Ağlım kəsəndən, söz – poeziya aləminə az- çox bələd olandan Rəsul Rza poeziyasının sehrindəyəm. Ahənrüba kimi bizi özünə çəkən bu incə rübablı şairin söz cazibəsindən çıxmaq çətindir.
“ Mən torpağam, məni atəş yandırmaz”, - deyən şairin poeziyasının hər misrası, hər sətri sanki atəşdən yoğrulmuşdur.
Rəsul Rzanın ilk mətbu şeiri “ Bu gün “ şeiri olub. Tiflisdə nəşr edilən “ Qığılcım” almanaxında dərc olunub. Və şairin “ Bu gün” dən başlanan poeziya yolu keşməkeşli, mübarizələrlə dolu olmuşdur.
- Mübarizə bu gün də var, yarın da,
Mən də onun ən ön sıralarında, -
Deyən şair bunu özü də etiraf etmişdir.
Şeirin, sərbəst vəznində hər şairin qisməti uğur olmur. Rəsul Rza isə fitri istedadı ilə sərbəst vəzndə əsl şedevrlər yaratmışdır.
Rəsul Rza söz ustası idi. Söz onun üçün kəsərli silah, ürəkləri fəth edən ecazkar qüvvə idi. Əsasən sərbəst vəzndə yazıb – yaratsa da, elə heca vəznində də son dərəcə uğurlu, ürəyəyatan, qəlb oxşayan, dərin məzmunlu fikirlər var:
- Sözün dolu gileydir,
Dilin nəğməli neydir.
Öldürdü nazın məni,
İnsaf da yaxşı şeydir.
İnsaf da yaxşı şeydir adlı şeirinə böyük bəstəkarımız Emin Sabitoğlu gözəl bir nəğmə bəstələmişdir. Böyük sənətkarımız, canlı əfsanəmiz, hamımızın sevimlisi dünyanın Zeynəbi Zeynəb xanım Xanlarova o nəğməni oxumuşdu. Rəsul Rza hər sözün, hər sətrin üstündə əsən şair idi. Onun üçün söz hər şeydən uca idi.
- Söz çıxıb ceyran dalına,
Həsrət qalıb bir qafiyə vüsalına,
Bəzən olub: Mən yaramın ağrısından
Pələng kimi bağırmışam...
Rəsul Rza rahat günlərin şairi deyildi.
Yaradıcılıq yolu keşməkeşli günlərdən keçmişdi. Böyük Vətən Müharibəsi başlananda o da hərbi hərbi müxbir kimi səngərlərdə, igid döyüşçülərimizin yanında olmuşdu. Bu illərdə yazılmış bir sıra vətənpərvərlik şeirləri də şair qələminin qüdrətini əks etdirir.
Böyük söz ustasının mövzu nəhayətsiz idi. Hər şeyə müdrik poetik baxış. Hər baxanın görə bilmədiyi incəlik, gözəllik, zəriflik. Ötən əsrin 60 – cı illərində şairin böyük duyğularla qələmə aldığı “ Rənglər” silsiləsinin doğurduğu əks- səda. Və bu rənglərin hər birinin şairin qəlbində yaratdığı təlatüm. Bu şeirlərin hər birini oxuduqdan sonra gözlərimiz önündə rənglərin sanki yeni dünyası açılır. Rəngləri heç vaxt solmayacaq bir dünya...
“ Qızılgül olmayaydı”, “ Bir gün də insan ömrüdür”, poemalarında başlıca mövzu insanpərvərlik ideyaları , onun təcəssümüdür. Çox sevdiyi Mikayıl Müşfiqin həyat və yaradıcılığına həsr etdiyi “ Qızıl gül olmayaydı” poeması isə Mikayıl Müşfiq xatirəsinə poetik abidədir. Yüksək şeiriyyətlə qələmə alınmış bu poema həmişə - dünən də, bu gün də maraqla oxunur.
Rəsul Rza böyük ədib Mirzə Ələkbər Sabir haqqında deyərmiş: “ Sabir əsl kişi şair idi”. Mən də yaşlı nəslin nümayəndələrindən çox eşitmişəm: Rəsul Rza kişi adam idi. Mərd, cəsarətli, sözü üzə deyən, haqqı – nahaqqa verməyən, sözübütöv, haqqı müdafiə üçün, ən son nöqtəyə qədər gedən . Sevimli şair haqqında çəkilmiş “ Çinar ömrü” adlı film var. Tanınmış rejisssor Ramiz Həsənoğlunun qururluş verdiyi bu film çox uğurlu alınıb. Çünki Rəsul Rza da Azərbaycan poeziyasının xan çinarı idi.
Böyük insanların sevgisi də, məhəbbəti də böyük olur. Həm ömür- gün yoldaşı, həm də poeziya silahdaşı, həm də poeziya silahdaşı kimi Nigar xanım Rəfibəyli onun sevgisi ölçüyəgəlməz olmuşdur. Bu nəcib hissləri duymaq üçün Anarın bir oğul məhəbbəti ilə qələmə aldığı “ Sizsiz” xatirə poevestini oxumaq kifayətdir...
Şairdən qalan hər bir söz çələngi onun ömür yolunun davamıdır. Rəsul Rza yaradıcılığının belə söz çələngləri isə saysız- hesabsızdır. Rəsul Rza təkcə böyük şair yox, həm də dramaturq, tərcüməçi , ictimai xadim kimi də tanınmışdır.
İndi Fəxri xiyabanda uyuyan şairin məzarı sənətsevərlərin ziyarətgahıdır.
Uzun illərdir ki, Azərbaycan ədəbi mühitinin ağırlıqlarını çiyinlərində daşıyan Anar Rəsul Rza və Nigar Rəfibəyli ocağının yanan gur yanan işığıdır. Belə bir ocaqdan pərvazlanıb şairmi, yazıçımı olmamaq mümkündürmü?! Anar da ədəbi mühitə qəlbinin səsi , ürəyinin hökmü ilə gəlib.
Biz gənclər Anar müəllimi bir çox sevdiyimiz və həmişə sonsuz maraqla oxuduğumuz gözəl əsərlərrin müəllifi olmaqla yanaşı, ağayana hərəkətləri, torpağa, vətənə, qəlbən bağlı bir azərbaycanlı kimi sevirik.
O, bu sevgiyə layiqdir.
Mənim Anar müəllimin yaradıcılığı barədə geniş fikir söyləməyə gücüm çatmaz. Ancaq bir oxucu kimi onun əsərlərini sevə - sevə oxumuşam. “ Ağ liman” povesti, “ Beşmərtəbəli evin altıncı mərtəbəsi”, romanı, “ Sizsiz” xatirə - povesti minlərlə oxucu kimi mənim də stolüstü kitabımdır.
Anar müəllim həm də yüksək tamaşaçı marağı qazanmış bir çox filmlərin ssenari müəllifidir.
Düz 30 ilə yaxındır ki, Azərbaycan Yazıçılar birliyinə rəhbərlik edir. Bu az qala bir insan ömrüdür.
Ümummilli liderimiz Heydər Əliyev 1998 – ci ildə 60 illlik yubileyi münasibətilə Anara ölkənin ən yüksək dövlət mükafatı olan “ İstiqlal” ordenini təqdim edərkən yazıçının son dərəcə məhsuldar yaradıcılığına çox yüksək qiymət vermişdir.
Bir sıra dövlət və beynəlxalq mükafatların sahibi olan Anar biz gənclərin əsl hamisidir. O, bu missiyanı şərəflə yerinə yetirir.
İki ildən sonra Anar müəllimin 80 yaşı tamam olacaq. Əsl müdriklik çağı 100 yaşında da görüşəndək, Anar müəllim!...
Məqaləmin sonunda Rəsul Rza müəllimə, və Anar müəllimə həsr etdiyim şeirimi də oxucularımızın nəzərinə çatdırmaq istəyirəm.
Rəsul Rza və Anar!
Biri zirvə, biri dağdı,
Bol meyvəli güllü bağdı.
Biri haqdı, bir sağdı,
Rəsul Rza və Anar!
Sözümüzün Allahıdı,
Gələcəyi, sabahıdı.
Nəzmin, nəsrin padşahıdı,
Rəsul Rza və Anar!
Tarix yazdı qələmləri!
Dillərdədi kəlamları...
Doğru yazdı olanları,
Rəsul Rza və Anar!
Yaşayacaq illər boyu,
Rzayevlər nəsli, soyu!
Yaradanın dahi payı,
Rəsul Rza və Anar!
Ulduz kimi sönməzdilər,
Zirvələrdən enməzdilər.
Amalından dönməzdilər,
Rəsul Rza və Anar!
Məkanları göylərdədi,
Kitabları əllərdədi.
Neçə ildi dillərdədi,
Rəsul Rza və Anar!
Dünya boyda hörmətləri,
Yer – göy tutmaz şöhrətləri.
Dahilikdi qismətləri –
Rəsul Rza və Anar!