Hənəfi Baba oğlu — ədəbiyyatşünas, tənqidçi, folklorşünas, mətnşünas, 1934-cü ildən Azərbaycan Yazıçılar Birliyinin üzvü
1896-cı il martın 24-də Bakı şəhərində dəmirçi ailəsində anadan olub. Kiçik yaşlarında ikən atası vəfat etdiyindən anasının himayəsi altında boya-başa çatıb. Bakıda 7 saylı rus-tatar məktəbini bitirib. Burada 3 saylı Alekseyev Ali-İbtidai məktəbində, sonra Moskvada Ali Texniki məktəbdə təhsilini davam etdirib. Gizli inqilabi fəaliyyəti üstündə ali məktəbin II kursundan xaric olunub.
1917-ci ilin may ayında inqilabi tapşırıqla Bakıya göndərilib. Bədii yaradıcılığı bu dövrə təsadüf olunur. İlk şeir və hekayələrini çap etdirir. 1919-cu ildə RK(b)P sıralarına daxil olub. 1920-ci ildə İstanbul Universitetinin hüquq fakültəsinə qəbul olsa da, geri çağırılıb Azərbaycanın rayonlarına (Göyçay, Salyan, Şamaxı, Şuşa qəzalarına) partiya-təşkilati işinə göndərilib. Sonra Azərbaycan Xalq Maarif Komissarlığında, “Kommunist” qəzetində işləyib, eyni zamanda 1922-1927-ci illərdə Azərbaycan Dövlət Universitetinin tibb fakültəsində təhsil alıb. Lakin ədəbiyyata güclü meyl göstərib: ali məktəbdə elmi-tədqiqatla məşğul olub, mətbuatda tənqidçi kimi çıxış edir. 1930-cu ildən Azərbaycan Dövlət Pedagoji İnstitutunun Azərbaycan ədəbiyyatı tarixi kafedrasında dosent kimi çalışıb. 1923-1929-cu illərdə Azərbaycan Dövlət Nəşriyyatında baş redaktor, 1930-1935-ci illərdə SSRİ EA Azərbaycan filialı Dil və Ədəbiyyat İnstitutunun ədəbiyyat bölməsində folklor şöbəsinin müdiri işləyib. Bu dövrdə folklor toplayıcısı, folklorşünas, mətnşünas, ədəbiyyat nəzəriyyəçisi, tərcüməçi və naşir kimi milli ədəbi-tarixi irsin tədqiq və təbliğində ciddi fəaliyyət göstərir. Orta və ali məktəbin ədəbiyyat dərsliklərinin müəlliflərindən biri, V.İ.Leninin əsərlərinin (altı cilddə) ilk tərcüməçisi, redaktoru, naşiri olub. Azərbaycan K(b)P V qurultayında təftiş komissiyasına üzv seçilib. 1914-cu ildə “Namus” adlı ilk hekayələr kitabı kütləvi tirajla buraxılır. 1923-cü ildə təşkil olunan “Azərbaycan ədib və şairlər ittifaqı” rəyasət heyətinin sədr müavini seçilib. “Həyat və sənət” (1923), “Ağız ədəbiyyatı”, “Azərbaycanda el ədəbiyyatı” (1926) ədəbi irsin toplanması, nəşri və tədqiqi problemlərindən bəhs edir. İlk dəfə geniş müqəddimə ilə “Bayatılar” (1925) toplusunu, “Azərbaycan atalar sözü və məsəlləri” (1926), “Azərbaycan tapmacaları” (1928), “Dastanlar və nağıllar” (1929) kitablarını çap etdirib.
“Azərbaycanı Tədqiq və Tətəbbö Cəmiyyəti”nin folklor komissiyasının sədri kimi yorulmadan çalışıb: bu dövrdə nəşr olunan folklor kitablarını redaktə edib, onlara dolğun elmi müqəddimələr yazıb. Eyni zamanda “Sənət nə üçündür?”, “Sənət və ədəbiyyatın ictimai həyatla əlaqələri”, “Ədəbiyyat tədqiqində metod”, “M.F.Axundovun ədəbi və ictimai fəaliyyəti”, “Hüseyn Cavidin yazdığı “Peyğəmbər” haqqında mülahizələrim”, “Şeyx Sənan haqqında mülahizələrim” və s. onlarla məqalələri ilə yeni dövrdə Azərbaycan ədəbiyyatı nəzəriyyəsi elminin bünövrəsinin qoyulmasına misilsiz xidmət göstərib. “Ədəbiyyatdan iş kitabı”nın (1928) şərikli müəllifi və redaktoru olmuşdur.
Dövlət Təhlükəsizlik İdarəsinin leytenantı Şerin tərəfindən 26 yanvar 1937-ci ildə alim haqqında rəhbərliyə 5 maddədən ibarət arayış təqdim edildikdən sonra o günün sabahı H.Zeynallının həbsi üçün “Order” yazılıb.
SSRİ Ali Məhkəməsinin 12 oktyabr 1937-ci ildə Bakı şəhərində keçirilən 15 dəqiqəlik Səyyar Hərbi Kollegiyasının qapalı məhkəmə iclasında Hənəfi Zeynallı Azərbaycan SSR C/M-nin 64,69,70,73-cü maddələri ilə təqsirli bilinib güllələnməyə məhkum edilib. Hökümdən 3 gün sonra həyat yoldaşı Səyyarə Zeynallı XDİK tərəfindən həbs edilib və şəhərin ümumi həbsxanasında saxlanılıb.
SSRİ XDİK yanında Xüsusi Müşavirəsinin 9 dekabr 1937-ci il tarixli qərarına əsasən S.Zeynallı 8 il müddətinə azadlıqdan məhrum edilib.
Cəza tədbirləri dövründə, 1937-ci il yanvarın 27- də həbs edilib, həmin il oktyabrın 13-də Bakıda qətlə yetirilib.