Rəsulzadə Ağahüseyn Əli oğlu – şair, publisist, 1934-cü ildən Azərbaycan Yazıçılar Birliyinin üzvü
1884-cü ildə Azərbaycanda, Bakı quberniyasında Balaxanı qəsəbəsində fəhlə ailəsində doğulub. İbtidai təhsilini mədrəsədə alıb, üç ildən sonra neft mədənlərində fəhlə kimi əmək fəaliyyətinə başlayıb. Marksist dərnəklərində iştirak edib (1903), ilk dəfə siyasi nümayişə çıxıb (1903), Balaxanı neft mədənləri fəhlələrinin siyasi çıxışlarının təşkilatçılarından biri olub. 1904-cü il dekabr nümayişləri ərəfəsində Balaxanı tətil komitəsi tərkibinə seçilib. “Hümmət” sosial-demokrat təşkilatının fəaliyyətinə yaxından kömək edib. İrtica dövründə gizli siyasi işi leqal mədəni-kütləvi işlə əlaqələndirib. İstedadlı proletar şairi və publisisti kimi kəskin siyasi məqalələri və əsərləri ilə fərqlənib. O, özü ədəbi yaradıcılığına M.Ə.Sabirin ciddi təsirini etiraf edib. Onun poeziyasında vətəndaşlıq pafosu güclü idi. 1917-ci il fevral inqilabından sonra RSDFP Balaxanı rayon komitəsi tərkibinə seçilib. Balaxanı rayon şurası icraiyyə komitəsinin müavini, sonra sədri olub. Bakı sovetinə üzv seçilib. Burada geniş siyasi fəaliyyətə qoşulmuşdur. Gəncədə RK(b)P gizli mahal komitəsində işə göndərilib. 1920-ci ildə Balaxanı–Sabunçu inqilabi komitəsi tərkibinə seçilib, bu rayonun birinci sahə üzrə milis komissarı işləyib (1920). Gəncə qəza partiya komitəsi tərkibinə daxil olub. “Qırmızı Gəncə” qəzetinin təşkilində əməli fəaliyyət göstərib, bu qəzetin redaktoru olub. Tovuz qəzasına milis rəisi və fövqəladə komissiyanın sədri kimi məsul işə göndərilib. Sonra həmin vəzifədə Gəncədə işləyib. DQMV MİK sədrinin müavini, eyni zamanda Şuşa İcraiyyə Komitəsinin sədri olub (1925-1927). Bir sıra məsul partiya və sovet vəzifələrində çalışıb (1928-1933). AK(b)P MK partiya kollegiyasının sədri işləyib. Onun “Muzdur” adlı ilk kitabı 1927-ci ildə çıxıb. Şuşada “Azərbaycan ədəbiyyatı cəmiyyəti” şöbəsinə başçılıq edib. Azərbaycan Yazıçılar İttifaqının yaradıcılarından biri olub. Həyatının son dövrlərində “Yeni yol” qəzeti redaksiyasında redaktor müavini işləyib.
1938-ci il cəza tədbirləri dövrünün qurbanı olub.
Əsərləri:
Nöqsanlarımız. B., Orucov qardaşlarının elektrik mətbəəsi, 1911, 15 səh., 4500 nüs.