Ələkbərzadə Məmmədkazım — tənqidçi, 1934-cü ildən Azərbaycan Yazıçılar Birliyinin üzvü
1905-ci il yanvarın 24-də Dərbənd şəhərində ziyalı ailəsində doğulub. Burada orta məktəbi bitirdikdən sonra Bakıda, APİ-nin Dil və Ədəbiyyat fakültəsində təhsil alıb (1923-1927). Gəncə vilayət xalq maarif şöbəsinin müdiri, “Qızıl Gəncə” jurnalı redaksiyasının təşkilatçısı və baş redaktoru işləyib (1927). Bir ildən sonra Mahaçqala şəhərinə “Dağıstan füqərası” qəzetinin nəşrini təşkil etməyə göndərilib (1928-1930). “Maarif yolu” jurnalının məsul katibi olub. Dağıstan KP Vilayət Komitəsinin göndərişi ilə Moskvada Qırmızı Professorlar (1930-1934) institutunda təhsilini davam etdirib. ÜİK(b)P MK onu Azərbaycana partiya işinə göndərilib. ADU-nun rektoru, müxtəlif illərdə Azərbaycan Yazıçılar İttifaqı İdarə Heyətinin sədri, Azərbaycan KP MK yanında “Kommunist” nəşriyyatının direktoru, “Ədəbiyyat qəzeti”, “Bakinski raboçi”, ‘Vışka” qəzetlərində, “Temp”, “Udarnik”, “Revolyusiya və kultura”, “Firqə işçisi” jurnallarında baş redaktor olmuşdur. Bu dövrlərdə milli ədəbiyyatşünaslığın və fəlsəfi fikrin inkişafı uğrunda ardıcıl mübarizə aparıb. 1934-cü ildə Azərbaycan sovet yazıçılarının I qurultayında İttifaqın İdarə Heyətinin sədri seçilib. Ədəbi irsi zəngindir. 20-30-cu illərdə dövri mətbuatda publisist və ədəbi-tənqidi məqalələri ilə çıxış edib. “Oktyabr inqilabı və Azərbaycan ədəbiyyatı”, “Şura ədəbiyyatı yüksəliş yollarında”, “Aprel ədəbiyyatı”, “Aydın”dan “Yaşar”a “Dönüş” və s. məqalələrində Azərbaycan sovet ədəbiyyatının aktual problemlərinə toxunub. Milli dildə fəlsəfə dərsliyinin yaradılmasında, V.İ.Leninin seçilmiş əsərlərinin Azərbaycan dilində nəşrinin redaktəsində fəal çalışıb. SSRİ Yazıçılarının I qurultayında Azərbaycan ədəbiyyatının vəziyyəti haqqında məruzə ilə çıxış edib.
Xalq Daxili İşlər Komissarlığının təhlükəsizlik mayoru Gerasimovun imzası ilə Məmmədkazım Ələkbərli Azərbaycan SSR C/M-nin 72/73-cü maddələri ilə təqsirli bilinib. 5 avqust 1937-ci il 978 saylı “Order”ə əsasən M.Ələkbərli həbs edilib və evində axtarış aparılıb. Müttəhim XDİK-in həbsxanasına göndərilib.
12 oktyabr 1937-ci il tarixdə SSRİ Ali Hərbi Kollegiyasının Səyyar Sessiyası tərəfindən M.Ələkbərli güllələnməyə məhkum olunub.
1938-ci ildə cəza tədbirləri dövründə güllələnib.
Əsərləri:
1. İdealizm və materializm və yaxud yeni fəlsəfə, B., 1927, 50 səh., 1000 nüs.
2. Yeni əlifba və orfoqrafiya, Mahaçqala, Dağıstan Yeni Əlifba Komitəsi nəşri, 1929, 55 səh., 1000 nüs.
3. Azərbaycan ədəbiyyatı, B., Azərnəşr, 1935, 40 səh., 4000 nüs.