YOLUMU GÖZLƏ
Ömrümün gül çağında
Həyətimizdə əkdiyim
Qızılgül kolu,
Məni gözlə.
Mən gələndə gülünü aç,
Dilini aç.
Əllərinə bir yad əli dəyibmi,
Əlini aç.
Darıxırsan deyəsən...
Yuxuma da girirsən.
Yanında tikan bitərmi?
Yuxularımda yanında
qanqalları, çayırları
bitən görürəm,
Saçlarında qırov,
duman, çən görürəm.
Vaxtsız düşmüş dən görürəm.
Mən səni izləyirəm,
Sən də məni izlə, yolumu gözlə.
HƏSRƏTİM
Həsərətim bükülü qalıb
İlk sevgi mektubum kimi,
Hər ikisi əzizimdi...
Bükülü həsrət,
Bükülü sevgi məktubum,
Yük olun ürəyimə,
yük olun.
Tük olun saçlarımda
Ağ tük olun.
Ömür yollarıma işıq saçın,
Dan ulduzum olun,
Asılın yaxamdan.
Yaman qorxuram,
Bükülü qalmağımdan.
YUXU
Yuxum periklənib,
qara gecənin,
qara şumun
üstündən
periklənmiş
qara sığırçınlar tək.
Yuxuma çata bilmirəm,
yuxumu tuta bilmirəm.
Elə ki, gözlərimi yumuram,
Atam girir,
Anam girir yuxuma.
Oyanıram...
Gecəyarısınadək
çıxıb çöldə
ayaq üstə dayanıram...
Yuxumu axtarıram
gecə qaranlığında.
Yuxum mənə əl vermir
yüyənsiz minik kimi.
Yuxuma deyin gəlsin
Gözlərimin işıq seliylə,
daha onu oxlamaram,
ağlamaram.
Atam özü,
Anam özü,
əbədi yuxuya dönsələr
onda necə?
Gözlərim yuxu üçün yeriklənər.
Yuxum qara gecədə
qara şumda-
qara məzarda
Qara şumun üstündən
periklənmiş qara sığırçınlar tək
əbədi periklənər.
ƏIIƏRİMƏ
Pambıq dağın
dağıdan əllərim.
Gözlərindən yaş
axıdan əllərim
qabarlarımız mübarək.
Gəl öpüm sizi bir-bir.
Suluqlanan qabarlar.
Şahım da,
varım-dövlətim də
sizsiniz,
özünüzsünüz.
Əzilməyə də,
nazilməyə də
dözmüsünüz.
...Qabaqlar ağrı tutmuşdu
ürəyimdən...
Daha ürəyim ağrımır.
Özünüzə çəkmisniz
Ağrını yəqin...
OLAR
Bir otağın dörd divarı daş ola,
Bu otaqda bir fikirli baş ola.
Bir adam ki, dərdə, qəmə tuş. ola,
Vallah adam bihuş olar, daş olar.
Bu dünyanın öd kisəsi partlasa,
Dünya özü bir baş üstə çatlasa,
Kainatın gözmuncuğu çırtlasa,
Bilirəm ki, belə dünya boş qalar.
Birinin ürəkdən gülməyi yoxsa,
Ya da həqiqətdə ölməyi yoxsa,
Hər şeydən baş açıb bilməyi yoxsa,
Eləsinin ürəyi də boş olar.
Nə qədər gec deyil ucalt səsini.
Ərit nəfəsinlə daş nəfəsini.
Hələ ki, cavansan, ey Zahid, səni,
Yaman günə salan ancaq yaş olar.