QOCA DÜNYA
Qoca dünya, nə gündəsən,
kütə getmiş bir kündəsən.
Kütə getmiş kündə kimi
körpə yanır, qoca yanır
banlamamış beçə yanır,
quşlar uça-uça yanır,
İnsan qaça-qaça yanır.
Heç bilmirsən kim günahkar, kim haqlıdır.
İnsanlar kar, göz bağlıdır.
Din altında gizlənən kim,
dil altında gizlənən kim,
hər kəlməsi izlənən kim
Ölkələri çapa-çapa
insanları qapa-qapa,
sığışmırsan ipə-sapa.
Qana batmış əllərini
üz-gözünə bulaşdırma
Qardaşları qardaşlara
daraşdırma
öz başına iş açdırma.
Yanacaqsan qoca dünya,
öz-özünü danacaqsan
qoca dünya
DƏYIŞIB BAKI
Günəş gözlüyünü gözlərinə tax,
üçrəngli bayrağa yaxşı-yaxşı bax.
İgid oğulların rəşadətindən,
bu qədər göylərə yüksəlib bayraq.
Dəyişib Bakının köhnəəbası,
soyunub əynindən qədim libası.
Gənclik sürətiylə gedir irəli,
şəhərlər içində artıb ədası.
Həmişə gülərüz, həmişə şəndir,
İitəsən qocanı, cavanı dindir.
Əbədi bahardır bizim şəhərdə,
hər tərəf gül-çiçək, güllük- gülşəndir.
Sıraya düzülüb yeni binalar,
hər yeni binanın öz görkəmi var.
Şəhərə başqa bir yaraşıq verir,
yeraltı keçidlər, asma körpülər.
Bakıda sayrışan işıqlara bax,
parlayır incitək neçə min çıraq.
Üç alov dilimli möhtəşəm bina,
odlar ölkəsindən eyləyir soraq.
Eşq olsun zəkalı bizim ellərə,
eşq olsun bunları quran əllərə.
zəhmətdən yaranmış şəhərimizin,
Dastanı düşübdür bütün dillərə.
DAĞIL, DÜNYA
Yalanlarla dolu dünya,
talanlarla dolu dünya,
zülmətlərin qucağında,
qalanlarla dolu dünya
dağıl,dağıl, dağılmağın məsləhətdi.
İnsanlığı ədalətə çağıranlar,
demokratiya maskasıyla
gecə-güngüz bağıranlar,
Qan tökənlər, baş qıranlar,
görənlərin gözlərinə mil çəkənlər,
dinənlərin başı üstə turp əkənlər,
hamı bilir, doğru nədir, yalan nədir,
hamı bilir oğru nədir, talan nədir
taladığın, alovlara qaladığın o ölkələr
sənin üçün xəzinədir.
Deyirsən ki, insanların
Hüquqları tapdalanır.
Sən girdiyin ölkələrdə
qalaq-qalaq,
hər yerdə cəsəd qalanır,
bütün sərvəti talanır.
Əfqanıstan, Liviyanı
İraq, Yəmən, Suriyanı
gör nə hala gətirmisən.
Sən ağlını itirmisən?
Kimə yazaq cinayəti,
Bu vəhşəti, bu zilləti.
Hara yığaq öz yurdundan
Perik düşən bu milləti?
Bu millətin öz haqqını bilə-bilə,
axıdırsan göz yaşını gilə-gilə,
Boğdurursan qan içində gülə-gülə.
Bir heyvanı incidəndə,
bütün dünya çalxalanır.
Ay, hüququ pozulubmuş,
ay, heyvana zülm olubmuş.
İnsanlardan dəyərlidirsə heyvanı ,
neyləyirik bu dünyanı
Dağıl, dünya, dağılmağın məsləhətdir.
AZADLIQ
Yerdə hər şey qarışıq,
göy yerdən ümidlidir.
Ürəyimdə barışıq,
Ətrafım kilidlidir.
Necə qırım zənciri,
necə açım kilidi.
Babam tapmış ənciri,
dili hansı dil idi?
Bəlkə növbə mənimdir,
kim olacaq yanımda.
Tövbə, tövbə o kimdir,
qurcalanır canımda.
Allahın oğlu desəm,
çəkəcəklər çarmıxa.
Bəlkə çiy buğda yesəm,
boynumu sıxa-sıxa,
götürüb yer üzündən
atacaqlar göylərə.
Sizə söz verirəm mən,
göyləri heç bir zaman
bölmərəm bölgələrə,
bölmərəm ölkələrə,
ayrı-ayrı dillərə,
ayrı-ayrı dinlərə,
Allah birsə, dünya bir,
sevgi birdir, ağrı bir
dünyanı bölmək nədir?
Azad yaşasın insan,
Hər şey azad və asan,
Kəşf et, qazan və dolan.
AZ AŞIN, AĞRIMAZ BAŞIN
Var-dövlət insana yükdür dünyada,
ağıllı üstünə çox yük götürməz.
Ağac bar gətirsə həddən ziyadə,
Budaqlar yükünə davam gətirməz.
Ağır yük çəkənlər düz gedə bilməz,
yük onu gah sağa, gah sola çəkər.
Əyrini qəbir də düzəldə bilməz,
Əyri əl insanı min yola çəkər.
Dağın öz daşı var, çayın öz daşı.
Ovcuna sığmayan düşər əlindən.
At ilə dəvəni tutsan yanaşı,
atı dəvə yükü qırar belindən.
Nə qədər zirvəyə qalxarsa dağlar
başı heç dümandan, çəndən açılmaz.
Qalxdıqca lütlənib sırsıra bağlar
yayda da zirvəsi dondan açılmaz.
Yaşa öz ömrünü dərdsiz bəlasız
Təbrizə, az aşın, ağrımaz başın.
Yolun hamar olar, ömrün xatasız,
tox nəfsin olarsa ömür yoldaşın.
ATILMIŞ KÖRPƏ
Bir günlük harasa gedərsən guya,
uşağı buraxdın yaxın qonşuya.
Uşaq əşyadırmı, uşaq yükdürmü,
onu sənin üçün qonşu daşıya?
Haraya qaçsan da, hara getsən də,
qapanmaz açılan o yara səndə.
Narahat olarsan soyuq olanda,
donarsan azacıq xəzri əsəndə.
Nə qədər qaçsan da günahlarından,
övlad dəyərlidir dünya varından.
Özgənin gözündə günahsızlaşıb,
qurtara bilməzsən əzablarından.
Hər şeydən xəbərsiz, məsum körpəni
doğmağa kim məcbur etmişdir səni.
Baxmağa imkanın yoxdursa əgər,
bəs necə taparsan öz yeməyini.
Bu gün o körpədir, bu gün dilsizdir,
ətraf da onunçun safdır, təmizdir.
Üzləşsə həyatın sərt sınağıyla,
görəcək yaşamaq necə qəlizdir.
Onu çətinlikdən kim qoruyacaq,
onu haqsızlıqdan kim qurtaracaq,
nə yeyər, nə içər, necə böyürər,
qanayan qəlbini kimlər saracaq.
Deyək ki, daraldın, qorxdun çətindən,
sən necə qaçarsan öz cənnətindən.
Rahatca körpədən əl çəkdin, amma,
vaz keçə bilmədin məhəbbətindən?
O körpə uşağın nədir günahı,
gəlib bir gün səni tutmazmı ahı?
Səhv etdin anladıq, bəs günah nədir,
onun səndən başqa varmı pənahı?
Bu namus dərsimiz pozulub hardan,
övlad gərəksizmi namusdan, ardan.
Bizim kişilərin yoxmu günahı,
Niyə kənar qaçır bu günahlardan?
O uşaq xeyiri seçərmi şərdən,
sabah nə gözləyər o bu bəşərdən.
Qaynağı bulanıq bulaq suyundan,
hamının səhhəti düşər kəsərdən.
Bircə çürük meyvə düşsə anbara
butun meyvələrə vuracaq yara.
O sənin səhvindir, mənim səhvimdir,
Nahaqdan yaxanı çəkmə kənara.
Bir gün sıra gəlib sənə çatacaq.
Sənin də qızını kimsə atacaq,
Əgər oğlumuza dönüb baxmasaq,
Bütün bəşəriyyət bir gün batacaq.