanı?
Nə qədər baxdımsa görmədi gözüm.
İşə bax qaranlıq anlarda demə,
Gölgədə qoyarmış adamı darda.
İşıqlı günümdə nəyə lazımsan,
Cavab ver ay kölgəm, hardasan, harda