İKİBAŞLI ƏJDAHAYAM
Qəmlər dənizidir bu kiçik canım,
Elə bil ruhlardan yoğrulub qanım.
Qanımda nə qədər şəhid qanı var,
Tüstüsüz, alovsuz nə qədər yanım?
Bilirəm dünyaya hardan gəlmişəm,
Mən səma üzündən, nurdan gəlmişəm.
Qiyamət gününü xəbərdar edən,
İsrafil çalacaq şurdan gəlmişəm.
Dünyaya od verən Avestayam mən,
Sərvəti su kimi axar çayam mən.
İkiyə bölünüb parçalansam da,
Ölməz ikibaşlı əjdahayam mən.
Qanqanın suyundan içib gəlmişəm,
Dəclədən, Fəratdan keçib gəlmişəm.
Nəhəng səltənətlə, sərvətlərimlə
Bu gözəl məkanı seçib gəlmişəm.
Əslimə, soyuma boylan bir anlıq,
Qorquddan qalmadır mənə ozanlıq.
Koroğlu sazıyla, söhbətləriylə,
Misri qılıncıyla oldu dastanlıq.
Bütün əsrlərə meydan oxuyan,
Sözü ilmə-ilmə, söz-söz toxuyan,
Nizami, Füzuli, Əssar olmuşam,
Mənəm bu dünyanı yenə mat qoyan.
Həm şaham, həm şair Xətaiyəm mən,
Cahana sığmayan Nəsimiyəm mən,
Üzeyir, Cabbarlı, Cəlil, Sabirəm,
Xan qızı Natəvan, Məhsətiyəm mən.
Cavidəm, Müşviqəm, Xəlil Rzayam,
Ölməz Şəhriyaram, o tay, bu tayam.
Üçrəngli bayrağı göyə ucalan,
Səmanı bəzəyən ulduzam, ayam.
Daim qatlanmışam hər əziyyətə,
Dahilər vermişəm bəşəriyyətə.
Hüdud tanımayan məhəbbətimlə,
Mən qucaq açmışam hər cür millətə.
Qorxmuram tarixin məngənəsindən,
Canıma daraşan kor gənəsindən.
Ölməzlər yetirən bu məmləkətim,
Birə min yetirər hər dənəsindən.
KƏLBƏCƏR
Yazqabağı qız bənövşə dikəlib
Yenə boynun o əyirmi Kəlbəcər?
Kəhrizinə, bulağına su gəlib,
Yarana su çiləyirmi, Kəlbəcər?!
Nə xəbər var mən gəldiyim dolaydan,
Küsmüsənmi qışqırıqdan, haraydan.
Qız-gəlinlər bizə baxıb o taydan
Yolumuzu gözləyirmi, Kəlbəcər?
Şaqqalandı qızlar düşüb qayaya,
Qoyma səni şəhid ruhu danlaya.
Bəlkə bir gün o qayalar anlaya,
Bax gör onlar göyərirmi, Kəlbəcər?!
Qız gəlinin saçı kola dolanıb,
Axan qandan saf sulara bulanıb.
Çərşənbədə qızlar aya boylanıb
Bizdən kömək diləyirmi, Kəlbəcər?!
Yaşlı anam çox yeriyə bilmədi,
İt dalımca zəncirdə zingildədi.
Kiçik qızım öz xalası gildədir
Gör gözünə o dəyirmi, Kəlbəcər?!
Naxır ilə dolu idi dağ-dərə,
Toyuq-cücə tökülmüşdü çöllərə.
Sərvətimiz qaldı haram əllərə,
Kimsə bunu heç deyirmi, Kəlbəcər?
Qayandakı o qanları su yumaz,
Elə yandım, yanğım heç vaxt soyumaz.
Narahatsan, Təbrizə də uyumaz,
Söylə, yaran göynəyirmi, Kəlbəcər?
Səni dünya görməyirmi, Kəlbəcər?!
VƏTƏN
Gözümün nurusan, könlümün qoru,
Ağlımsan, fikrimsən, canım, ey Vətən.
Amanın günüdür, özünü qoru,
Donmasın damarda qanım, ey Vətən
Dərdimin əlacı, ruhumun acı,
Dincliyim, pənahım, başımın tacı.
Uzaqda göynəyir burnumun ucu,
Dünyada yeganə ünvanım, Vətən.
Atamın, babamın, ulu babamın,
Balamın, nəvəmin, bütün obamın
Yanar ocağımın, yanar sobamın
Mənim ilk – sonuncu məkanım, Vətən.
Sənə sığınmışam, sən mənə sığın,
Düşmənlə doludur bax, solun, sağın.
Sənin sağ-salamat, dimdik qalmağın
Hər zaman olubdur mizanım, Vətən
İlahi qüdrətdən yoğrulub mayan,
Qızıl məbədidir hər daşın, qayan.
Sönməz işığını dünyaya yayan,
Çox olub tarıxdə dastanım, Vətən.
Sən mənə babamdan qaldın əmanət,
Saxlaya bilmədim səni salamat.
Oğlumu, qızımı qoydum zəmanət,
Onlara qalıbdır gümanım, Vətən!
Ölsəm də arxada gözüm qalacaq,
Dağında, daşında izim qalacaq.
Bəlkə də bir neçə sözüm qalacaq,
Ey mənim şöhrətim, ad-sanım, Vətən!
ÖZ AZƏRBAYCANIN VAR
Neçə dövlət var dünyada
Adında can daşısın?
Neçə millət var həyatda
Sənin kimi yaşasın?
Torpağında od nəfəsi,
Dilində el nəğməsi.
Bir əlində "Misri" qılınc,
Birində saz həvəsi.
İldən ilə, eldən elə
Yürüyüb döndün yelə.
Tarixlərdə elat kimi
Şöhrətin düşdü dilə.
Qorqud babam "qor" götürdü
Nəsillərə ötürdü.
Torpaq vətən olsun deyə,
Xışla yeri sürdürdü.
Çöllərinə qopuzuyla
Xeyir-bərəkət verdi.
İgidlərə öz sazıyla
Hünər, cəsarət verdi.
Boy boyladı, soy soyladı
Bayramlara dad verdi.
Hünərinə əhsən deyib
Ərənlərə ad verdi.
Salur Qazan, Bamsı Beyrək
Bu yurda verdi ürək,
Göstər xatun yer üzündə
Burla, Banuçiçək tək.
Uzun Həsən cəsarətlə
Güclü dövlət yaratdı.
Qanunları hünərinə
İkiqat hünər qatdı.
Əfsanəvi şah İsmayıl,
Fateh Nadır şah Əfşar,
Sən axtarsan yer üzünü
Onlara tay harda var.
Hindistandan Dağıstana
Bir imperiya qurdular.
Tarixlərə ədalətli
Şah möhürü vurdular.
Şah Abbasdan Şah Qacara
Neçə şahlıq dəyişdi
Şah Təhmasib çox mükəmməl
Bir şah kimi yetişdi.
Müdriklərin, kamillərin
Diyarıdır bu yerlər.
Tək Nizami, tək Fizuli
Bütün dünyaya dəyər.
Sən dünyanı unudarsan
Üzeyiri dinləsən.
İstedadlar yetişdirən
Bu zəngin xalqa əhsən!
Dahiləri sıralasan
Saymaqla bitən deyil.
Sürgünlərə göndərməklə
Asmaqla itən deyil.
Möhtəşəmlik bu millətə
Ana südündən keçib.
Laylalardan, dastanlardan
Sümükdən, qandan keçib.
Can qoymuşuq bu torpağa,
Qanım hopmuş bayrağa.
Yarandan qan axa-axa,
Yenidən qalx ayağa.
Yenə göstər hünərini
Macal vermə düşmənə.
Yazdır öz hərb tarixini
Nəsillərə nümunə.
Adı Azərbaycandırsa,
Demək orda canın var.
Unutma ki, cana bağlı
Öz “Azərbaycan"ın var.