Küncə qoyulmuşam sanki...
Uşaqtək...üzü divara...
Dönmək olmaz...bu dünyaya...
cəzalıyam...
yazmalıyam...günahımı...
suçumu... cızıb divara...
səssiz-səssiz çəkməliyəm...
rəsmimi... qazıb divara...
Divar...sən saxla yadında...
biri vardım ...biri yoxdum...
üzün üzümə duranda...
diri vardım...diri yoxdum...
Səssiz divar...sözsüz divar...
Divar... nə üzlər uddun sən...
həyəcanlar...göz yaşları...
peşmanlıqlar...ittihamlar...
vaxtı çatmamış qərarlar...
doğulub-ölən hökmlər...
susub...nə sözlər uddun sən...
çoxunu da unutdun sən...
Səssiz divar...sözsüz divar...
görmədin sən...gözsüz divar...
uçuqların gözlərimə girdiyini...
görmədin sən...
vaxtın necə
mənə acıq verdiyini...
bilmədin sən...
qabağında
necə naçar...əlacsızam...
dərd içmişəm zəhər kimi
davasızam... ilacsızam...
Yazıq divar...
səni mənə sədd çəkdilər...
hədd qoydular qabağıma...
səni mənə şərt qoydular...
döndün mənim qadağama...
sən mənimlə öz aramda
sərhəd oldun...çəpər oldun...
öz cismimlə öz ruhuma
hasar oldun...sipər oldun...
Yazıq divar... bilmədin ki...
daş olacam...
susmağımla...gözlərində
bircə damcı yaş olacam...
bilmədin ki...puç olacam...
yox olacam...qeyb olacam...
bilmədin ki...məhv olacam...
qalmayacam...
Ahım güclü...ruhum güclü...
haqqım güclü...
divarların qabağında
durmayacam...
yıxılsam da...dağılsam da...
yox olsam da...
divar dibi olmayacam...
Divar...
yadda saxla bunu...
biri vardım...biri yoxdum...
ölməmişdim...dəfn olanda...
diri vardım...diri yoxdum...
BIR AZ UYUYUM SƏNƏ....
İslandım ...göz yaşıma...
Üşüdüm... yağışıma...
Çəkilib yaddaşıma...
bir az ...uyuyum sənə...
Lay-layım ol...yuxum ol...
Röyam...ətrim...qoxum ol...
gecə kimi... duyğum ol...
bir az...uyuyum sənə...
Ulduzlar ətək-ətək...
Göylər sirli bir ürək...
həzin-həzin ...nəğmətək...
bir az ...uyuyum sənə...
Ən doğma adam kimi...
ölməmiş atam kimi...
darıxan anam kimi...
bir az ...uyuyum sənə...
Quştək...qonum ağaca...
nə qapı.. nə də baca...
ömür kimi... astaca...
bir az...uyuyum sənə....
NIYƏ VAXTINDA ÖLMƏDIN...
Niyə vaxtında ölmədin...
niyə qaldın sabahlara...
hər gələn gün - ölən günün...
hər ölən gün -toy-düyünün...
niyə qaldın sabahlara...?
Niyə çıxdın ac yollara...
ayağını yedi yollar...
barmağını..dırnağını
qopuq-qopuq diddi yollar...
Niyə vaxtında ölmədin...
sevə-sevə ağlardılar...
göz yaşların tökülməzdi...
boşqabına... qazanına...
göz yaşların qarışmazdı...
duz kimi soyuq çayına...
yeməzdin... öz göz yaşını...
içməzdin...öz göz yaşını...
bilməzdin heç tamını da...
duymazdın heç dadını da...
Niyə vaxtında ölmədin....
Ürəyin bütöv qalardı...
qəlbin köksündə olardı...
sınıb tökülməzdi yerə...
gözün dikilməzdi yerə...
niyə vaxtında ölmədin?
Baxtın küsüb -inciməzdi...
vaxtın keçib - gecikməzdi...
sevə-sevə ...ağlardılar...
dəfninə yas saxlardılar...
niyə vaxtında ölmədin...?
Əskilməzdin... kiçilməzdin...
ölçülməzdin... biçilməzdin...
seçilməzdin... keçilməzdin...
niyə vaxtını ...bilmədin...
niyə vaxtında ölmədin..?
YERDƏ YAŞAMAQ OLMUR...
Vaxtsız da... yaşamaq olur...
Baxtsız da yaşamaq olur...
bir əllə...
bir ayaqla...
daş da daşımaq olur...
bir nəfəslik...udumluq...
ahı - daşımaq olmur...
Yad ilə uğraşmaq olur...
Yağıyla savaşmaq olur..
yeri gəlsə...
düşmənlə də...
vaxt keçir...
barışmaq olur...
yalanla... saxtalıqla...
heç cür...
barışmaq olmur...
Qana bulaşmaq olur...
ən uca zirvəyə də...
dağa ulaşmaq olur...
bir el ilə qaynayıb...
evə qarışmaq olur...
ürəkdisə...qəlbdisə ...
eşqə - qarışmaq olmur...
Qəsdi - bağışlamaq olur...
zülmü -bağışlamaq olur..
qiybəti...hirsi...nifrəti...
kini - bağışlamaq olur...
Dost əlilə-
xəyanəti ...
heç vaxt -
bağışlamaq olmur...
Sirtək yaşamaq olur...
Söztək yaşamaq olur...
Yalqız...tənha ...kimsəsiz...
dərdtək - yaşamaq olur...
Göy üzündə döğulub-
yerdə...
yaşamaq olmur....
OLMAMIŞ KIMI...
Keçib gedəcək bu gün də...
Bu gecə də olmayacaq...
Qum üstündə... su üstündə...
Bir ləpir də qalmayacaq...
İtəcək qəlb ağrısı da...
Ayrılığın yoxluğunda...
Yer tapmayacaq düşməyə...
Göz yaşının sıxlığı da...
Səsin gəlib çatmayacaq...
Süküt olub dağılacaq...
Görmədiyin sıxıntılar...
Gözlərinə yığılacaq...
Asılacaq ürəyindən...
Cəza kimi...qıfıl kimi...
Boğazına tıxılacaq...
Xatirələr...bir ah kimi...
Açılacaq yaddaşında...
Solanlar...solmamış kimi...
Sənə - xitam veriləcək ...
Olanlar... olmamış kimi...
* * *
Get...hələ gedən yerin var...
Qabağına duran yoxdu...
Fələyin haqq-hesabını...
Hələ...səndən soran yoxdu...
Çıxmayıb hələ qarşına...
Baş keçməyən daş divarlar...
Qoşun çəkməyib üstünə...
Daş keçməyən baş divarlar...
Ayağına dolanmayıb...
Getdiyin yolun kələfi...
Hələ yuxuna girməyib...
Dünyanın ölü tərəfi...
Acıların kor tüstüsü
Boğulmayıb nəfəsində...
Tanımırsan namərdliyi...
Necə dinir...mərd səsində...
Bilmirsən vaxtı hələ ki...
Gah başda...gah sonda olur...
Gah səndən əvvəl doğulur..
Gah da səndən sonra ölür...
* * *
Hər şey - vaxtın güzgüsündə...
Nöqtə - vergülünə qədər...
Özünü görmək istəsən...
Gözlə...ölümünə qədər...
Görünür qəlb düyünlərin...
Göz yaşının düzümündə...
Günlərin sayı azalır...
Həsrətlərin dözümündə...
Axıb gedən yağmurların
Duyğuları üst-başında...
Kim bilir, necə qalmısan...
Odun, suyun yaddaşında..?
Ömrün alış-verişində
Baxtın da işi həll olar...
Səni sevib-sevmədiyi
Qismətində bəlli olar...
Yığdığın umu- küsünü...
Atıb ...bir yolluq gedərsən...
Haqlı-haqsız...öz yerini...
Itirəndə... dərk edərsən...
MƏndƏdir...
Olmadığım vaxtların da
Ağrı - acısı məndədir...
Ömrün çarəsi - səbirdə ...
Haqqın yazısı - məndədir...
Ruhunu darda unudub...
Hər kəs gedib taxt dalınca...
Atdan dırnaq...quşdan qanad...
Alıb ...uçub ...baxt dalınca...
Hər kəs bir ümid ovçusu...
Nəfsin ovsunu dilində...
Yer ayrılır...göy ayrılır...
Tüstüsü qalır əlində...
Unudulan duyğuların
Gözü yolda qalıb naçar...
Baxt bağlayan qapıları...
Hansı könül gəlib açar...?
Qarşıda bir vaxt körpüsü...
Geci-tezi mənimlədir...
Gəlimləri-gedimləri...
Gözləntisi mənimlədir...
Mən bilirəm ağrıları...
Nələr duyur...nələr çəkir...
İslanmışdan...paslanmışdan...
Oxlanmışdan nələr çəkir...
Mən bilirəm yalqızlığı...
Necə yeyir göz yaşını...
Dərdlə göz-gözə gələndə...
Necə itirir başını...
Mən bilirəm bu dünyanın
Eşqi kimin əynindədir...
Ağlı-başı haralarda,
Daşı kimin çiynindədir...
Doğulmayan...görünməyən
Dərdlərin kökü məndədir ...
Bu dünyanın sehri -sözü...
Çəkilməz yükü məndədir...
MƏn getdiyim ayrılıqlar...
Mən getdiyim ayrılıqlar...
yol deyil...
dönüb qayıdam...
yuxu deyil... göz yaşımı...
səsləyib... dərddən oyadam...
Düşdüyüm bir dərin quyu...
Çeşməsi...gözü quruyub...
Dibindən o yana gedən...
Ölümün üzü qarıyıb...
Nə qapısı...nə bacası...
Löhəsi sirlə yazılıb...
Girdiyim div qalaçası...
Bəxtim saçından asılıb...
Bir cadugər libasında
Çıxdı qarşıma...kahalar...
Çəkdi kamına canımı...
Yeddibaşlı əjdahalar...
Getdiyim...nağıl deyil ki...
Qırx düyünü sehrə salam...
Düşdüyüm dərin quyudan
Bir tilsim ilə qurtulam...
Mən çəkdiyim iztirablar...
Ömrün ahında döyünür...
Hər ağrısı... hər acısı...
Vaxtın fəryadına dönür...
Açdığım...qapı deyil ki...
Örtülü qəlb yarasıdır...
Üstümə qan ilə gələn...
Könlümün ...öz yarısıdır...