ŞEİR YAZIM, GÖZLƏRİNİ OXLAYIM...
Çək üzündən rübəndini, ay gözəl,
Günəş üzün, Ay camalın görünsün.
Ürəkləri atəş eylə, od eylə,
Cəfasında xoş əhvalın görünsün.
Şeir yazım, gözlərini oxlayım,
Bilmirəm ki, mən neçə cür ağlayım.
Bütün keçən yollarını bağlayım,
Mənə tərəf gələn yolun görünsün.
O qaş-gözdən, üzdən ötrü ölürəm,
İçim qandı, baxma belə gülürəm.
Gələmmirsən görüşümə, bilirəm,
Gözlərimə qoy xəyalın görünsün.
Bu zülmətin üstün necə xəttləyim?
Sənsizliyi hansı dərdlə odlayım?
Ümid ver ki, bu illəri adlayım,
Yol başında tək vüsalın görünsün.
HEÇ YALQIZ GÖRDÜNMÜ SƏN MƏNİM TƏKİ...
Heç yalqız gördünmü sən mənim təki,
Gözümdən həsrətin çöküb içimə.
Hara aparacam bu qədər yükü,
Belə yavaş-yavaş töküb içimə?
Qalxan-qaxınc etmə ümidlərimi,
Dözmərəm, üstümə çöksə dağ kimi.
Öpüb-oxşayacam sən adlı qəmi,
Büküb bələyimə, büküb içimə.
Bu qədər nainsaf olarmı adam?
Mən sənə bu qədər, beləmi yadam?
Alacam hıncımı dodaqlarından,
Bütün nəfəsini çəkib içimə.
MƏNƏ BİR ŞEİR YAZ, VÜSALIN SANIM...
Örtülü saxlasam ürək sözümü,
Bir ağız dinməsəm, nə dəyişəcək?
Gecənin köksünə sıxıb gözümü,
Yatıb oyanmasam, nə dəyişəcək?
Səsimi duyanda zülüm çəkənim,
Sevdana inamım yox artıq mənim.
Fidan hisslərimə kəsilib qənim,
Oduna yanmasam, nə dəyişəcək?
Qınaqla sınağın sərhədindəyik?
Sözüm yox deyəsi, gör nə gündəyik.
Sevgi mesajları yazıb gündəlik,
Sərxoş dolanmasam, nə dəyişəcək?
Mənə bir şeir yaz, vüsalın sanım,
Onsuz da hicrana binədir canım.
Ey mənim müxənnət hiss-həyəcanım,
Səni heç anmasam, nə dəyişəcək?