Nəzərli Hacıbaba Hacı Ələsgər oğlu – nasir, 1934-cii ildən Azərbaycan Yazıçılar Birliyinin üzvü
1895-ci il martın 22-də Azərbaycanın Şamaxı şəhərində doğulub. M.Ə.Sabirin “Ümid” məktəbini bitirib. Azərbaycanda sovet hakimiyyətinin qurulması uğrunda mübarizədə fəal iştirak edib. Qızıl Orduda xidmət etdiyi dövrdə siyasi komissar kimi milli diviziyanın təşkilində ciddi çalışib. Eyni zamanda Bakıda dərc olunan “Qızıl əsgər” qəzetinin redaktoru olub. Ədəbi fəaliyyətə 1925-ci ildən publisist yazıları, oçerk və hekayələri ilə başlayıb. Azərbaycan Proletar Yazıçıları Cəmiyyətinin məsul katibi seçilib (1929- 1930). “Yollar” (1931), “Yanğın” (1931, şərikli), “Sabir” (1936) pyeslərini yazib, V.Şekspirin “Maqbet”, M.Qorkinin “Yeqor Bulıçov və başqaları” əsərlərini doğma dilə çevirib. Moskvada Qırmızı Professura İnstitutunda təhsilini davam etdirib (1930-1933). Sonra Bakıda ali məktəblərdə fəlsəfə və xarici ədəbiyyat fənlərindən mühazirələr oxuyub, eyni zamanda Azərbaycan Sovet Yazıçıları İttifaqı təşkilat komitəsinə sədrlik edib (1933-1934). Azərbaycan Dövlət Dram Teatrının direktoru işləyib (1934-1939).10 iyul 1937-ci il tarixdə Xalq Daxili İşlər Komissarının müavini Borşev H.Nəzərlinin Azərbaycan SSR C/M-nin 72-73-cü maddələri ilə həbs edilməsi haqqında qərara imza atıb. 11 iyul 715, 16 iyul 62 saylı orderlərlə Hacıbaba Nəzərli həbs edilib. 8 yanvar 1938-ci il tarixdə isə SSRİ Ali Məhkəməsi Hərbi Kollegiyasının Səyyar Sessiyasının 20 dəqiqəlik məhkəmə iclasının qərarına əsasən H.Nəzərli Azərbaycan SSR C/M-nin 64,70,73-cü maddələri ilə təqsirli bilinərək ona I kateqoriya ilə ölüm hökmü çıxarılıb. Hökm 9 yanvar 1938-ci ildə yerinə yetirilib.
Həyat yoldaşı Zivər Nəzərli vətən xaininin həyat yoldaşı kimi 10701 istintaq işi 22 noyabr 1937-ci il tarixdən hesablanmaqla, 9 aprel 1938-ci ildən cəzasını İslah-Əmək Düşərgəsində çəkməklə 8 il müddətinə azadlıqdan məhrum edilib. Bu vaxtadək onun yeni cəmiyyət uğrunda mübarizə, köhnəliyin tənqidi mövzusunda qələmə aldığı “Casusun yardımçısı” (1926), “Qışlaqan kəndə” (1927), “Laçın” (1928), “Satqın” (1930), “Ölülər rəqs edərkən” (1930) kitabları çıxmışdır. O, ictimai xadim idi. Azərbaycan KP XII qurultayında MK üzvlüyünə namizəd, VII Zaqafqaziya Sovetlər qurultayında ZSFSR MİK-nin üzvü seçilmişdir (1935).
Repressiyaya uğrayıb. 1938-ci il yanvarın 28-də xalq düşməni kimi güllələnib. 17 ildən sonra bəraət verilib.
Əsərləri:
1. Casusun yardımçısı (1926)
2. Qışlaqdan kəndə (1927)
3. Laçın (1928) Satqın (1930)
4. Ölülər rəqs edərkən (1930)
Kitablar:
1. Seçilmiş əsərləri, B., 1963, 283 səh., 20000 nüs.
2. Qaratel (hekayələr), B., Gənclik, 1969, 58 səh., 15000 nüs