Talıblı Böyükağa Mir Qasım oğlu – nasir, publisist, 1934-cü ildən Azərbaycan Yazıçılar Birliyinin üzvü.
1897-ci il martın 21-də Azərbaycanın Salyan şəhərində qulluqçu ailəsində doğulub. Burada şəhər məktəbindən rus ibtidai məktəbinə dəyişilib oranı bitirib. Bakı realnı məktəbində təhsil alıb (1909-1915). Pedoqoji fəaliyyətə Salyan realnı məktəbində müəllim kimi başlamışdır (1916).
Ali təhsil almaq məqsədilə Petroqrad Texnologiya İnstitutuna daxil olub (1917). Lakin maddi vəziyyətin ağırlığı üzündən məktəbdən çıxıb ictimai-siyasi fəaliyyətə başlayıb. Petroqrad vilayət komissarlığında müsəlman işləri üzrə təbliğat və təşviqat şöbəsinin müdiri, bir il sonra orada azərbaycanca buraxılan “Hürriyyət” qəzeti redaksiyasının əməkdaşı olmub, xalq Komissarlığında milli işlər üzrə müsəlman şöbəsinə müdir təyin edilib.
Krım cəbhəsində əks-inqilabi qüvvələrə qarşı vuruşmuş, eyni zamanda “Melitopolskiye izvestiya” qəzeti redaksiyasında əməkdaşlıq edib (1915-1920).
1920-ci ilin mayında Azərbaycana fəhlə-kəndli müfəttişliyi komissarının müavini vəzifəsinə göndərilib, sonra burada xalq təsərrüfatı şurasının sədri olub. Bu dövrdə “Kommunist” və “Azərbaycan füqərası” məcmuəsini redaktə edib, həm də Azərbaycan Dövlət Universitetində mühazirələr oxuyub. Zaqafqaziya Federasiyasının fəhlə-kəndli müfəttışliyi komissarı təyin olunduğu vaxtdan Tiflisdə çıxan “Yeni fikir” qəzetini redaktə edib (1922-1923), Azərbaycan Xalq ədliyyə komissarı, Mərkəzi Statistika İdarəsinin rəisi, Sovet quruluşu və hüquq İnstitutunun direktoru, respublika prokuroru, Bakı Plan İdarəsinin sədr müavini vəzifələrində işləyib (1923-1932).
Moskvada Ali Partiya Məktəbində təhsilini davam edib (1932-1933). Ədəbi fəaliyyətə 1911-ci ildə, Bakı realnı məktəbinin ücüncü sinif şagirdi ikən yazdığı, bir il sonra Orucov qardaşlarının mətbəəsində kitabça halında çap etdirdiyi “Yaxşı məsləhət hər şeydən yaxşıdır” hekayəsi ilə başlayıb. Bundan sonra dövri mətbuatda publisist məqalələr və hekayələrlə çıxış edib, 1916-cı ildə “Keyf içində” pyesini yazıb. Bakıda işlədiyi dövrdə Azərbaycan Ədəbiyyat Cəmiyyətinin sədri kimi milli mədəniyyətin inkişafına ciddi kömək edib. O, öz yaradıcılığında bədii tərcüməyə xüsusi diqqət verirdi. İctimai xadim kimi tanınıb, Tiflisdə N.Nərimanov adına klubun nəzdində “Ədəbiyyat dərnəyi”nin təçkilatçısı olub (1923). Bu ədəbi dərnək sonralar Tiflis Azərbaycan Proletar Yazıçıları bölməsinin əsasını təşkil edib. Azərbaycan K(b)P Bakı komitəsinin və Azərbaycan Həmkarlar İttifaqı Şurası Rəyasət heyətinin üzvü, Azərbaycan Mərkəzi İcraiyyə Komitəsinin və Zaqafqaziya Mərkəzi İcraiyyə Komitəsinin üzvü seçilib. 08.01.1937-ci il tarixdə 1934-1938-ci illərədə Zaqafqaziya Xalq Daxili İşlər Komissarları (XDİK) idarəsinə başçılıq etmiş Yuveliyan Sumbatov-Topuridzenin imzası ilə B.Talıblının həbsinə qərar qəbul olunub.
10.01.1937-ci il tarixdə təhlükəsizlik baş leytenantı Atakişiyev və təhlükəsizlik mayoru Gerasimovun imzası ilə Böyükağa Mir Qasım oğlu Talıblı Azərbaycan SSR cinayət məcəlləsinin 72-ci maddəsi ilə həbs edilərək Azərbaycan DİK idarəsinin həbs evində saxlanması üçün qərara alınıb.
B.Talıblı Azərbaycan SSR C/M-nin 64,69,70,73-cü maddələri ilə təqsirli bilinərək 12.10.1937-ci ildə güllələnməyə məhkum edilib.
14.10.1937-ci ildə isə B.Talıblının həyat yoldaşı kimi N.Talıblı həbs olunaraq Bakı şəhərində ümumi rejimli həbsxanada saxlanılıb. Qızları Sona isə Azərbaycan XDİK-nin uşaq evinə yerləşdirilir.
1938-ci ildə cəza tədbirləri dövründə həlak olub.
Əsərləri:
1. Yaxşı məsləhət hər şeydən yaxşıdır. B., Orucov qardaşları mətbəəsi, 1912., 16 səh.
2. Erkək Tükəzban, B., Bakı işçisi kooperativ nəşri, 1926, 20 səh. 4000 nüs.
3. Qırx zopa. B., Azərnəşr, 1927, 12 səh., 3000 nüs.
4. Keyf içində (pyes), B., Azərnəşr, 1929, 48 səh., 4000 nüs.
5. Keyf içində, B., Azərnəşr, 1930, 56 səh., 2000 nüs.
6. Tövbə. B., Azərnəşr, 1030, 63 səh., 3000 nüs.
7. Dirək, B., Azərnəşr, 1030, 74 səh., 3000 nüs.
8. Keyf içində, B., Azərnəşr, 1934, 76 səh, 3000 nüs.
9. Tövbə, B., Azərnəşr, 1934, 76 səh., 3000 nüs.
10. Seçilmiş əsərləri, B., Azərnəşr, 1960, 166 səh., 15000 nüs.
11. Erkək Tükəzban, B., Gənclik, 1969, 51 səh., 13000 nüs.
12. Dirək, B., Gənclik, 1971, 60 səh, 27000 nüs.
13. Seçilmiş əsərləri, B., Azərnəşr, 1983, 188 səh., 35000 nüs.