TANRI SİLLƏSİ
Gəldim, bir də getdim.
Getdim, bir də gəldim.
Bu sonsuz yollarda
yükləndi çiyinlərimə dünya.
Yaşadıqca
sol çiynim əyildi ağırlıqdan…
Eh, nə qəm, tək deyiləm ki,
onsuz da bu dünyada
hamının sol çiyni ağrıyır,
Sola əyilib hamı.
Solaxay yerişlə
sola fırladırıq zamanı.
Eheeey, hardasan, ey Tanrımız?
Əlinin arxasıyla
bir solaxay sillə çək,
tarazlaşsın dünyamız.
KƏPƏNƏK QANADLARI
Kaş zərif
kəpənək qanadlarım olaydı,
uçub qonaydım çiyinlərinə.
Ovcuna alıb
oxşayaydın qanadlarımı.
Toxunduraydın titrək ruhuma
odlu dodaqlarını.
Bu öpüşün
izi qalaydı qanadlarımda…
Cupbulu-cupbulu
sevinclər doğulaydı sevgimizdən.
Səpəydik o körpə sevincləri –
səpəydik Yer üzünə!
Böyüdükcə o sevinclər
zərif-zərif qanadlarıyla
uçuşaydılar sənə doğru –
yeni sevinclər doğmaq üçün.
Dərdi-qəmi birdəfəlik
Yer üzündən qovmaq üçün.
Davam edəydi həyat,
davam edəydi beləcə.
Zərif-zərif,
incə-incə
kəpənək qanadlarım olaydı,
uçub qonaydım da çiyinlərinə….
İLAHİ VƏCD
Dün gecə
Tanrı sıxmışdı məni köksünə…
Yox, o özü çırpınırdı sinəmdə.
Dün gecə
mən özüm Tanrı idim,
Yumruq boyda bir Tanrı!
Elə baxma gözlərimə,
elə baxma,
mən dəli deyiləm...
İKİ İSTƏK
Mən qar dənəsinə dönüb
ovcuna qondum,
gözünü oxşayım deyə.
Sən gözünü yumub
ağzını açdın:
“Boğazımı yaşlayım” deyə.
SEVİRƏM DEMƏ
Mənə “sevirəm” demə.
Xoşlanmıram
sevgi etiraflarından.
Sadəcə gözlərimin içinə bax,
baxışlarımı tutmağa çalış.
Tutsan,
əmin ol ki,
bu məhəbbət oyununda
udmusan.
PƏHRİZ
Kimi görsəm,
dərhal aşiq oluram.
Birinin gözünə,
birinin sözünə,
birinin də
özünə vuruluram.
Bu qədər məhəbbətə
daha tablamır ürək.
Bundan sonra sevgidə
pəhriz saxlayam gərək.
LÖVHƏLƏR
***
Mən sənin içində Allah axtardım,
sən mənim içimdə qadın...
Və hərəmiz
İstəyimiz boyda dərk etdik bu dünyanı.
***
Baharı hiss etmək üçün
ümidlə baxma dodaqlarıma.
Danışsam,
sözlərimdən donarsan.
***
Mənim ürəyim
sevgim boyda,
Sevgim sükutum qədərdir...
Eeey, sükutum qarsar səni –
Geri dur!
***
Gündüzlər həyatın cibindən
oğurladığı təbəssümü
gecələr qoşa çarpayıdakı
acgöz kədərə yedirdər
tənha qadın!
***
Gecələri skamyada keçirən ac bomj
bir evdən gələn
dadlı yemək qoxusuyla bərabər,
bir ev dolusu məhəbbəti də
çəkər ciyərlərinə.
Və bir ümidsiz ümid
ayaqlarını sallayar
onun donuq baxışlarından...
***
Bütün boşluqlardan bitər toxumum,
Saplağım budaqdır, budağım gövdə.
Köküm buludların o üzündədir,
Başım üstə boy atıram mən yerdə.
***
Efirdə
atılmış qocalar haqqında
verilişə baxıb ağladı.
Hətta o qədər kövrəldi ki,
gedib qocalar evindəki
anasını da yoxladı...
***
Nə odlu pıçıltı,
Nə öpüş,
Nə ehtiras...
Mənim istəyim sadəcə
qabırğandakı boşluğa dolmaq,
öz yerimi tutmaqdır, əzizim !!!
***
Buz qılıncını sıyırıb
hücum çəkdi dəli qış.
Son yarpaqlarını ağladı ağaclar,
can verdi payız...
***
Təbəssüm qoxuyur
zivədən asılmış
bəyaz körpə köynəkləri...
***
Bu gecə də
iş başındadır Ay yenə.
Nurdan yol çəkir
gecənin
romantik sərnişinlərinə.
***
Bir təklifim var:
İçimizə çəkək Ay işığını,
Bürünək buludlara
və yumaq gözlərimizi…
Hə, nə deyirsən?
“Ulduz “jurnalı