SÖZƏ BAXIRAM
Düşmən yerə baxar, -
Deyərdi anam,
Hamını dost bilib,
Gözə baxıram.
Elə uşaqlıqdan
sözəbaxanam,
Böyüyüb, yenə də
SÖZƏ baxıram.
GEDİM
Bu yol səsləyir məni,
Varım, çıxıb gedim mən.
Qabağımı kəsəni
Vurum, yıxıb gedim mən.
Çəkim dəli nərəni,
Keçim dağı, dərəni,
Söküm bəndi-bərəni,
Seltək axıb gedim mən.
Bil əyrimi, düzümü,
Gör sinəmdə közümü,
Pərvanətək özümü
Oda yaxıb gedim mən.
Könül ki verdin sözə,
Söz gərək dildə gəzə.
Ürəyimə tər-təzə
Sözü sıxıb gedim mən.
DEDİM
Qurd sözümə baxmadı,
İtə dedim dərdimi.
Al qanımı sümürən
Bitə dedim dərdimi.
Aradım dostu - yadı,
Sadaladım çox adı.
Arif bir şey qanmadı -
Kütə dedim dərdimi.
Kündəmi yapmadım mən,
Atımı çapmadım mən,
Tanrını tapmadım mən,
Bütə dedim dərdimi.
GETDİ
Kimdi məni dinləyən,
Sözün zamanı getdi.
Bu - əyilən, o - əyən,
Düzün zamanı getdi.
Qarışdı doğru, yalan,
Bilinmir satan, alan,
Astara düşdü talan,
Üzün zamanı getdi.
Bax, bu da bir tamaşa,
Az qalır ağıl çaşa.
Sıfır çəkilir başa,
Yüzün zamanı getdi.
DƏYİRMANÇI
Dəyirmanım boşalıb,
Hanı gəlib-gedənim?
Su quruyub, daş qalıb,
Daha üyünmür dənim.
Unlu deyil üst-başım,
Baxma quru adıma.
Təmizdir gözüm-qaşım,
Allah çatsın dadıma.
Tərs dəyirman oynatdı
Fələk mənim başımda.
Neçə qazan qaynatdı,
Gözüm qaldı aşında.
Mənə bekar deməyin,
Ömrümü üyüdürəm.
Ürəyimlə yemləyib,
Dərdimi böyüdürəm.
AZALIR
Ocağım sönür, deyəsən,
Atəşim, qorum azalır.
Dizimdə gücüm-qüvvətim,
Gözümdə nurum azalır.
Xeyirsiz illər uzanır,
Şər deyən dillər uzanır.
Yer-yerdən əllər uzanır,
Dövlətim, varım azalır.
Talayır, yetən aparır,
Yanından ötən aparır,
Hər gəlib-gedən aparır -
Bağımda barım azalır.
Varlıyam düşmən sarıdan,
Qalmayıb heç can yandıran.
Çıxırlar bir-bir aradan,
Sirdaşım, yarım azalır.
NİMDAŞ
Nimdaş paltarları geydim əynimə,
Əynim də nimdaşdır, özüm də nimdaş.
Bir cındır bədənlə baş girləyirəm,
Qaşım da nimdaşdır, gözüm də nimdaş.
Sərdim, qurumadı günə yaş ömrüm,
Əkdim, göyərmədi yenə daş ömrüm.
Nə vaxt təzələnər bu nimdaş ömrüm?
Sual da nimdaşdır, çözüm də nimdaş.
Düzlər də büdrəyir, düz dura bilmir,
Dillər dediyini yozdura bilmir,
Bir soyuq ürəyi qızdıra bilmir,
Odum da nimdaşdır, közüm də nimdaş.
Kürsülər köhnədir, postlar köhnədir,
Təriflər köhnədir, tostlar köhnədir,
Düşmənlər köhnədir, dostlar köhnədir,
Səbir də nimdaşdır, dözüm də nimdaş.
Bozarıb, sırtılıb üzü dünyanın -
Canavar dünyanın, quzu dünyanın.
Elə həminkidir sözü dünyanın,
Qələm də nimdaşdır, sözüm də nimdaş.
ÇƏKDİN
Mən səni ürəyimə,
Sən məni dara çəkdin.
Bağlayıb gözlərimi,
Bilmirəm, hara çəkdin.
Səni günəş bilmişdim,
Bu qismətə gülmüşdüm,
İsinməyə gəlmişdim,
Soyuğa, qara çəkdin.
Aldatdın dillərinlə,
Açılmaz sirlərinlə,
Ağappaq əllərinlə
Bəxtimi qara çəkdin.
Ömrümü yağmaladın,
Bir güman saxlamadın.
Yumadın, ağlamadın,
Kəfənsiz gora çəkdin.
GÜNAH
Günahın böyükdür, a Sarı Çoban,
Nəfsinə aldanıb şeytana uydun.
Gözü yaşlı qaldı doğma el-oban,
Gör Oğuz yurdunu nə günə qoydun.
Əkdiyin toxumdan, bəd əməlindən
Bir bəla göyərdi - Təpəgöz adlı.
Hamı qan ağladı onun əlindən,
Nə qədər igidin canını aldı.
Yaxşı ki, Basatı varmış bu elin,
Yoxsa bayquşlara məskən olardı.
Keçsəydi əlinə təpəgözlərin,
Dünya başdan-başa viran qalardı.
...Yenə pərilərə göz dikənlər var,
Yenə təpəgözlər doğulur hələ.
Sən bizi bu dərddən, bəladan qurtar,
Tanrım, Basatları barı bol elə.
TORPAQ
Qızdır məni, a torpaq,
Soyuqdur, nəm çəkirəm.
Mən də bir qarışqayam,
Yuvama dən çəkirəm.
Bax, hərə bir yol seçir,
Son ucu səndən keçir.
Keyfini gör kim çəkir,
Dərdini mən çəkirəm.
Üstünə tər tökmədim,
Şumlamadım, əkmədim,
Qeyrətini çəkmədim,
İtirib qəm çəkirəm.
KİRİDİM
Çox dili-dilavəri
gözü çıxan görmüşəm.
Yersiz deyilən sözü
evlər yıxan görmüşəm.
Bərk gedən tez yorular,
asta-asta yeridim.
Baxıb çoxbilmişlərə
mən də susdum, kiridim.