Bağırov Cəfər Səfər oğlu – nasir, tərcüməçi, 1934-cü ildən Azərbaycan Yazıçılar Birliyinin üzvü
1912-ci il mayın 5-də Naxçıvanın Ordubad rayonundakı Dəstə kəndində yoxsul ailədə doğulub. Kənd orta məktəbini bitirdikdən sonra Azərbaycan Dövlət Pedoqoji İnstitutunun filoloji fakültəsinə daxil olub. Eyni zamanda “Gənc işçi” qəzetində şöbə müdiri işləyib. Bu dövrdə ilk hekayələrini qələmə alıb. “Kommunist” qəzetində şöbə müdirinin müavini (1934-1936), “Kirovabad bolşeviki” qəzetində məsul katib (1936-1937), Yazıçılar İttifaqı Gəncə filialının məsul katibi olub. 1955-ci ildə Bakıya qayıdıb bütün qüvvəsi ilə bədii yaradıcılığa başlayıb. Oçerk, hekayə, miniatürlər yazmaqla yanaşı, bədii tərcümə ilə də məşğul olub. Onun rus dilindən etdiyi tərcümələr sayəsində oxucular T.Drayzer, P.Abrahams, A.Sent-Ekzüperi, R.Taqor, Əziz Nesin, M.Broden, A.Kamenova, S.Kardiaşvili kimi yaradıcıların əsərləri ilə tanış olublar. O, Azərbaycan Dövlət Nəşriyyatında bədii ədəbiyyat şöbəsinin müdiri (1955-1960), redaktoru (1960-1966), məsləhətçi redaktor (1966-1967), bədii tərcümə redaksiyasının müdiri (1967-1973) olub. 1973-cü ilin martından fərdi təqaüdə çıxıb və yaradıcılıqla məşğul olub.
1983-cü il aprelin 17-də vəfat edib.
Əsərləri:
1. Zəfər səsləri (oçerk), B., Azərnəşr, 1932, 68 səh., 4000 nüs.
2. Səslər, B., Azərnəşr, 1967, 226 səh., 10000 nüs.
3. Xəzan (miniatürlər və hekayələr), B., Gənclik, 1968, 106 səh., 15000 nüs.
4. Babamın ürəyi (miniatürlər və hekayələr), B., Azərnəşr, 1969, 164 səh., 11000 nüs.
5. Bir ömür azdır (miniatürlər), B., Gənclik, 1971, 102 səh., 12000 nüs.
6. Səni görəndə, B., Azərnəşr, 1973, 115 səh., 20000 nüs.
7. Mən yadına düşəndə, B., Gənclik, 1975, 114 səh., 10000 nüs.
8. Miniatürlər, B., Azərnəşr, 1977, 115 səh., 20000 nüs.
9. Bitməmiş gündəlikdən, B., Yazıçı, 1979, 167 səh., 17000 nüs.
10. Xoşbəxt o adamlar ki. B., Yazıçı, 1986, 398 səh., 30000 nüs.