BIZIMLƏ GEDIR
Arxamca atdığın daşın,
Yarası bizimlə gedir.
Yarı böldük sevgimizi,
Parası bizimlə gedir.
Təpənin,dağın içində,
Diri yox sağın içində,
Bu boyda ağın içində,
Qarası bizimlə gedir.
Nə gəlibsə söyləmişəm,
Çox götür-qoy eyləmişəm,
Dərdimə toy eyləmişəm,
Balası bizimlə gedir.
BU GECƏ LAYLAMI ÇALMA, AY ANA!
Bu gecə laylamı çalma ay ana,
Yataram gedənim gələr,qayıdar.
Mənim yuxularım gözdən asılıb,
Yavaşca yuxumu dərər,qayıdar.
Tutub əllərindən ayağım üstə,
Yeriyə bilmişəm, qaça bilmişəm.
O şirin laylanı yuxuma qatıb,
Subhun qapısını aça bilmişəm.
Gözəl avazından, həzin səsindən,
Kövrələr, ürəyim dayana bilər.
Bu gecə laylamı calma ay ana,
Yatan körpəliyim oyana bilər.
Tək sənin gözündə uşağam hələ.
Çoxunun dayısı, əmisiyəm mən.
Ağıllı görünən dəli dünyanın,
Hərdən ağıllısı,dəlisiyəm mən.
Ayın kölgəsində görünüm deyə,
Qoşulub ulduza axdım olmadı.
Bu gecə laylamı çalma ay ana,
Bəlkə heç yatmağa vaxtım olmadı.
BU SƏHƏR DARIXAN TƏK MƏN DEYILƏM..
Bu səhər darıxan tək mən deyiləm,
Uzağa dikilən gözlər darıxır.
Qalıb arasında urəklə dilin,
Damağa əkilən sözlər darıxır.
Qocamız boğulur, qarımız susur
Abırdan doğulan arımız susur,
Yarımız düşünür, yarımız susur,
Danışa bilməyən bizlər darıxır.
Hasarlar çəkilur bağın yerinə,
Qaralar qoyulur ağın yerinə,
Zirvəsi alınmış dağın yerinə,
Təpələr darıxır,düzlər darıxır.
Əsəndə səmtini dəyişən yeləm,
Ağlasan gözünü çətin ki, siləm,
Bu səhər darıxan tək mən deyiləm,
Qızara bilməyən üzlər darıxır.
DÖYÜŞƏ GEDIRƏM, ANA!
Qarabağdan İrəvana,
Yürüşə gedirəm,ana.
Şükür olsun yaradana,
Döyüşə gedirəm, ana!
Aldılar xoş anımızı,
Çox tökdülər qanımızı,
Qurutdular canımızı,
Daha susamışam qana,
Döyüşə gedirəm, ana!
Qara gey, qara bağlama,
Gedirəm bu gün saxlama.
Şəhid olsam çox ağlama,
Oxşa məni yana-yana,
Döyüşə gedirəm, ana!
Mənə uğur dilə, gedim,
Düşüm dildən-dilə gedim.
Arxamca su çilə gedim,
Vətən adlı bir ünvana,
Döyüşə gedirəm, ana!
MƏNIMLƏ GƏLIN
Namusu,qeyrəti əsir düşənlər,
Yaddaşı ölənlər mənimlə gəlin.
Vətənin qırağı,ortası olmaz,
Yerini bilənlər, mənimlə gəlin!
Bu yolun cığırı,kolu bəllidir,
Bu yolda yağış var, dolu bəllidir.
Qorxağın,acizin yolu bəllidir,
Öldürə bilənlər, mənimlə gəlin!
İşgal Vətən adlı sözə yaraşmaz,
Əyriyə əyilmək düzə yaraşmaz.
Bu dərdlə ağlamaq bizə yaraşmaz,
Ölümə gülənlər, mənimlə gəlin!
Yadlar deməsinlər ürəyimiz yox,
Gör neçə vaxt keçib əməyimiz yox.
Bizim bizdən başqa köməyimiz yox,
Qisas gözləyənlər, mənimlə gəlin!
Görməsək gözümüz cuxura batar,
Bu gün oyanmasa əbədi yatar.
Mənim bayrağımın üstündə qan var,
Torpağı sevənlər, mənimlə gəlin!
Bir gün qaradadır, bir gun ağdadır,
Aranda gəzdiyin bəlkə dağdadır.
Təbrizin açarı Qarabağdadır,
Kişilər,ərənlər, mənimlə gəlin!
QARABAĞA BAHAR GƏLDI, DUR GEDƏK
Vətən oğlu, qoxu gəlir burnuma,
Qarabağa bahar gəldi, dur gedək.
Bir gözümdə qış dolanır hələ də,
Bir gözümə qəhər gəldi, dur gedək.
Günahı çox Vətən deyən dilimin,
Qabağını kəsənlər var selimin.
Köçkün düşən harayına elimin,
Kənd yığıldı, şəhər gəldi, dur gedək.
Öz əksimi görəmmədim quyuda,
Baxdım bəlkə qəzəbimi soyuda.
Xan Arazın bulanıqdı suyu da,
Su yerinə zəhər gəldi, dur gedək.
Dildə tamam, görünüşdə yarı yox,
Vətənsizin Vətən adlı yarı yox.
Necə ildi bağlarımın barı yox,
Qeyrətimə bəhər gəldi, dur gedək.
Günəş doğur, xeyri yoxdu yatmağın,
Ona-buna bəsdi yalan satmağın.
Əlindədir bu qatara çatmağın,
Dur, sonuncu səhər gəldi, dur gedək.