Qış imtahanlarını başa vurub axşam qatarı ilə evimizə yollandım. Anam üçün, ov üçün yaman darıxmışdım. Evə çatanda səhər hələ təzə açılmışdı. Məhəllələrdə mal-qara mələməsi, hinduşka səsi gəlirdi. Darvazadan içəri girib dayandım. Anam həyətdə idi. Bir əli ilə ətəyindəki dəndən toyuqlara səpirdi. Pəyəmizin qapısı açıq idi. Yəqin əmim mallarımızın axurunu təmizləyirdi.
Arxadan ehtiyatla yaxınlaşıb anamı qucaqladım. O saat mənim gəldiyimi hiss edib ətəyini buraxdı və dənin hamısı ayağının altına töküldü. Toyuq-cücənin qığıltısı bir-birinə qarışdı. Boynuma sarılıb üz-gözümdən opdü. Sevincdən gözləri yaşarmışdı. Eyvana qalxıb içəri girdim. Qardaşlarım hələ durmamışdılar. Onları oyatmayıb təzədən həyətə çıxdım. Gecədən yağan qar əməlli oturmuşdu. Mən qarın üstündə gəzməyi yaman sevənəm. Əsil ov havası idi. Bir az bağımızda gəzib döndüm evə. Anam artıq mənim gəldiyimi əmimə demişdi. Gördüm əmim əlində yaba pəyədən çıxıb üstümə gəlir. İrəli yeriyib onunla da görüşdüm. Hal-əhval tutub kefini soruşdum. Balaca qardaşım oyanıb durmuşdu. İndi o, eyvanın qırağına qoyduğum çantanı tapıb eşələyirdi.
Anam çay hazırlayana kimi ov sursatımı çıxarıb tökdüm ortaya. Tüfəngimi silib təmizlədim. Bakıdan aldığım barıt-qırma ilə təzə patronlar doldurdum. İşimi qurtarıb çıxdım bayıra. Anam əlində südlə dolu sərnic pəyənin ağzında dayanıb əmimə nəsə deyirdi. Mən araya girdim:
- Ana, İsmayıl buralara gəlib-getmir ki?
İsmayıl mənim ovçu yoldaşım, yaxın dostum idi. Gözəl ovçuluğu, qiyamət yoldaşlığı vardı. Biz həmişə ova onunla birlikdə gedərdik. Atdığı güllənin biri də boşa çıxmazdı.
Anam əlindəki sərnici gətirib eyvana qoydu.
- Ay bala - dedi - İsmayıl bir həftədir ki, yaman xəstələnib, yatır.
- Nə olub ki?
- Bilmirik, deyəsən bərk soyuqlayıb. Əmin yanına getmişdi. Deyir dodağı-başı betər uçuqlayıbdı.
Daha dinmədim. İçəri girib yatan qardaşlarımı oyatdım. Bir azdan əmim də malı naxıra qatıb məhləyə qayıtdı. Artıq səhər süfrəmiz hazır idi. Tələsik süd doğraması eləyib yedim və İsmayılgilə getdim.
İsmayıl bizdən xeyli aralıda olurdu. Kəndin lap kənarında təzə ev tikdirmişdi. Uşaqları həyətdə idilər. Əhvallaşıb İsmayılı soruşdum. Dedilər içəridə yatır. Məni o yatan otağa apardılar. Gördüm ki, doğrudan da İsmayıl taxtın üstündə əməlli-başlı yer saldırıb uzanıbdır. Məni görcək yaman sevindi. Dikəlib yastığa dirsəkləndi. Həmişə qızartısı uzaqdan seçilən sifəti saralmış, alnı tuluqlayıb şişmişdi. Elə bil hardasa möhkəm bir qəzaya düşmüşdü. Diqqətlə üz-gözünə baxdım:
- Ay İsmayıl, olmasın azar, sənə nə olub belə?
İsmayıl çox sağlam adam idi. Hələ onun xəstələndiyini eşitməmişdim. Hündür boylu, isti-soyuğa dözümlü, pəhləvan cüssəli İsmayıl kəndimizin qoçaqlarından idi.
O, bir siqaret yandırıb aldı damağına. Uşaqlara işarə etdi ki bayıra çıxsınlar. Evdəkilər xasiyyətini bilirlərmiş. Tez çölə çıxıb qapını bağladılar. Qaldıq ikimiz. Hiss etdim ki, İsmayıl mənə nəsə böyük bir sirr açmaq istəyir. Dinməyib gözlədim. Gecdən-gec o dilləndi:
- Başıma elə bir oyun gəlib ki, danışsam, inanmazsan.
- Danış sən Allah, de görüm nə olub?
O siqaretini tüstülədə-tüstülədə başına gələnləri danışdı.
- Bax, səndən başqa bunu heç kimə deməmişəm, düzü, utanıram, qadan alım, bu iş ikimizin aramızda qalmalıdır ha!