HƏRBLƏR
Bu hərb-savaş
güllərin köçündən,
güllələrin elçiliyindən
başlayar, atam.
Bu qan
axdıqca torpağın bağrından,
yaramız dərinləşər
bir ana ahında.
Sarğımız irinləyər
bir qız üzünün şırımlarında.
Kiçildikcə məmləkət,
dərdlər böyüyər.
Hər dərddə bir sevgi büdrəyər,
sevinc yıxılar.
Gözlərdə yaşlar durmaz, axar.
Köpüklənməyə bəhanə axtarar,
dərd əsiri ikən qəlblər.
Əslində, bütün hərblər
bəhanələrdən doğar,
və bəhanələrlə bitər.
MƏN BİR ƏSGƏRƏM
Mən bir əsgərəm,
silahım sevgi,
güllələrim sözdəndir.
Hər gülləm arxasında
arzular "düzlən" əmriylə düzləndi.
Önündə əyilə-əyilə
bir həyat gizləndi
hər atəşimin.
Mən bir əsgərəm,
əsgərliyim
qələbə əzmim kimi möhkəm.
Addımım irəli,
marşım -"Azərbaycan əsgəri",
bir də "Təki Vətən sağ olsun!".
Mən bir əsgərəm,
gecələr ən dərin səngərim.
İçimdəki təklik
boşa çıxmış güllələrim.
Mən bir əsgərəm,
atəş əmrini verib zaman.
Silahımı sözlə doldururam.
Qan tökmək mənlik deyil.
Əyil,
Keç öz günahının üstündən,
Mənim sevgimin altından!
ATAM
Sevgidən vurulan bəndlər-bərələr,
Nifrətdən bir anda dağılar, atam.
Bəzən dağ dibinə yatan dərələr,
Dağın sinəsinə dağ olar, atam.
Zaman rəndələyir, izləri sürtür,
Açılan izlərin üzü üz pörtür.
Hər eybin üstünü bir eyib örtür,
Hər eybin altında eyib var, atam.
Az tutub ucundan seç ucuzluğu,
Suyun göbəyində iç susuzluğu.
Yolları axsadar yolçusuzluğu,
Yolçusuz yol olmaz bu yollar, atam.
MEŞƏLƏR
Duman yorğanını çəkib üstünə,
Yatmayıb hələ bir çimir meşələr.
Rəngbərəng nəğmələr yağır dumduru,
Quşların səsində çimir meşələr.
Bir palıd qabardıb önə dik sinə,
İstəyir hər bir səs dəyə dik, sinə.
Kaş dünya yuxudan belə diksinə,
Görə necə həyat əmir meşələr.
Sumax budaq-budaq qan rəngi açır,
Baxırsan, heyrətdən üzdən qan qaçır.
Dəmirdir: Nil, Motal, Dəmirağacı,
Üzü ağac, içi dəmir meşələr.
Səhər sanki yayır duman tüstünü,
Oxşar sinəsində o dağ büstünü.
Neçə müəmmanın örtür üstünü,
Bir sirr pərdəsidir bu sirr meşələr.
BÖYÜSÜN
Çölünə daşı içini,
İçdə bütöv mən böyüsün.
Yay bütün yurda sevgini,
Hər məndə bir sən böyüsün.
Ruha nə məcburdur belə?
Vətəni bölürsüz elə.
Haralı sualı ilə
Qoymursuz nədən böyüsün?
Qarabağın bəxti qara,
Qar yağır qarı yollara.
Vətən deyən oğullara
Yol verin, Vətən böyüsün!