KİRAYƏ QALDIĞIM EVİN
Arzulardan qurdum qala,
Tələbəydim üzüyola,
Xatirəsi çıxar yola
Kirayə qaldığım evin.
Ümidlərlə qalasıydım,
Muradımı alasıydım,
Fağır kəndli balasıydım
Kirayə qaldığım evin.
Uzaqdaydı ata,ana,
Vardım taleyin qışına,
Əlim çatmaz bir daşına
Kirayə qaldığım evin.
Çoxu yoxdu, azı vardı,
Açılmamış yazı vardı,
Sevdalı bir qızı vardı
Kirayə qaldığım evin.
Ocağında qaldı közüm,
Tavanında qaldı gözüm,
Divarında qaldı sözüm
Kirayə qaldığım evin.
Bu nə işıq, nə hənirdi?
Keçmişimdən səs-səmirdi,
Xatirəsi bir ömürdü
Kirayə qaldığım evin...
ÇIXART BAŞIMDAN...
Zərif çiçəklərə xəzan tez dəyər,
Bu duman dağların qəddini əyər,
Eşidən nə deyər, bilən nə deyər?
Allah,bu sevdanı çıxart başımdan.
Gizlincə ağlayıb gözü dolacaq,
Həsrət yuvasına sakin olacaq,
Ölüncə ömrümə hakim olacaq,
Allah,bu sevdanı çıxart başımdan.
Ürəyim düz gəlmir gülər üzümlə,
Tale dəyişərmi bircə sözümlə?
Bacara bilmirəm özüm-özümlə
Allah,bu sevdanı çıxart başımdan.
Tüstüsü göylərə çatan ocağam,
Qartal qismətinə əlçatmaz dağam,
Gizlində,aşkarda ağlayacağam
Allah,bu sevdanı çıxart başımdan.
Nələr yaşamışam, nə görmüşəm mən?..
Günləri ömrümə qəm hörmüşəm mən,
Ürəyi bu eşqə borc vermişəm mən
Allah,bu sevdanı çıxart başımdan.
KİMƏ LAZIM?..
Beş günlük ömürdən doyursa arı,
Lalənin gözünü oyursa arı,
Nərgizin dərisin soyursa arı
O qatil arıdan şan kimə lazım?!
Bir gözümdə həsrət, bir gözümdə yaş,
Dərdim ürəyimdə qurubdur bardaş.
Qanım da bir işə yaramır, qardaş,
Dərdlə zəhərlənmiş qan kimə lazım?..
Bu yatmış bəxtimi oyadıram mən,
Ömürdən günlərə nə qatıram mən?..
Həyat bazarında can satıram mən,
Şairdən çıxacaq can kimə lazım?!.
QƏBRİNDƏ YATDIĞIM DOSTLAR
Məni qoyub hara getdi-
İçində batdığım dostlar,
Üşüyəndə pencəyimi
Çiyninə atdığım dostlar?..
Biri durub baxa yola,
Biri durub saçın yola,
Dərdlərini qızıl pula
İçimə satdığım dostlar.
Qışqırsam da duymadılar,
Qəbrim üstə qoymadılar-
Bir çiçəyə qıymadılar
Qəbrində yatdığım dostlar.