ƏGƏR
Pulları çiçəklərə çevirə
bilsəydik,
Deyərdim, xanım qız,
Mənə 10 dəstə çiçəyə
bir qadın paltosu verin.
Bu qış mənim sevgi fəslimdir.
O vaxt deyərdilər ki,
Müəllimlərin maaşı yüz dəstə çiçəkdir.
Çörək bir çiçək,
İşıq pulu bir ləçək.
Pulları çiçəklərə çevirə bilsəydik,
Sevgi azalmazdı, əsla.
PAYIZ ISTILƏRI
Axşamın istisinə,
İstidən dörd divar arasında
kabab olur ürəyim.
Gündüzlər də göy üzündən
qalaq-qalaq od tökülür
başımdakı daşlara.
İstinin özü bir sükutdur.
Lal nəzərləri
içimi didibsöküb
torpağa dartır məni.
Və torpağın hərarətindən
beynimə gələn sözləri
qaralmış vərəqlərə
köçürə bilmədim.
Sıxıldım tərləmiş fikirlərdən
qaça-qaça yol gəlirəm
Sənə doğru payız sərinliyinə..
Və uzun-uzadı nə danışım.
Bircə söz demək istədim sənə:
Sənsizsaralmış payız da
elə yay kimi yandırırmış,
sən demə...
TOP-XATIRƏ
Uşaqlıq illərində
Ev dərdi,
Maşın dərdi,
Çörək dərdi
bilməzdim.
Bütün qayğılardan da uzağıydım
Atalı,
analı uşaqlar kimi.
Öz dünyama qapılardım.
Dan yerinin sökülməsini
həsrətlə gözləyərdim.
Qızarmış üfüq günəşi top kimi atardı
göy üzünə.
Günəş uçardı rəqib qapısına
gün batana...
MƏHKƏMƏDƏ SON SÖZ
Qurban olum
söy məni
döy məni, ay vətən
bağışlama.
Gözlərin baxa--baxa o gecə
satdım səni.
Kimlərinsə yanında bir pillə
ucalmaq üçün.
Ağbirçəkli anaların ərşə qalxan
ahını,
Neçə-neçə bakirə qızların
qeyrətini
Unutdum, vətən
Ya balam, ya sən?
Mən balamı seçdim,
vətən
fikirləşmədim o gecə
Necə baxım üzünə necə, ay
vətən
bağışlama.
Yollarına qovuşmaq üçün
vaxtında
uzun-uzun yol gəlmədim.
Böyük--böyük məclislərdə
tərif dedim şəninə
Fəqət bircə dəfə yadıma
düşmədin.
İndi də
çölümdə bulud hönkürür,
İçimdə dərd göyərir...
QAR
Necə də təmizsən
Bir bakirə
Qız kimi.
Qaranlıqda ağ işıqsan
Göz oxşayan
Ay kimı,
Ulduz kimi..
Gərək yağmayaydın
bu yer üzünə.
Nə əyrisinə
nə düzünə
nə soyuğuna
nə istisinə
Bıçağın nə kütünə,
nə itisinə.
Gərək yağmayaydın
yazığ deyildinmi?
yazığın gələydi
barı özünə.
İndi üstündə bir maralın qanı
sürünür
Şərf kimi....
ŞƏKILLƏR
Keçmişimə cığır açır
şəkillər.
Bu günümdə bayrağ kimi dalğalanır
şəkillər
Sabahımda nəsillərdən--nəsillərə əmanətdir
şəkillər.
Gəlin şəkillərə başdaşı qoymayaq.
Ölmür axı
şəkillər.
yaşayır şəkillər.
Ölənlərin ruhunu
yaşadır şəkillər.
Bir şəkil çəkdirdinmi,
Arxasına beləcə də yazmaq olur,
Milyon il əvvəl
Yaşamışlar..
QOCA
Sual işarəsinə oxşayır qoca,
Sualın içində yaşayır qoca,
Yol gedir, yol gedir xatirələrə....
Sualın cavabı nəvələr gəlir,
Nidalar kimi...
Ayağını azca ləngidir qoca
Bir azca əyir belini
nəsə tapırmış kimi
Yenidən boylanır xatirələrə..
Xatirələr uzaqda deyil ki.
Əlində, üzündə qollarındadı
Onunçün torpağa o əyilir ki,
Xattirələr getdiyi yollarındadı.
Əyilir birini qaldıra bilmir,
Beləcə dolanır küçəni qoca.
Bütün xatirələr qapısı bağlı,
Açılmır ki,
Keçə qocalıqdan gəncliyə qoca,
Həyattək çırpınır küçədə qoca.
BULUDLAR DƏYIR UŞAQLARA
Ərəblər gəliblər Muğana,
Ov ovlayır, quş quşlayır..
Açılan güllələrdən,
Gülün köçü başlayır.
Hara getsin bizim quşlar,
Canında güllə gəzdirir.
Üşüyən ayaqları,
İndi də güllə qızdırır.
Hara getsin bizim quşlar,
Belə güllə görməyiblər..
Yuvaların qapısını,
Tikməyiblər, hörməyiblər..
Ərəblər gəliblər Muğana,
Güllə dəyir quşlara.
Quşlar dəyir buludlara,
Buludlar dəyir uşaqlara..
DÜŞÜR
Xəyal aləminin tənhalıq quşu,
Gah göyə dirənir, gah yerə düşür.
Qəribə qurulub dünya nizamı,
Bir sirdən çıxmamış, min sirrə düşür.
Yarpağın üstündə yazıya bax sən,
Dünyanın sirrinə yazı yaz, bax sən,
Üzümüzə gələn bu yaza bax sən,
Bir fikrə düşməmiş, min fikrə düşür...
İstədiyim şeir dilimə gəlmir,
Sözlə tor atıram felimə gəlmir.,
Gəzib axtardığım əlimə gəlmir,
Xəyalım sətirdən--sətirə düşür...
HƏYAT
Baharın ətrindən
Sərxoş olmaq üçün
İçimdən asılmış buzları
əridirəm...
Ürəkləri fəth eləmək üçün
Ürəksizlərə ürəyimi
bağışlayıram.
Özümə yaxınlaşmaq üçün
Bəzən özümdən
uzaqlaşıram..
Təzə yuxularımı yozmaq üçün
Ölmüş yuxularıma
qəbir qazıram.
Yüksək zirvələrə qalxmaq üçün
xırda təpələrə salam
verirəm...
Yüz saat sevinc görmək üçün
Bir dəqiqəyə yalvarıram...