DÜNYA MÜƏMMADIR
Dünya müəmmadır,sirrin açan kim?
Astarı üzünə gəlməyir uyğun.
Ha vurdum,ha böldüm,düz gətirmədim,
Həlli tapılmadı bu məchulluğun.
Min illər dövr edib belədən belə,
Yenə öz yolunda,gərdişindədir.
Kimini şah edir,kimini kölə,
Hələ də əvvəlki vərdişindədir.
Bağlayır əllərin,açır qucağın,
Bəzən acı olur,bəzən bal dadır.
Hazır saxlayıbdır “çəngəl-bıçağ”ın,
Elə bil iştahı diş altındadır.
Gecəsi,gündüzü,Ayı,Günəşi,
Bir ayrı ziddiyyət,ayrı tapmaca.
“Dondurar” yay fəsli,”yandırar “qışı,
Dərk edib sirrindən baş açmadıqca.
QOY ELƏ YAĞSIN Kİ, BU YAZ YAĞIŞI...
Qoy elə yağsın ki, bu yaz yağışı,
Özüylə nur töksün, sevinc gətirsin.
Silib ürəklərdən nifrət, qarğışı,
Yerində gül əksin, çiçək bitirsin.
Qoy elə yağsın ki, bu yaz yağışı,
Paslı fikirlərin kiri tökülsün.
Dayansın qardaştək hamı yanaşı,
Dövlətlərarası sərhəd sökülsün.
Qoy elə yağsın ki, bu yaz yağışı,
Yerdə taxıl bitsin, sünbülü dən-dən,
Analar tökməsin acı göz yaşı,
Körpələr qorxmasın mərmi səsindən.
Qoy elə yağsın ki, bu yaz yağışı,
Bəlkə arzularım cücərə yerdən.
Qəm- qüssə görməyək hər addımbaşı,
Bəlkə uzaq olaq dərddən, kədərdən.
Qoy elə yağsın ki, bu yaz yağışı,
İnsanlar məəttəl qalsın səsinə.
Yuyub təmizləsin, olan-olmuşu,
Bəlkə qüsül verə Yer kürəsinə.
SƏNİNLƏ GÖRÜŞDÜK...
Səninlə görüşdük bir yaz axşamı,
Dodaqlar susdusa, dindi baxışlar.
Ətrafda şənlənib, cüt gəzir hamı,
Bizimçün vüsala döndü baxışlar.
Bu da belə tale, belə qismətdir,
Gör harda görürük bir-birimizi.
Başqa çarəmiz yox, bu bir fürsətdir,
Gizlicə yaşadaq pak sevgimizi.
Bir az həyəcanlı, bir az sevincli,
Yaman təsir edib sənə bu görüş.
Hamıdan xəlvəti, hamıdan gizli,
Şirin xatirəyə dönə bu görüş.
Bizim önümüzdə neçə sədd, divar,
Dayanıb, bağlayıb bütün yolları.
Bizim qarşımızda maneələr var,
Keçilməz şəriət qadağaları.
İkicə addımlıq məsafədəyik,
Dünyanın qəribə olurmuş işi.
Bundan daha yaxın gələ bilmərik,
Sən ərli qadınsan, mən evli kişi.
Artıq getməliyəm. Ürək deyir qal,
Ayağım arxamca sürünür indi.
Sakitcə durmusan, gözündə sual,
Üzündə kədər də görünür indi.
Gəl, mənim əzizim, gəl vidalaşaq,
Vüsal yazılmayıb qismətimizə.
Gizlicə bu eşqlə yanaq, alışaq,
Xəyalən son qoyaq həsrətimizə.
MAT ELƏDİ BİZİ HƏYAT
Əvvəlindən minib çapdı,
At elədi bizi həyat.
Min dərd vurdu qəlbimizə,
Çat elədi bizi həyat.
Güldürmədi bələyindən,
Keçəmmədik ələyindən.
Baş açmadıq kələyindən,
Mat elədi bizi həyat.
Boğaz saldıq kəndirinə,
Hey aldandıq min dilinə.
Yapılmadıq təndirinə,
Küt elədi bizi həyat.
Deyindikcə qarasına,
İlişdirdi qırasına.
Ac qurdların arasına,
İtələdi bizi həyat.
Bu qazanda çoxu bişdi,
Bilmədik ki,çoxbilmişdi.
Bütpərəstə çevirmişdi,
Büt elədi bizi həyat.
Mümkün işi edib müşkül,
Başımıza ələdi kül.
“Soyundurub” ana bülbül,
“Lüt”elədi bizi həyat.
BİR QIZ GƏLİN KÖÇÜR ATA EVİNDƏN
Yanında durmayıb bir dayı,əmi,
Qüssədir,kədərdir,yaxın həmdəmi.
Cehiz əvəzinə yığıb dərd-qəmi,
Bir qız gəlin köçür ata evindən.
Ata məzardadır,ana məzarda,
Qardaşsa həbsdə,çətində,darda,
Qışı xatırladan bu ilk baharda,
Bir qız gəlin köçür ata evindən.
Çəkdiyi,gördüyü ağırdan ağır,
Yanağı aşağı göz yaşı axır.
Çıxdığı bu evə ah çəkib baxır,
Bir qız gəlin köçür ata evindən.
Hıçqırıq duyulur incə səsində,
Kimsəsi yox,xeyir-dua desin də.
Elə özgələrin əhatəsində,
Bir qız gəlin köçür ata evindən.
Göstərmir təsirin,düzəlmir halı,
Hər qızın arzusu olan “Vağzalı”.
Çox-çox uzaqlara gedib xəyalı,
Bir qız gəlin köçür ata evindən.
Qəlbində min yanğı,köz tutub gedir,
Başını dik tutub,düz tutub gedir.
Bəlkə xoşbəxtliyə üz tutub gedir,
Bir qız gəlin köçür ata evindən.
DOSTLAR
Hər cürə dostları gördüm həyatda,
Var badə dostları,çörək dostları.
Xoş gündə sənlədir,çətin saatda,
Elə bil aparıb külək dostları.
Kimi nəzər tutdu,göz aldı, getdi,
Kimi vəzifəyə iz aldı,getdi.
Gün-gündən seyrəldi,azaldı,getdi,
Axırda tək qaldı ürək dostları.
Kimisi utandı öz ad-sanından,
Kiminin bir manat çıxmaz canından.
Kiminin xainlik axdı qanından.
İblis kimi gördüm mələk dostları.
Biri payız oldu,o biri qışdı,
Biri harda aşdı,o yerdə başdı.
Hərəsi başqa cür yaradılışdı,
Beləmi xəlq edib fələk,dostları?
Kimi nəfsi iti,qəlbi kir oldu,
O biri sonacan gizli,sirr oldu.
Yeyib içən anda bəbir,şir oldu,
Sonra tülkü gördüm pələng dostları.
Vətənçün yaddırsa başı,ürəyi,
Fitnə -fəsaddırsa işi,ürəyi,
Əgər daşımırsa kişi ürəyi,
Dostlar sırasından silək “dost”ları.
Üzməsin heç səni ayrılıq,nisgil,
Həyatın belə bir qaydasıdır, bil.
Özün günahkarsan,özün,ay Aqil,
Yaxşı tanıyaydın gərək dostları.
MƏNİ ÇAĞIR YUXUNA
Elə baxma maraqla,
Qəlb dəftərin varaqla,
Yalnız məni soraqla.
Gəlim gültək qoxuna,
Məni çağır yuxuna.
Sən, ey ay üzlü sənəm
Alışdım, çətin sönəm.
Könül həmdəmin mənəm
Yadı qoyma yaxına,
Məni çağır yuxuna.
Gəl unudaq kədəri,
Xoş keçirək günləri.
Qoymaram özgələri,
Əllərinə toxuna,
Məni çağır yuxuna.
Saç şəlalə, qaş kaman,
Bizə işləyir zaman.
Yaman qorxursan, yaman,
Mat qalmışam qorxuna,
Məni çağır yuxuna.
Bir bax çəkdiyim aha,
İnsafın olsun daha.
And verirəm Allaha,
Ürək açma çoxuna,
Məni çağır yuxuna.
AYRILIĞI BİLƏ-BİLƏ AYRILAQ
Vaxt yetişdi, vədə çatdı, əzizim,
Bu son gündə sevgi ilə ayrılaq.
Vüsal bitdi, hicran bizim, qəm bizim,
Ayrılığı bilə-bilə ayrılaq.
Son kəlmələr dodaqlarda donacaq,
Bir ah çəksək asimana çatacaq,
Sevgimizlə yandırmışdıq od-ocaq,
Daha yanıb, döndük külə, ayrılaq.
Bizimki də buracanmış dünyada,
Gəl, ayrılaq, ömrü verməyək bada,
Özgəsiylə xoşbəxt yaşa.Əlvida.
Danışmayaq.Elə belə ayrılaq.
Sənsiz keçəcəkdir, hər ilim, ayım,
Gül kimi qoxlayım, duztək yalayım,
Ayrılırıq, qollarımı dolayım,
Qoy, son dəfə incə belə, ayrılaq.
Günümüzü etdilər zülmət gecə,
Həsrət qaldıq bir gülüşə, sevincə,
Çox ağladıq aşkara, ya gizlicə,
İndi isə gülə-gülə ayrılaq.
ÜRƏYİMƏ DAŞ BAĞLAYIB DÖZƏCƏM
Vaxt yetişdi, çatdı ayrılıq dəmi,
Vidalaşıb getdi könül həmdəmi.
Yaxın qoymayacam amma dərd-qəmi,
Ürəyimə daş bağlayıb dözəcəm.
Kimlər qıydı, pəl vurdu sevgimizə,
Nə böhtanlar yağdırmadılar bizə?
Daha bir də gəlməməkçün üz-üzə,
Ürəyimə daş bağlayıb dözəcəm.
Qəlb ayrılmaz, ayrılsaq da biz-dedin,
Ürəkdədir, yandırdığın köz-dedin,
Qurban olum, səbirli ol, döz-dedin,
Ürəyimə daş bağlayıb dözəcəm.
Bu ayrılıq çox çətindir sənə də,
Lənət etdin yarandığın günə də,
Zülüm çəksəm, zillət çəksəm, yenə də,
Ürəyimə daş bağlayıb dözəcəm.
Yəqin belə tale yazmış Yaradan,
İl ötüşər, zaman keçər aradan.
Künc-bucaqdan lağ etsə də hər nadan,
Ürəyimə daş bağlayıb dözəcəm.