XƏRİTƏ
Üzü dərdin, qəmin xəritəsidi,
qırışlar hərəsi iri bir ölkə.
Gəzirəm üzünün qırışlarını,
deyirəm, gəzməyə dəyməz heç bəlkə?!
Gözləri adadı, yaşıl bir ada,
yaşılı qurudu, ağı tamam su.
Onun gözlərində yaşamaq mənə
indi bir əlçatmaz arzudu, arzu.
Dikilib sükutun gözləri yerə,
gəl indi onun da damarını tut.
Bəlkə mən bilmirdim, bu yer üzündə
insan şəklindəymiş ən böyük sükut?!
Onun gözlərində, onun üzündə
eh, neçə dənizin fırtınası var.
Onun ürəyinin sərhədlərini
insan yox, tanısa, bir O tanıyar.
Gəzirəm, gəzirəm bu xəritəni,
barmağım elə bil daşa toxunur,
Bilmirəm nə günah sahibiyəm ki,
əlim daşdan axan yaşa toxunur.
Ya bu xəritədi daşlaşan mənsiz,
ya mən daşlaşmışam, daşa dönmüşəm.
Ya da elə bir vaxt ata dediyim
o daşın gözündə yaşa dönmüşəm?!
Asmışam gözümdən bu xəritəni,
bəlkə bir qırışı məni də öyə.
Başıma dəyəydi bu şairliyim,
düşməyəcəkdimsə bu xəritəyə!..
OĞRU
Gecə-seyfdi...
Qaranlıq düşər-düşməz
bərk-bərk kilidlənər
qapılar gecəyə.
Kilidləndikcə qapılar
böyüyər, artar qapı açmaq istəyim.
Bu həm də bir zövq məsələsi...
Yanındaymış kimi
duyaram
ağ, bir öpücükdən qırıla biləcək
nazik dərili əllərinin
saçlarında gəzintisini.
Pəncərənin bu üzündə
şər qarışar,
gecə düşər,
o üzündə
kürəyini sənə söykəmiş
bir erkəklə barışar
tənhalığın.
O üzdə
gülümsəyərkən kölgənə
gecə lampası,
bu üzdə
siqaretimdən düşən köz kimi
deşər səmanın köynəyini
ulduzlar;
Duaların yağdığı,
küləklərin diksindiyi yerdə
titrəyər, əsər əllərim, ayaqlarım.
Toxunduqca saçlarıma, kürəyimə
İtirdiklərimin nəfəsi,
sönər, səngiyər qapı açmaq həvəsim.
Təngiyə-təngiyə nəfəsim
yüyürərəm üzü səhərə.
Nə yaxşı ki,
polislər doluşmamış şəhərə,
bir qarı
süpürər, yığar
ayaq izlərimi küçələrdən...
TƏNHALIĞIN TƏRİFİ
Narahatsan, həm də çox narahat.
Düşünürsən,
hər şeydən üzülüb əlin.
Bir az dərin düşünsən,
əllərin, ayaqların yoxdu
elə biləcəksən.
Sən çoxluğun tərəfində
olmaq istəyənlərdən biri.
Yəqin yoxdu xəbərin,
ən böyük çoxluq
ən böyük tənhalıqdı elə...
* * *
Hər şeyi sənə buraxaraq
iki üzlü gödəkçə kimi çevirib,
o biri üzünü geyinib ömrümün
çıxdım ürəyindən.
İndi XX əsrdi
nə bir gül açımında,
nə bir yarpaq tökümündə
aşkarlaya bilmir
barmaq izlərimi polislər...
* * *
Külək əsərsə,
demək, nəsə bilir dəniz.
Yağış yağarsa, iş buludlarda.
Dəniz coşarsa, sirr bir başqa.
İldırımın çaxması,
günəşin yandırıb-yaxması
bir ayrı məsələ…
Düşünərsən,
axı niyə
ağaclar bar verərkən
başını torpağa əyər,
bir cavab gəlməz ələ.
Hətta təsəllin olmaz atalar misalı...
Düşündüklərin dərd olar sənə.
Unudarsan özünü,
unudarsan kim olduğunu,
Səni yatmağa qoymaz
gecə yarı evinin damması,
küləyin
sınıq pəncərədən otağına dolub
havalanması.
Ətini ürpədər
ildırımın qəfil çaxması.
Bir anın içində acizləşərsən,
kiçilərsən
böyüklüyünün önündə -
hiss etmədən böyüklüyünü.
Düşünərsən,
bu dünya qaçılmaz ,
çıxılmaz bir dərd.
Ağlına belə gəlməz
böyüklüyü, aliliyi dərdin.
Sahib çıxmaq,
yiyə durmaq istəməzsən
dərd bildiyin,
dərd dediyin dərdinə.
Şübhəylə yanaşarsan kimliyinə.
Sanmazsan,
anlamazsan,
fərqinə varmazsan,
əslində,
dərd-
kimsəyə söyləyə bildiklərimiz deyil,
kimsəyə deyə,
söyləyə bilmədiklərimizdi elə.
Hər şey çox adi,
bəlkə də yox.
Amma düşündüyün qədər
mürəkkəb də deyil.
Necə ki sən,
mən də sıradan biri.
Eynən sənin kimi,
təbiətin bir parçasıyam mən də,
təbiət bir parçamdı mənim.
Ürək-
kainatın sevgi möhürüdü sinəmdə.
Və hər şey başlayır məndən.
Necə ki
bar gətirərkən
ağaclar başını torpağa əyər,
eləcə mən də,
mən də yaşlandıqca
köksümə əyilər qəddim.
Və bu dərd olmaz mənə,
səninlə paylaşa bildiyim üçün.
ÇƏKƏ-ÇƏKƏ
Nə yaman böyüyür bu dərdin boyu,-
elə hey uzanır dərd, çəkə-çəkə.
Bu göz yaşlarımla yuyub aparır
ömrümü, ömrümə bənd çəkə-çəkə.
Nə olsun altında Göy ulduzlanır,
İlahi, sənə də ürəyim yanır;
Qələminin ucu donur, buzlanır,
qışın şaxtasını sərt çəkə-çəkə.
Bir cüt qara hörük sökdükcə danı,
De, səni mənimtək anlayan hanı?
Ürəyin sinəmdə yaman atdanır,
bir gözəl gözünə xətt çəkə-çəkə.
AD GÜNÜMÜN ŞEİRİ
Gördün, ötdü gələn sel-
bir il də belə keçdi.
Uzandı-çatmadı əl,
bir il də belə keçdi.
Baxdım gözüm ucuyla,
Gözüm doldu acıyla,
Qardaş köçdü... bacıyla
bir il də belə keçdi.
Od saldım qucaq-qucaq,
Alışmadı bu ocaq,
İki qızımdan uzaq
bir il də belə keçdi.
Çox incidim, barışdım,
Axır sözə alışdım,
Başım Sözə qarışdı,
Bir il də belə keçdi...
ÇARMIX
Hara çəkilirəmsə,
hara gedirəmsə, varsan.
Qulağımı deşir
içimdəki sükutun səsi.
Barmaqlarımla nəyə toxunuramsa,
çalınır kilsə zəngləri.
Barmaqlarımın ucundan damcılayır
İsa Məsihin mismarlanmış əllərindən axan qan.
Gəl indi bunu dərk et,
gəl indi bunu qan...
Yerə düşür
divardan asdığım çərçivəylə birgə
atamın şəkli-
qırılır çərçivə,
çilik-çilik olur şüşə.
...Və birdən atamın şəklindən
bir əl uzanır mənə:
-mənə qalxmaqda kömək etməyəcəksənmi, oğul-
deyə acıqlanır atam.
Bayırda sənin səsin eşidilir bu vaxt:
-kömək edin, kömək edin!
Və sənin səsinin təkrarına çevrilir
tanıdıqlarımın, tanımadıqlarımın səsi.
Bir anda unuduram hər şeyi,
qanlı barmaqlarımla tıxaya-tıxaya qulaqlarımı
qurtulmaq istəyirəm
səndən
ondan
Çəkilmək lazımdı, çəkilmək,
amma
necə,
nə cür,
hara?!.
* * *
Təlatümlü dənizi xatırladır gecə.
İçi suyla dolmuş gəmiyə bənzəyir
qaranlıqla dolu bu ev.
Su üzünə çıxan meyitlər kimi
səpələnib döşəməyə
insan şəkilləri.
Sən
ölüsünü axtaran adamlar kimi
vahimə içindəsən.
Axtarma, quzum,
öz içində boğulanlar üzə çıxmır...
YUXU
Bilirəm,
hər şeyin bir anda dəyişə biləcəyini,
uzun barmaqlarınla
adımı yazdığın pəncərə şüşələrini
bir gün siləcəyini...
Getdikcə
gözlərimi qamaşdırır sənsizliyim...
...unuduram,
başıma endirilən dəyənək zərbələrini,
unuduram,
sınmış qabırğalarımdan uydurduğum
bir qadın varlığını indidən...
Gerçəkmi,
yuxumu yoxsa bu, düşünürəm:
Gerçəksə, nədən yaza bilmirəm?
yuxusa niyə yoza bilmirəm?
Beləcə hər gecə
kağız kimi doğrayır içimi saat əqrəbləri...
və beləcə, hər gün
qələmə uzanan barmaqlarımla
toxunuram gecəyə-
açılır səhər...
SƏNİN SƏNSİZLİYİN
PİS BAXMIR MƏNƏ...
Axı, nə biləsən qəlbimdə nə var,
Bir yol dinləmədin, danışam sənə.
Sən mənə "ömürlük cəza" istədin-
Mən sənsiz qalsam da, alışam sənə.
İndi nə mənası "görüş" almağın,
Düşünmə, çətindi, əzab çəkirəm.
Sənin sənsizliyin pis baxmır mənə-
Nə qədər istəsəm, yeməyə var qəm.
Daha can atmıram azadlığa da,
Ömürlük dustağam bu sevgiyə mən.
Mən səni sevmədim, sevmədim, xanım,
Ki, məni bu qədər əzizləyəsən...
İNSULT
Daha sol qolum da sözümə baxmır,-
ömrün 43-ündə çıxır oyundan.
Bir işdən yapışa bilmədiyimdən,
xəcalət çəkirəm uca boyumdan.
Batmışam bir ömrün içində yasa,
ürək necə dönsün bu dərdlə dağa?
Bizim bu yerlərin qanunlarıtək
mənim sol qolum da işləmir daha.
Dönüb bir əlçatmaz uzağa ümid,
qaytara bilmirəm geri sevgimi.
Hər gecə bir ucuz qələmin altda
ürəyim sökülür dan yeri kimi...
Daha bir kimsəm yox, gedənlər getdi...
Qalmışam çətirsiz bu yağış altda.
Bu payız ömrümlə bircə qadına
sevgili də yoxdu daha mən adda.
İndi üz-üzəyik səninlə, Allah,
tökülən yarpaqla, yağan yağışla.
Sənə sağ əlimi açdığım üçün,
mənim sol qolumu mənə bağışla.
NEVROZ
Sevgim gözündən düşmüşkən,
bir az daha laqeydkən sən,
başımızın üstündəki damı
buraxıb sənə və körpələrimə
çəkildim səndən-
sənsiz yaşaya bilməyəcəyimi bilə-bilə.
Beynimin sol əlimdəki əyriliyi ilə ölçmək üçün zamanı,
azad elədim səni və qızlarımı
İçimdəki ölçüdən, sözdən...
Bir az küləklər qolumdan dartdı məni,
bir az çiynimdəki mələklərin göz yaşları islatdı məni...
Parklarda keçirdiyim gecələrdə
qolumun şikəstliyini ütülədi qaranlıqlar.
Amma açılmadı ki, açılmadı
alnımdakı işsizlik qırışı,
qırış-qırış qaldı içimdə
qızlarımın ata sevgisini ölçən qarışı...
Bu payız günlərində zökəmə tutuldu
üstümdə gəzdirdiyim neçə-neçə şeir...
Bir az dostlarımın cibinə uzandı,
bir az sözə xəyanətimlə qazandı əlim;
işğal olunmuş torpaqlarımız kimi
dəyər-dəyməzinə satdım şeirlərimi...
İndi şəhər kənarında bir binanın zirzəmisidir evim.
Artıq başım üstə damım var deyə
bir qədər açılmış kefim.
Zövqümcə bəzəyirəm
məndən əvvəl kiminsə yaşadığı yurd yerini.
Unutmaqçün sənsizliyimi,
yapışdırıram divara gözəl bir qadın şəklini;
hər gecə yatmazdan əvvəl
gecən xeyirə qalsın deyə
gözlərimi yumuram ona...
Və hər səhər gözlərimi açıb salamlayıram səni,
doğma ölkəm…
MƏN QORXUNC ADAMAM...
Mən qorxunc adamam, yaman qorxuncam,
həyatım çox kirli, gözlərim qanlı.
Ürəyim bir gültək açılsa belə,
əllərim-qollarım tikan-tikandı.
Mən qorxunc adamam, küçələr evim,
sevgin gözlərimə yuxu gətirməz...
Əllərim qanıma bulaşıb mənim,
əllərim verdiyin geri götürməz.
İndi havalıyam, başım dumanlı, -
uç, bəyaz göyərçin, dumana düşmə.
Nə olsun saçımda bir ovuc dən var,
uçub get, bir ayrı gümana düşmə.
Uç məndən aralı, düş məndən uzaq,
nəyinə gərəkdir yuvasız biri?
Mənim dinim ayrı, məzhəbim ayrı, -
yağan yağışlar da yumaz bu kiri...
Səhv salma səmayla mavi gözləri,
mənim gözlərimin yaşı köhnədi.
Bəyaz göyərçinim, bu ağ günündə
sən hələ bilmirsən ayrılıq nədir.
Uç məndən aralı, incimə məndən,
sənə qollarımı aça bilmərəm.
Sən məni göylərə qaldırsan belə,
mən sənin ardınca uça bilmərəm...
ÇƏKİLİRƏM
Yavaş-yavaş bu yollardan
izimə çəkilirəm.
Bu ayrılıqla əl-ələ
dözümümə çəkilirəm.
Düşür qış şaxtatək qorxunc,
Kəsir özünü bu qılınc...
Sinəmdəki bu bir ovuc
közümə çəkilirəm.
Çölümdəki bu harayla,
İki bölünmüş bir ayla,
Külək qovan hər damlayla
gözümə çəkilirəm.
Yaşa bu ömrü mənsiz tək,
Fırça götür bu dərdi çək...
Bir sevgiyə salavattək
üzümə çəkilirəm...