Çobanzadə Bəkir Vahab oğlu – ədəbiyyatşünas, mətnşünas, 1934-cü ildən Azərbaycan Yazıçılar Birliyinin üzvü, filologiya elmləri doktoru(1920), professor (1922)
1893-cü il mayın 15-də Krım vilayəti Simferopol qəzasının Qarasubasar şəhərində anadan olub. Burada ibtidai təhsil alıb. 14 yaşında ikən qeyri-adi zəkası ilə diqqəti cəlb edib. Dini Xeyirxahlar Cəmiyyəti onu Türkiyəyə Qalatasaray liseyi – “Sultaniyyə”yə təhsilini davam etdirməyə göndərib (1908-1918). İlk şeirlərini, “Anan harda?” poemasını tələbəlik dövründə qələmə alıb. İstanbul Universiteti nəzdində olan üçillik ali kursda ərəb və fars dillərini mükəmməl öyrənib. Türkiyədə “Müstəqil tatar Krımı” ideyaları ilə yaşayan gənclərdən ibarət "Krım-tatar tələbə cəmiyyəti”nin yaradıcılarından və rəhbərlərindən olub. Sonra Budapeşt Universitetinin tarix-filologiya fakültəsində türk, ərəb və macar filologiyası ilə yaxından tanış olub, doktorluq dissertasiyası müdafiə edib. Budapeştdə türk dilində çıxan “Şərq” qəzetinin redaktoru olub (1919). “Krım”, “Göy kitab” (İstanbul) məcmuələrində və “Şərq” qəzetində şeirləri dərc edilib (1918-1919). Bu dövrdə Türkiyə, Krım, Orta Asiya və Rusiya dövri mətbuatında ictimai-siyasi, elmi məqalələrini müxtəlif imzalarla çap etdirib. Sonralar “Türk ensiklopediyası”nda, “Çoban oğlu”, “Bəkir Baybək”, “Bəkir Cavbək”, “Bəkir Yaybək”, “Çoban oğlu Bəkir Sidqi” imzaları ilə məqalələri dərc olunmuşdur. Vətənə qayıtdıqdan sonra Krım inqilabi komitəsinin rəisi, Krım Maarif Komissarlığında tatar lisaniyyatı və ədəbiyyatı şöbəsinin müdiri olub (1920-1922), eyni zamanda ali məktəblərdə, elmi-tədqiqat institutlarında çalışıb. Krım Universitetində Şərq fakültəsinin professoru kimi krım-tatar dili və ədəbiyyatından mühazirələr oxuyub. Eyni zamanda Krım Mərkəzi İcraiyyə Komitəsinin üzvü kimi ictimai fəaliyyətini davam etdirib. Krım Universitetinin rektoru olub. S.Ağamalıoğlunun dəvəti ilə Azərbaycanda yeni əlifba komitəsinin sədri, Yeni türk əlifbası Ümumittifaq Mərkəzi Komitəsinin rəhbəri təyin edilib. Orta Asiyada, Tatarıstanda, Başqırdıstan və Krımda latın əlifbasına keçidlə əlaqədar iş aparıb, eyni zamanda Tavrid, Bakı, Daşkənd, Fərqanə və Buxara ali məktəblərində türkologiyanın ayrı-ayrı problemlərinə dair mülahizələr oxuyub (1920-1936). Bu illərdə Britaniya və Ərdəbil nüsxələri əsasında Xətai divanının müqayisəli mətnini hazırlayıb. I Ümumittifaq Türkologiya qurultayının təşkilində fəal çalışıb (1926). Türk xalqlarının yeni əlifbaya keçməsində fəal mübarizə aparıb, Moskvada təlimatçı kurslarında mühazirələr oxuyub (1928). Azərbaycan Baş Elmi İdarəsində terminologiya komitəsinə rəhbərlik edib, eyni zamanda Azərbaycan Dövlət Universitetinin Şərqşünaslıq fakültəsində kafedra müdiri, dekan vəzifəsində çalışıb (1924-1929). Moskvada Şərq Xalqları İnstitutunun həqiqi üzvü seçilib (1928).
Azərbaycan Dövlət Elmi-Tədqiqat İnstitutunun aspirantura şöbəsinin müdiri işləyib (1929). SSRİ EA Zaqafqaziya filialı Azərbaycan şöbəsinin (1932), SSRİ EA Azərbaycan filialının (1935) həqiqi üzvü seçilib.
Paris Dilçilik Cəmiyyətinin üzvü olub. Bir sıra Avropa yazıçıları onun tədqiqat və elmi maraq dairəsinə vüsət veriblər. Nəzəri-filoloji irsi zəngin və çoxcəhətli idi. Sovet Şərqində yaşayan türk xalqlarının bədii ədəbiyyatının, müasir ədəbi prosesin nəzəri problemlərinin tədqiqinə və dil tarixinin yaranmasında təqdirəlayiq xidmətləri olub. O, bir sıra monoqrafik əsərlərlə yanaşı, “Türk dilinin metodikası” (1932), “Elmi qramerin əsasları” (1932) kitablarını şərikli tərtib edib. Elmi məqalələri və bədii əsərləri dövri mətbuatda müntəzəm çap olunub. İlk şeirlər məcmuəsi özbək dilində kütləvi tirajla buraxılıb (1971).
1937-ci il yanvarın 28-də Kislovodskdə “Qornyak” sanatoriyasında istirahətdə ikən həbs edilib. 26 yanvar 1937-ci ildə evində axtarış aparılıb. 12 oktyabr 1937-ci ildə SSRİ Ali Məhkəməsi Hərbi Kollegiyasının Səyyar Sessiyası B.Çobanzadəni C/M 64,63-1,70,73-cü maddələri üzrə ən yüksək cəzaya –– güllələnməyə məhkum etmək hökmünü verib.
Dəfn yeri məlum deyildir.
Əsərləri:
1. Türk dili və ədəbiyyatının tədrisi üsulu. B., Azərnəşr, 1926, 264 səh. 5000 nüs.
2. Türk qrameri. B., Azərnəşr, 1930, 202 səh, 5000 nüs.
3. Türk ədəbiyyatı (əski türk ədəbiyyatının xülasələri), B., 1929, 81 səh., 1200 nüs.
4. Türk ədəbiyyatı (xalq ədəbiyyatı xülasələri), B., 1929, 51 səh., 1300 nüs.
5. Qumık dili və ədəbiyyatı tədqiqləri, B., Azərbaycanı Tədqiq və Tətəbbö Cəmiyyətinin nəşriyyatı, 1926, 105 səh., 1000 nüs.
6. Türk dili (birinci kurs), B., Azərnəşr, 1929, 219 səh., 1300 nüs.
7. Türk dili və ədəbiyyatının tədris üsulu. I hissə, B., Azərnəşr, 1926, 264 səh., 5000 nüs.