Quliyev Mustafa Zəkəriyyə oğlu – tənqidçi, ədəbiyyatşünas, publisist, 1934-cü ildən Azərbaycan Yazıçılar Birliyinin üzvü
1893-cü il mayın 24-də Azərbaycanın Şəki şəhərində xırda alverçi ailəsində doğulub. Burada ibtidai və realnı məktəbi, Tiflisdə gimnaziyanı bitirib (1913). Kiyev Universitetinin fizika-riyaziyyat fakültəsində təhsil alıb. Tələbəlik dövrü inqilabi hərəkata qoşulub, RK(b)P Kiyev komitəsi müsəlman bölməsinin sədri seçilib (1918). Bakıda, Azərbaycan bolşeviklərinin gizli fəaliyyətində iştirak edib. Lənkəran qəzasında yerli bolşeviklərin köməyi ilə kəndlərdə partiya özəkləri yaradıb (1919). Azərbaycanda Sovet hakimiyyəti qurulduqdan sonra Lənkəran qəza inqilab komitəsinin sədri (1920), AK (b)P Qaraşəhər rayon komitəsinin katibi (1921-1922), Azərbaycan SSR Xalq maarifi komissarı (1922-1928), “Maarif və mədəniyyət”, onun xələfi “İnqilab və mədəniyyət” jurnallarının (1923-1926; 1929-1932) məsul redaktoru vəzifələrində işləyib. RK (b)P XI qurultayında iştirak edib, Zaqafqaziya partiya təşkilatının bir qrup nümayəndəsi ilə V.İ.Leninin qəbulunda olub. Moskvada Kommunist Akademiyasını bitirəndən sonra Qarayazı MTS-nin siyasi şöbə rəisi, Qazaxıstanın Çimkənd şəhər Partiya komitəsində katib, Odessa Vilayət Partiya Komitəsində şöbə müdiri olub (1937), Azərbaycan MİK, Zaqafqaziya MİK, AK (b)P MK və BK üzvü seçilib. “Ə.Əbdülhəsənin “Dünya qopur” romanı haqqında”, “S.Vurğun yaradıcılığı yüksəliş yolunda”, “Sabir füqəra şairidir”, “Yoldaş Nərimanov haqqında”, “Azərbaycanda teatro və teatr məsələləri”, “Hazırkı Azərbaycan ədəbiyyatı haqqında”, “M.F.Axundovun yaradıcılığı”, “Simurğun bədii yaradıcılığı”, “Hüseyn Cavidin “Uçurum”u”, “Zaqafqaziya xalqlarının mədəni birliyi”, “Ədəbiyyat cəbhəsində mübarizə” və s.klassik və müasir Azərbaycan ədəbiyyatına dair məqalələri, “Oktyabr və türk ədəbiyyatı” (1930) kitabı mədəni irsə münasibətdə, sovet ədəbiyyatının nəzəri məsələlərində vulqar sosiologizm meyllərinə baxmayaraq, Azərbaycan sovet ədəbi tənqid və ədəbiyyatşünaslığının ilk nümunələri kimi qiymətlidir. Bunlar Azərbaycanda marksist estetika və ədəbi tənqidin yaranmasında və inkişafında faydalı olmuşdur.
Xalq Daxili İşlər Komissarlığının rəisi, təhlükəsizlik komissarı Sumbatovun qərarı ilə Mustafa Quliyev 2 avqust 1937-ci il tarixdə həbs edilərək XDİK idarəsinin həbs evində saxlanılıb. M.Quliyev SSRİ Ali Hərbi Məhkəmə Kollegiyasının 2 iyul 1938-ci il tarixdə keçirilmiş iclasında Azərbaycan SSR C/M-nin 64,70,73-cü maddələri ilə təqsirli bilinərək ən ağır cəzaya – güllələnməyə məhkum edilib. Hökm o günü yerinə yetirilir.
1938-ci ildə cəza tədbirləri dövründə ölümə məhkum olunub.
Əsərləri:
1. Azərbaycanda Oktyabr düşmənləri, 1927, 30 səh., 3000 nüs.
2. Mədəni inqilab və islam, B., Azərnəşr, 1928, 52 səh., 2000 nüs.
3. Türk qadınının yolu, B., Azərnəşr, 1930, 46 səh., 5000 nüs.
4. Cinayət nədir və haradan baş verir, İctimai-iqtisadi İnstitutun nəşri, 1935, 32 səh., 1500 nüs.