Uşaq bağçasından çıxıb, bazara gedən İlyas yaman fikirli görünürdü.
Onu düşündürən və kədərləndirən beş yaşına keçmiş oğlunun tərbiyəçi müəlliminin dediyi sözlər olmuşdu:
– Nəvəniz çox nadincdir!.. Uşaqları döyür, sözə baxmır, məndən, dayələrindən qorxmur!.. Belə getsə, onu bağçadan çıxartmalı olacağıq!..
...“Nəvə” ha?! Gorun var idi ki, kəfənin də ola?! – yol gedə-gedə fikirləşən İlyasın yaşı əllini çoxdan ötmüşdü, saçları tamam ağarmışdı. O, gənclik illərində əsgərlikdən qayıdıb, Rusiyanın ucqar şəhərlərindən birinə işləməyə getmişdi, uzun illər orada yaşamış, bircə dəfə də olsun, ailəli olmamışdı... Son zamanların gərgin siyasi hadisələri yaşıdları kimi, onu da ölkəsinə dönməyə, qeyri-qanuni yaşadığı rus qızı Svetlanadan ayrılmağa məcbur etmişdi... Qohumları onu, özü istəməsə də, Vəfa adında cavan qızla evləndirmişdilər: Sanki dəb düşmüşdü; heç bir yaşlı subay özü ilə tay-tuş olan qadınla və ya yaşı ötmüş qızla ailə qurmurdu, gərək aralarında ən azı iyirmi yaş fərq olaydı... Vəfa İlyasdan düz iyirmi bir yaş kiçik idi...
* * *
– İndi hardan gəlirsən, ay avara?.. – deyə ona yaxınlaşan qadının səsinə dönüb baxdı: Vəfanın anası idi...
Qayınanası onu elə bil qarabaqara izləyirdi, hər vasitə ilə qızından ayırmağa çalışırdı; səbəbi bu idi ki, kürəkən, onun dediyinə görə, evə qazanc gətirən kişi deyildi... Bir də ki, qadını qəzəbləndirən Vəfanın yaşlı adama ərə getməsi idi...
“Avara” sözünə görə qanı qaralsa da, İlyasa ağızucu cavab verdi:
– Bağçadan gəlirəm, bazara gedirəm...
...Qarşı tərəfdən gələn tanış adamın İlyasla görüşüb, söhbət üçün dayanması qayınananı acı sözlər deməyə qoymadı, onlardan uzaqlaşdırdı...
* * *
...Görüşdüyü adam İlyasın sinif yoldaşı Yusif idi. Məktəbi bitirəndən sonra hər ikisi eyni instituta daxil olmaq istəmiş, lakin, ayrı ayrı qəbul imtahanlarından kəsilmişdilər... Əsgərlik illərindən sonra Yusifi ata-anası evləndirmiş, İlyas isə ali təhsil almaq həvəsindən düşərək, bir də sənəd düzəltməmiş, başını götürüb Rusiyaya getmişdi...
İlyasdan uzaqlaşan qadının arxasınca baxa-baxa Yusif soruşdu:
– Bu kimdir?
– Qayınanamdı, – deyə İlyas cavab verdi.
– Sağ ol səni?! Mən heç təsəvvür etməzdim ki, sənin belə “cavan” qayınanan olar! – Yusifin dediyi eyhamlı sözlər İlyası tutdu; o da öz növbəsində kinayə ilə dilləndi:
– Neyləmək olar?! Əgər mən də tez evlənsəydim, indi sənin kimi “baba” idim! Yaxşı deyiblər: “Həyatda tez yuxudan duranla tez evlənən udur!”
İlyasın çəkdiyi məsələ Yusifin reaksiyası “aqressiv” oldu:
– Deyilən bu məsəlin bir sözü də düz deyil!!! Ümumiyyətlə, elə atalar məsəlləri var ki, mən onları qəbul etmirəm. Mən başa düşmüşəm ki, tez duranla tez evlənən heç vaxt özü üçün yaşaya bilməyib, bilmir və bilməyəcək də!!! Mən övladlarımın yükünü çəkdim, çəkdim... İndi də nəvələrimin yükünü çəkirəm! Allah qoysa, nəticələr görsəm, qorxuram, onların da qayğısına mən qalmalı olam! Nə isə... Nahar vaxtına az qalır, bazarlığı evə çatdırmalıyam... Getdim mən... Sağ ol, salamat qal.
Qayıdandan bəri bu, İlyasın Yusiflə üçüncü görüşü idi. Əvvəlki görüşlərdən sonra olduğu kimi, bu dəfə də Yusif onu heç olmasa ağızucu olsa da, evinə qonaq kimi dəvət etmədi...
* * *
Yeni il ərəfəsi olduğundan bazarda tünlük idi. İlk baxışdan adama elə gəlirdi ki, hamı bazarlıq edir, amma diqqətlə baxanda aydın görünürdü ki, məhsul satanların sayı alanların sayından çoxdur...
...Bazarda gördüyü iki “mənzərə” İlyasın qaralmış qanını durultdu; bir mənzərə onda “nostalji” hisləri oyatdı, o biri isə təbəssüm yaratdı: Meyvə-tərəvəz yığılan piştaxtanın arxasında oturub, başlarını aşağı salıb nahar edən yaşlı və cavan kişi satıcıları ona Rusiyadakı tanış bazarı xatırlatdı... O, bazarlıq edib çölə çıxanda, köhnə “Jiquli” markalı maşınından taksi kimi istifadə edən, müştəri gözləyən sürücünün zahiri görkəminə ucadan gülməkdən özünü güclə saxladı: Qırmızı sifətli, kök kişi maşının qapısını açıq qoymuşdu, oturduğu sükanın arxasında başını sinəsinə əyib mürgüləyirdi... Maşının radiosunda oxunan xalq mahnısının sözləri ilə onun görünüşündə sanki uyğunluq vardı:
“Yaralıyam; dəymə, dəymə, dəymə...ə, dəymə...ə”
Könlümün budağın əymə, əymə, əy- m ə...ə...ə...ə!”
* * *
Kirayənişin kimi yaşadıqları mənzilin qapısını qayınanası açanda İlyas pərt oldu... Evə keçəndə onun gözləri Vəfanı axtardı, ancaq görmədi... Həm “qonaq”, həm də “yataq” otağını əvəz edən tək otağın küncündə oğlu beşikdəki körpə qardaşını yatızdırmaq üçün yırğalayırdı... İlyas:
– Vəfa hanı? – deyə soruşanda elə bil qadına od vurdular!.. O, səhərdən yığılan hirsini üzə çıxardı:
– Neynirsən Vəfanı? Onsuz da gözün həmişə onun evdə olmamağına alışıb... Yaxşı işdir, vallah! Arvad işləyir, qazanc gətirir, kişi isə yeyir, içir, gəzir, kefi istəyəndə də uşaqların “qayğısına qalır!.. İndi də körpəyə görə onu evdə görməyə öyrənibsən, hə..ə..ə?! Bəs demirsən, hələ ki, arvad da işləmir, “dekret”ə göndəriblər, onda evin pulu, yemək-içmək xərciniz hardandı? Yaxşı ki, Vəfanın qeyrətli qardaşları var, anası ölməyib!..
Oğlunun yanında qayınanasının onu tənbeh etməsi İlyasın mənliyinə toxunurdu... O, bir söz demədikcə qadın səsini yüksəldərək, davam edirdi... Axırda onun sözü bu oldu:
– Hazırlaş, qayıt get gəldiyin yerə... Yəqin ki, xarici “pasport”unu göz bəbəyin kimi qoruyursan! Qızımla nəvələrimi öz yanımıza aparacam. Sən artıqsan!.. Bizə artıq adam lazım deyil!
Qətiyyətlə deyilmiş bu sözlər İlyasa zərbə kimi dəydi: Qışın soyuğunda, ahıllıq dövrünə qədəm qoyduğu vaxtında o, hara gedə bilərdi?.. Getsəydi də, kimdi onu oralarda gözləyən, himayə edən?
* * *
... Vəfa qayıdanda İlyasın divanın üstündə üzüqoylu, paltarlı uzandığını görüb oğlundan soruşdu:
– Buna nə olub? Niyə çöl paltarında uzanıb, yoxsa yenə “piyan”dı?
Beşiyin yanındakı stulda oturub, uşaq dərgisindəki şəkillərə baxan oğlu anasının suallarına cavab verməyə tələsmədi, durub mətbəx tərəfə gedə-gedə anasına “sus!” işarəsini göstərdi... Vəfa, körpəyə aldığı “pampers”ləri çarpayının altına tullayaraq, oğlunun ardınca getdi...
Mətbəxdə oğlu astadan danışmağa başladı:
– Sən gedəndən sonra nənə bizə gəldi, ata gələndə yaman hirsləndi, atayla dalaşdı, ona “çıx get!” dedi...
Nənəsinin sözlərini çatdıran uşaq əlindəki dərgini stolun üstünə tulladı:
– Ana, yaman acmışam, nə bişirəcəksən yeməyə? Ata bazarlıq edib gəlib, –deyə-deyə soyuducunun qapısını açdı.
* * *
İlyas yatmamışdı; oğlunun anasına verdiyi “hesabat”ı eşidirdi, lakin yerindən qımıldanmırdı, gözləri yumulu halda düşünürdü: “Vəfanı bu altı ildə tanıya bilmədim də! “Musiqi”dən dərs deyəsən, ancaq bu qədər duyğusuz olasan?! İndiyə qədər bilə bilmədim ki, bu qadının beynindən nələr keçir?! Ruslar deyən kimi, “ni myaso, ni rıba!”dır; yeyir, içir, yatır, ev işlərini görür, uşaqlara baxır, di gəl ki, hərəkətlərində sevgi, həyəcan, qayğı, mərhəmət... hiss olunmur!.. Bir sözlə, çox cansıxıcı adamdır...
Vəfanın sakitcə gəlib, divanın küncündə, onun ayaq tərəfində oturduğunu hiss edəndə, İlyas qalxdı, əllərini dizlərinə sürtüb bir-birinə dayaq verdi, belini əyib, başını aşağı saldı və ağızucu:
– Anan mənim getməyimi istəyir – dedi.
Vəfa laqeydliklə dilləndi:
– Bilirəm...
Bu səsdən İlyas vahimələnən kimi oldu:
– Sən də mənim getməyimi istəyirsən? – soruşdu.
Vəfa susurdu, heç nə demirdi, İlyas ona baxanda çiyinlərini çəkdi, yəni “bilmirəm”...
Birdən İlyas özünü bu evdə, həqiqətən də, kənar-artıq adam kimi hiss etdi, tez ayağa durub otaqdan çıxdı.
* * *
İlyas çox götür-qoy etdi, qayınanası ilə dil tapıb barışmaq, qış aylarında ailəsinin yanında qalmaq istədi, amma mümkün olmadı: Onun səsini telefonda eşidəndə, arvad “dəli” oldu, bərkdən çığırdı:
– Sən hələ buralardasan?! Mən sözü bir dəfə deyirəm. Telefon susdu...
İlyas özündən çıxdı, hikkə ilə qapıya təpik vurub dedi: “Tüpürüm hər şeyə. Nə yalvarıram ey bu ifritəyə. Gərəkdi çıxıb gedim bu xarabadan. Nə olar, olar.
Evdə heç kim yox idi: Vəfa uşaqları anası gilə aparmışdı... Onlar qayıdana kimi İlyas yol tədarükünü gördü; sənədlərini yoxladı, paltarla dolu iri çantanın ağzını güclə bağladı... Pul qabına baxanda isə qanı qaraldı; qəpik quruşu qalmışdı... Əvvəlcə o, tanışlardan borc almaq istədi, lakin sonra nə düşündüsə, fikrini dəyişdi, Vəfaya zəng vurdu... Cib telefonundan yuxulu səs eşidildi:
- Alo, kimdir?
- Mənəm, ərin. Anana denən ki, mənim tez çıxıb getməyimi istəyirsə, yol və xərcliyim üçün pul göndərsin. Yoxsa onun arzusu gözündə qala bilər! – deyib, İlyas telefonu söndürdü.
* * *
Bir saata yaxın olardı ki, İlyas aynabənddə oturub siqareti siqaret ə calayırdı ... Zəng səsi eşidiləndə, o durub evə keçdi, çöl qapısını açdı.
Vəfa anasının “əmanəti”ni İlyasa verdi, körpəni oğlunun qucağına qoydu ki, içəri aparsın, özü isə çəkmələrini çıxarmaq üçün dəhlizdəki balaca kətildə oturdu...
İlyas pulları saydı, ürəyində haqq-hesab apardı və gördü ki, təyyarə pulunu çıxsa, orada başını “girləmək” üçün cəmi bir aylıq xərcliyi qalır...
* * *
Puluna qənaət etmək üçün, o, aeroporta avtobusla getməyi qərara aldı; heç bilmirdi ki, alacağı bilet hansı günə təsadüf edəcək...
Avtobusdakı sərnişinlər sürücünün hərəkətindən narazı qalaraq, başlarını yelləyirdilər: Sürücü sol əlindəki mobil telefonu qulağına tutub danışır, avtobusu sağ əllə idarə edirdi...Ona görə də avtobus həm ləng, həm də sağa-sola əyilə-əyilə gedirdi... Öz aralarında deyinsələr də, elə bil sərnişinlər sürücülərin maşınları belə təhlükəli vəziyyətdə idarə etməsinə alışmışdılar...
İlyas başını avtobusun pəncərəsinin şüşəsinə söykəyib, çölə baxa-baxa fikrə getmişdi... Aeroporta çatmağa az qalırdı, ancaq ona elə gəlirdi ki, bir sutkadır yol gedir... Cib telefonuna gələn zəng onu diksindirdi... Vəfanın telefonda həyəcanla və aramsız, təkrarladığı sözlərindən o çaşdı:
– İlyas, tez evə qayıt... Tez, tez, tez...
...Səs kəsildi...
* * *
...İlyas gedəndən sonra günlərlə yığılmış kirli paltarları yumaq üçün, Vəfa “kolonka”nı yandırdı; su qızandan sonra qollarını çirmələyib işə başladı...
...Dəmir vedrəyə yığdığı sıxılmış paltarları sərmək üçün aynabəndə tərəf gedəndə Vəfa otaqda oğlunun rəngli “plastmas kubik”lərlə oynadığını gördü; beşiyi boş görəndə isə təəccüblə soruşdu:
– Uşaq hanı?!
Oğlan, oyunundan ayrılmadan cavab verdi:
– Aynadan atdım, getdi.
Vəfa eşitdiyinə inanmadı:
– Nə dedi...i..nn?! – deyərək, bağırdı...
Oğlu səksəndi, anasının üzünə baxdı və incik səslə dilləndi:
– Qaqaş ağlayanda sən həmişə deyirdin: “Kəs səsini, ağlama, yoxsa səni aynadan ataram ha!” Sən paltar yuyanda çağa ağlamağa başladı, nə qədər yırğaladım, kirimirdi, məni oynamağa qoymurdu... Sən deyirdin, onu atmırdın,.. mən götürüb atdım...
...Az qaldı ki, Vəfanın ürəyi dayansın...
Özünü güclə ələ alan ananın ağlına gələn ilk fikir ərinə zəng etmək oldu...
* * *
...Aynabəndin pəncərəsinin bir tayı açıq qalmışdı... Görəcəyi müdhiş mənzərəni gözləri önünə gətirərək, Vəfa aşağı boylandı.., yerdə heçnə görmədi: “Aman, Allah! Uşaq necə oldu?!” – deyərək, inildəyəndə qığıltı səsləri eşitdi; diqqətlə baxanda, aşağı mərtəbədəki qonşunun sərdiyi, küləyin vurub araladığı ağ yorğan “çexol”unun içində yun adyalla bələnmiş körpəsini gördü...
O, evə çatanda, körpəni xilas etmişdilər: Nə yaxşı ki, qonşunun gəlini evdə olub, “çexol” yaş olmayıb, Vəfa tez xəbər tutub; İlyas gələnə qədər, köməkləşib “çexol”u, körpə ilə bir yerdə, ehtiyatla asılqandan götürə biliblər...
Vəfa, işin nə yerdə olduğunu bilməyən ərinin boynuna sarılıb hönkür-hönkür ağlayanda, soyuqqanlı səs eşitdi:
– Nə olub? Niyə ağlayırsan? – deyə, İlyas soruşdu.
* * *
...Baş verən hadisənin reallığına inanmağı gəlməyən İlyas, qış ayaqqabılarını çıxardıb, dəhlizdən otağa keçdi. Onu ən çox təəccübləndirən Vəfanın halı idi: Tanıdığı gündən bu ana qədər ilk dəfə idi ki, onu belə həyəcanlı, ağlayan – kövrək ürək sahibi kimi görürdü...
...Anasının hönkürtüsündən qorxmuş oğlu divanın bir küncündə qısılıb oturmuşdu; həmin anlarda onun üzündən keylik yağırdı...
Vəfa İlyasın böyründən nədənsə əl çəkmək istəmirdi; başına gələnləri danışıb qurtarandan sonra sanki ürəyindəkiləri də səmimiliklə bəyan edib, deyirdi:
– ...İlyas, sən getmə, qal! Anam çox da ki, səni qovmaq istəyir! Belə görürəm ki, o, heç məni düşünmür də! Mən sənsiz, iki uşağı necə böyüdə bilərəm?! Oğlan uşaqlarına ata zəhmi, ciddi nəzarət lazımdı... Mən onlarla təkbaşına, gələcəkdə yola gedə bilmərəm...Onlar mənim – sözümü eşitməzlər...
İlyas bir neçə gün öncə üzüqoylu uzandığı divanda – oğlunun yanında oturdu, bir xeyli xəyala daldı, sonra durub beşiyə tərəf getdi.
Beşikdə mışıl-mışıl yatan, dünyadan xəbəri olmayan çağa yuxuda gülümsəyirdi. İlyas onu diqqətlə nəzərdən keçirməyə başladı... Birdən ona elə gəldi ki, beşikdə yatan onun körpə cildinə girmiş “xilaskar”ıdı.
Mingəçevir