SAĞ OL, İNSAN!
İstəmirəm
Sözünü yeyən insan görüm,
İstəmirəm
Gözünü döyən insan görüm,
İstəmirəm
Kiçiklərlə yolda keçsin
Ömrüm, günüm.
İstəyirəm
Gül-çiçəkli küçəmizdən
Yer üzünün
Gül-çiçəksiz küçəsinə
Salam verim, gül göndərim.
Nə göz yaşı, nə də hədə
Boy atmasın, ucalmasın,
Acı soğan baha isə,
Alma bağdan gec dərilsə,
Çörək süfrəyə gec gəlsə
Gileylənib öz-özünə
Heç kəs nahaq qəm etməsin.
Qatar bir az gecikəndə
Ədalətin dəfn etməsin.
Arabada yol getmək də
Qanun idi,
Təyyarədə yol getmək də,
Bu gün sabah raketlə yol gedəcəm,
Arabadan raketə nə qədər yol
Dəf etmisən.
Sən özünü dərk eləyib
Nələr, nələr kəşf etmisən,
Ucalmısan,
Böyüklüyü zərrə-zərrə,
Damla-damla qazanmısan.
Mən bunları duyan zaman
Deyirəm ki,
Sağ ol, insan!
Sağ ol, insan!
ŞƏHİD ÖMRÜ
Sən bizim inamı tunca döndərdin,
Ölməzlik tunclaşır, qranitləşir.
Kəndinə qeyrəti miras göndərdi,
Bu qeyrət yurdunda əbədiləşir.
Analar, bacılar qəhərlənibdi,
Gözlərə bir dünya qəm ələnibdi.
Hünərli oğlun qəmi, ağrısı
Bir kəndin gözündə gilələnibdi.
Yox, bu qəm yeriyib ayaq açmasın,
Düşmənin fitnəsi heçdir, hədərdir.
Vətənin yolunda ölən əsgərin
Ömrü də vətənin ömrü qədərdir.
ŞAHANƏ ŞƏHƏR
Yurd "Xəmsə"si,
Cavad xan iradəsi,
Dünyaya ədalətli şah səsi
Şahanə şəhər, Gəncə!
Düşmən üstünə yeridi,
Suyun kəsildi,
Çörəyin tükəndi.
Xanlar haraya gəlmədi,
Hərə öz başını hərlədi…
Cavad xan
Boş gördü arxanı,
Önə tək yeridi,
Yanında oğlunu gördü,
Geri çəkilmədi!
Şahanə şəhər,
Əsgərini verdi,
Şahını verdi,
Düşmənə əyilmədi!
TAĞI BABAM
Üzünü görmədiyim
Atamın atası,
Od parçası,
Qızıl qıxmığı,
Atama mülk saxlamısan,
Mal saxlamısan,
Mənə də
Qızıl kimi ad saxlamısan,
Bu adda xanlıq yox,
Bəylik yox,
Çörəklik hər şey saxlamısan.
Çörəyi iki daşın arasından
Çıxarırıq,
Yayın istisindən,
Qışın soyuğundan alırıq,
Çörəyi səndən qalan mirasla -
Halallıqla qazanırıq.
Tağı babam nəslimin bağı babam,
Kökümün tağı babam,
Ürəyimin yağı babam,
Səndən qalan oda layiq,
Ada layiq,
Sənə layiq yaşayırıq.
MƏLƏKLƏR ÖLMÜR
Xalq yazıçısı Çingiz Abdullayevə
Mələkləri öldürürlər
Ətirli güllə,
Çətirli, çətirsiz gözəllə
Mələkləri özü seçir
Qəfil güllə…
Yer üzündə mələk olmaq
Asan deyil,
Cəllad olmaq asandır,
Cəllad cəllada arxa durur,
Cəllad mələyi arxadan vurur…
Cəllad şeytan balasıdır,
Atası ayağını götürür,
Yerinə
Balası ayağını qoyur,
Oğulsan bunları doyur…
Mələk də yüz ildən bir
Ya nəzir-niyazla,
Ya da "əməliyyatla" doğulur…
Sənə qurban olum, Tanrı,
Dünyanın işləri niyə belə olur,
Qəlbinin gözü olmayan
Mələyi görmür,
Mələklər ölmür!
YURDUM
Dədə Qorqud dastanında
Bu günə ad gətirmisən,
Dədə Qorqud şeirində
Ruhuma od gətirmisən.
Torpaq itirəndə
Od da itirmisən,
Ad da itirmisən,
Yurdum!
Torpağından böyüksən,
Qızıltək balacasan,
Almaz kimi bahasan!
Sazla, sözlə qoşasan,
Sözü özündə, gözü özündə,
Qəlbi üzündə Türksən,
Yurdum!
HAMI NAĞARA ÇALSA
Hamı nağara çalsa,
Zurna üfürsə,
Toyda şeir püskürsə,
Bəs torpağı kim əksin?
Zəmini kim biçsin?
Torpaq qabardar sinəsini,
Çəkər altına,
Verər yerini bilməyənin dərsini,
Baxmaz zurnasına,
Baxmaz dəfinə,
Zamına da buraxmaz ha,
Zamına...
Dəf çalan da,
Zurna püləyən də gedər
Fələyin kamına.
Qəhətə çəkilər çörək,
Zəmi becərən zəminin havasını
Zurnaya verməsin gərək...
NEYLƏYİM?
Hər yetən dərdini mənə danışır,
Mən də dinləyirəm, canım, neyləyim?
Yanmayan ocaq da mənlə alışır,
Yanmayım neyləyim, yanım neyləyim?
Bir-iki adam da qarğayır mənə,
Sonra da oturub ağlayır mənə,
İlqarsız da ilqar bağlayır mənə,
Danmayım neyləyim, danım neyləyim?
Birinə yaxşıyam, birinə pisəm,
Pislər istəyirlər yaxşıdan küsəm,
Qızıl yox, gümüş yox, yəqin ki, misəm,
Qanmayım neyləyim, qanım neləyim.
Kortək tutduğumu buraxmıram mən,
Varlıdı, yoxsuldu, heç baxmıram mən,
Yaxşılıq edəndə düşünmürəm mən,
Qanım, qanınnan gəlir qanım, neyləyim?
"QARĞA, BİZDƏ QARPIZ VAR..."
İndi qoz bahalaşıb,
Qarğa da qoz axtarır,
Sağsağan da...
Ala qarğa,
Göydə özünü yorma,
Yerdə qarpız var,
Ancaq nə qoz,
Nə də qarpız kömək etməz,
Altı yüz il
Bu dünyada qalmağa...
BAZAR MƏNLİK DEYİL, ANA
Mənnən dana yolladın bazara,
Üç bazar sata bilmədim,
Toyuq yolladın
Aldanıb yanına döndüm.
Aldığım qaloş
Taykeş çıxdı,
Bəyəndiyim at
Yiyəsini yıxdı...
Bazar mənlik deyil, ana...