BİR PAYIZ TƏNHALIĞI
Lal sükut içində səssiz keçirəm,
İlk dəfə payızdan sənsiz keçirəm.
Mən də əriyərəm, mən də itərəm,
Bir xəzan yelində otdan betərəm.
Söykənim hansı bir gücə, bilmirəm
Keçirəm deyirəm, keçə bilmirəm,
Məni bu payızın içindən keçirt.
Xəzəl ayağımı ayaqlar mənim,
Daşqalaq eləyir yarpaqlar məni,
Əvvəl payızlarım belə deyildi,
Bu nə tənhalıqdı, bu nə qəm, kədər,
Sən Allah, ruhunu dalımca göndər,
Məni bu payızın içindən keçirt.
Bir gül yarpağına-qanadı islaq -
Sığınıb durmuşam kəpənəksayaq,
Çiçəyim yarımcan, otum yarımcan,
Sən Allah, bir qanad göndər dalımca,
Məni bu payızın içindən keçirt.
Yarı alatoran, yarı işığam,
İndi günbatana yol gedir indim,
Bu xəzan içində sarı işığam,
Qırmızı işığım yandı - gecikdim!
Məni bu payızın içindən keçirt.
Əbrüşüm belinə belim demişdim,
Çinar yarpağına əlim demişdim -
O da budağından üzüldü düşdü;
Qoyma üşüməyə çilpaq əlimi,
Tut götür torpaqdan yarpaq əlimi,
Məni bu payızın içindən keçirt.
Səni səsləyirəm, gələrsən haçan?-
Bəlkə son körpümdü, sonuncu keçid.
Ağ atlı bir nağıl göndər dalımca,
Məni bu payızın içindən keçirt.
Payız, 2011
Buynuz-Bakı
Aparır
Dünya qəribə dünyadı
Həm gətirir, həm aparır.
O quşa dəymə daş atan,
Balasına yem aparır.
Axırıncı biçindəyəm,
Ömürdə son içindəyəm.
Bir meyxanə küncündəyəm,
Qoyma məni dəm aparır.
Yandım, desəm hədərdimi?
Eşq də gəlib-gedərdimi?
Bu qəzavü-qədərdimi -
Alıb bizi cəm aparır.
"Fani dünya yenə qaldı",
Bəndəm məni bəndə saldı,
Allah verən canı aldı -
Gör kim verir, kim aparır.
Eşq atəşi haqdan yanıb
Gözəl atan oxdan yanıb
Haqq aşiqi çoxdan yanıb
"Kərəmini" sim aparır.
Həmin rəngdi, həmin çeşnə,
İşlə dəyirmanım, işlə.
Kamil insan bu gedişlə
Dərd üyüdür, qəm aparır.
Məndə üsyan, məndə qiyam,
Badəşünas bir saqiyəm.
Bir pərvanə aşiqiyəm,
Qabağımda şəm aparır.
qış, 2012
Bakı
Bir az xoş Əhval
Könlüm açıq, halım babat,
Kindən uzaq, nəfdən azad.
Cibimdə də beş-on manat,
Bu da dövlət, bir var imiş.
Nahaq uymuşam qəzəbə,
Dolmuşam bir şirin təbə.
Çəmən-çayır gəbə-gəbə,
Dörd tərəfim gülzar imiş.
Zər baftalar, zər ətəklər,
Uçub gəldi kəpənəklər.
Yelpikləndi gül-çiçəklər
Şehi qızıl damar imiş.
Şüa düşdü əməklərə
İsti keçdi pətəklərə
Dolu vurmuş çiçəklərə
Səhər mehi tumar imiş.
Alt çəməni, üst çəməni
Görürsənmi o çeşməni?
Deyir, şair, gəl iç məni
Bu nə xoşca güzar imiş.
Yamac durub tül əyində,
Daşı mamır bələyində.
Bir bənövşə ləçəyində
Könlüm məsti-xumar imiş.
Başım taxtı, könlüm baxtı,
Yel döşümə çiçək taxdı.
Dünyaya xoş baxan vaxtı
Yollar necə hamar imiş.
qış, 2012
Bakı