Rasizadə Hüseyn Abdulla oğlu – şair, 1934-cii ildən Azərbaycan Yazıçılar Birliyinin üzviü
1882-ci il oktyabrın 24-də Azərbaycanın Naxçıvan şəhərində ruhani ailəsində doğulub. İbtidai təhsilini mollaxanada alıb, sonra “Məktəbi-tərbiyə”yə daxil olub (1896). Bu məktəbi müvəffəqiyyətlə bitirib (1898). Təbrizdə “Tali- biyyə” məktəbində fars və ərəb dillərində oxuyub. Göz ağrısı xəstəliyi üzündən təhsili yarımçıq qoyub. Gülçin və Arif təxəllüsü ilə doğma dildə və fars dilində şeirlər yazıb. Ali təhsil almaq arzusu ilə Türkiyəyə getsə də, xəstəlik üzündən bir il Urmiyədə yaşayıb yenidən Naxçıvana qayıdıb (1904). Bir müddət ticarətlə məşğul olub, sonra Gürcüstanda Kaxetiya tərəflərdə şose yolu çəkən idarədə podratçılıq edib, bir ticarət şirkətində şərik olub. Bundan sonra İstanbula gedib gözlərini müalicə etdirib (1906). Bu dövrdə “Hüseyn Salik” təxəllüsü ilə şeirlər qələmə alıb. İstanbulda “Siratül-müstəqim” jurnalında şeirlər çap etdirib. İstanbul universitetində azad dinləyici-müdavim kimi mühazirələrə davam edib, Şərq ədəbiyyatını dərindən öyrənib, eyni zamanda ədəbi mühitlə, demokratik fikirli ziyalılarla yaxından tanış olub (1907-1909). Vətənə qayıtdıqdan sonra Tiflis, Bakı, Naxçıvan, Gəncə şəhərlərində müəllimlik edib (1910-1937). Bakıda “Səfa” məktəbində işlədiyi dövrdə “Mühərrirlər və ədiblər cəmiyyəti” təşkil edildiyi zaman “Ədəbiyyat komissiyası”na seçilib (1917). Azərbaycan Yazıçılar İttifaqı təşkilat komissiyası heyətinə və cəmiyyətə təminnamə (nizamnamə) yazacaq komissiya heyəti tərkibinə daxil olub (1923). Azərbaycan Xalq Maarif Komissarlığı onu müasir Avropa ədəbiyyatını öyrənmək və müalicə olunmaq üçün Parisə göndərilib (1926).
Ədəbi yaradıcılığa 14 yaşından başlasa da, şair-dramaturq kimi mətbuatda 1904-cü ildən çıxış edib. 1910-1918-ci illərdə “Keçmiş günlər”, “Bahar şəbnəmləri”, “Ana”, “Maral”, “Şeyx Sənan”, “Şeyda”, “İblis” və s. əsərlərini yaradıb. Azərbaycanda Sovet hakimiyyəti qurulduqdan sonra “Peyğəmbər” (1922), “Topal Teymur” (1925), “Knyaz” (1929), ‘Telli saz” (1930), “Siyavuş” (1933), “Xəyyam” (1935), “Şəhla” (1935), “İblisin intiqamı” (1936), “Azər” poemasını, “Koroğlu” kinossenarisini və bir sıra başqa əsərlərini qələmə alıb. 1937-ci il, iyun ayının 3-də Sumbatovun verdiyi qərarla Hüseyn Cavid Rəsizadə Azərbaycan C/M-nin 72-73-cü maddələri ilə təqsirli bilinib və o, XDİK idarəsinin həbs evində saxlanılıb. Həmin gün də şairin evində axtarış aparılması üçün 509 saylı “Order” yazılıb. 4 iyun 1939-cu ildə 8 il azadlığdan məhrum edilməsi haqqında məhkəmə qərar çıxarıb. 1941-ci ildə Sibirdə sürgündə ikən vəfat edib.
Mərhumun cəsədinin qalıqları 1982-ci il oktyabrın 26-da Bakıya gətirilib, sonra doğma Naxçıvana aparılıb noyabrın 3-də Cavid bağında dəfn olunub. Onun xatirə ev-muzeyi açılıb. Bir sıra mədəniyyət evi, küçə, meydança, məktəb, uşaq bağçası və s. onun adını daşıyır.
Əsərləri:
Ana Tiflis. “Gürcü şirkəti” nəşri, 1913, 48 səh.
Keçmiş günlər, Tiflis, Şərq, 1913, 24 səh.
Maral, B., “Açıq söz” elektrik mətbəəsi, 1917, 64 səh.
Şeyda, B., “Açıq söz” elektrik mətbəəsi, 1917, 80 səh.
Şeyx Sənan, B., “Açıq söz” elektrik mətbəəsi, 1917, 121 səh.
Bahar şəbnəmləri, B., “Açıq söz” elektrik mətbəəsi, 1917, 83 səh.
Ədəbiyyat dərsləri, B., Hökumət mətbəəsi, 1919, 134 səh. (şərikli)
İblis, B., Azərnəşr, 1924, 108 səh.
İblis, B., Azərnəşr, 1927, 116 səh., 5000 nüs.
Peyğəmbər, B., XMK nəşri, 1922, 153 səh., 4000 nüs.
Şeyda (II nəşr), B., “Kooperativ” nəşriyyatı, 1925, 62 səh., 3000 nüs.
Şeyda (III nəşr), B., Azərnəşr, 1925, 70 səh., 10000 nüs.
Peyğəmbər, B., QMK nəşri, 1926, 147 səh., 5000 nüs.
Topal Teymur, B., Azərnəşr, 1926, 82 səh., 5000
Şeyx Sənan (faciə, 4 pərdədə), B., Azərnəşr, 1926, 122 səh., 5000 nüs.
Uçurum (faciə, 4 pərdədə) , B., Azərnəşr, 1926, 67 səh., 5000 nüs.
Səyavuş, B., Azərnəşr, 1934, 150 səh., 4000 nüs.
Seçilmiş əsərləri, B., Azərnəşr, 1958, 659, 20000 nüs.
Pyeslər, B., Azərnəşr, 1963, 270 səh., 15000 nüs.
Seçilmiş əsərləri (üç cilddə), I c., B., Azərnəşr, 1968, 371 səh., 25000 nüs.
Seçilmiş əsərləri (üç cilddə), II c., B., Azərnəşr, 1970, 250 səh., 25000 nüs.
Seçilmiş əsərləri (üç cilddə), III c., B., Azərnəşr, 1971, 352 səh., 20000 nüs.
Dram əsərləri, B., Azərnəşr, 1975, 563 səh., 20000 nüs.
Seçilmiş əsərləri (dörd cilddə), I c., B., Yazıçı, 1982, 321 səh., 30000 nüs.
Seçilmiş əsərləri (dörd cilddə), II c., B., Yazıçı, 1982, 392 səh, 30000 nüs.
Seçilmiş əsərləri (dörd cilddə), III c., B., Yazıçı, 1984, 30000 nüs.
Seçilmiş əsərləri (dörd cilddə), IY c., B., Yazıçı, 1985.
Seçilmiş əsərləri, B., Yazıçı, 1982, 374 səh., 15000 nüs.