İyul ayında Siyəzən rayonunda Azərbaycan Respublikası Ədliyyə Nazirliyi və Azərbaycan Yazıçılar Birliyinin birgə təşkilatçılığı ilə istedadlı yazıçı Əlisəfa Azayevin anadan olmasının 65 illiyi münasibətilə tədbir keçirilib.
Əlisəfa Azayev ədəbi yaradıcılığa ötən əsrin 70-ci illərində başlayıb.”Yeddi il sonra” adlı ilk kitabı 1979-cu ildə “Gənclik” nəşriyyatında dərc olunduqdan sonra “Çin qızıl gülü”, “Gözlənilməz hadisə”, “Sirli qətl”, “Amansız qatil”, “Qürbət ellərdə”, “Prokuror qızı”, “Bayıl məhbusu”, “Sahildə qətl”, “Vahimə”, “Kürdəmir şəhidləri”, “Əsgər anası”, “Qürbət ellərdə”, “Qatarda hadisə”, “İstintaq sirri” kitabları işıq üzü görüb.
Tədbirdə çıxış edən Azərbaycan Yazıçılar Birliyinin Təşkilat şöbəsinin müdiri, PEN klubun Baş direktoru Elmar Şeyxzadə Ağasəfa Azayevin yaradıcılığından söz açıb, onu 65 illik yubileyi münasibətilə təbrik edib, yubilyarın PEN klubun təsis etdiyi İ.B.Qutqaşınlı mükafatına layiq görüldüyünü bildirib: “Sizin qələmə aldığınız kitablar gənc nəslin intellektual cəhətdən inkişaf etməsində və vətənpərvər ruhda yetişməsində mühüm rol oynayır. Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyevin Azərbaycanın ərazi bütövlüyünü qorumaq çağırışına səs verən gənclərin “Aprel döyüşləri”ndəki şücaəti buna sübutdur”.
Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Qeydiyyat və Notariat Baş İdarəsinin rəis müavini Mehman Sultanov çıxışında Əlisəfa Azayevi həyati, aydın süjeti, ifadəli dili ilə seçilən əsərlər müəllifi, dəyərli qələm sahibi kimi qiymətləndirərək iş fəaliyyətindən söz açıb.
Siyəzən Rayon İcra Hakimiyyətinin müavini Yafəs Əliyev yubilyarı təbrik edərək onun Siyəzən rayonunun ədəbi-ictimai həyatındakı fəaliyyəti, ədəbi yaradıcılığı haqqında iştirakçılara məlumat verib, istedadlı qələm sahibi kimi dəyərləndirib.
Əsərlərinin zəngin müşahidə və həyat materialları əsasında yazıldığını, haqq-ədalət, düzlük uğrunda mübarizə ruhu, yüksək əxlaqi keyfiyyətlər təlqin etdiyini söyləyən Xaçmaz Regional Ədliyyə Şöbəsinin rəisi Rasim Məlikov yubilyarın həm yazıçı, həm də hüquqşünas kimi fəalyyətinin təqdirəlayiq olduğunu bildirib.
Səmimi ab-havada keçən yubiley mərasimində İlqar Quliyev, Dilarə Xəlilova, Teymur Qurbanov, Zöhrab Dəmirov, Jəhya Nəzərov, Murad Kazımov, Valik Vəlimətov, Ruslan Səfərov, Ruhəngiz Kərimova, Elşən Məmmədov, Nəzakət Fətəliyeva, Gülnarə Bəşirova və başqaları çıxış edərək Əlisəfa Azayevin yaradıcılığından, insani keyfiyyətlərindən, iş fəaliyyətindən, səmimiyyətindən, dürüstlüyündən danışıblar. Çıxış edənlər hekayə və povestlərinin çoxunun məcara-dedektiv janrda yazıldığını, əsərlərində boğazdan yuxarı pafosun olmadığını, millət və vətən sevgisinin incə, lakin insanın iliyinə işləyən sözlərlə ifadə edildiyini, konfliktlərin əsasını ağır cinayətlərin açılması və həqiqətin üzə çıxarılması təşkil etdiyini, istintaq prosesinin ailə-məişət səhnələri ilə verildiyini və insan münasibətlərinin ustalıqla təsvir olunduğunu söyləyiblər, müəllifi 65 illik yubileyi münasibətilə təbrik ediblər, ona uzun ömür, can sağlığı, yaradıcılıq uğurları arzulayıblar.
Sonda Əlisəfa Azayev çıxış edərək tədbirin keçirilməsində xidməti olanlara, iştirakçılara öz minnətdarlığını bildirib.
Məlahət Qənbərova