Sanıyev Hacıkərim Hüseyn oğlu – şair, pedaqoq, 1934-cü ildən Azərbaycan Yazıçılar Birliyinin üzvü
1878-ci ilin baharında Azərbaycanın Qazax mahalının Çaylı kəndində doğulub. İbtidai təhsilini kənd mollaxanasında aldıqdan sonra Zaqafqaziya (Qori) müəllimlər seminariyasını bitirib (1893-1898). Pedaqoji fəaliyyətə Xaçmaz kəndində müəllim və məktəb nəzarətçisi kimi başlayıb (1898-1902). Sonra Yelizavetpolda (indiki Gəncədə) məscid yanında olan rus-tatar məktəbində müəllimlik edib, eyni zamanda şəhərin mədəni işlərində fəal çalışıb (1902-1904). Qazax mahalının Poylu, eləcə də Dağkəsəmən kəndlərində müəllimlik edib (1904-1910). Sankt-Peterburq müəllimlər institutunda bir aylıq əl əməyi kurslarında olub (1910). Pedaqoji fəaliyyətinə görə III dərəcəli Müqəddəs Stanislav ordeni ilə təltif edilib (1913). Ədəbi yaradıcılığa inqilabdan əvvəl başlayıb, ilk şeirlərini dövri mətbuatda çap etdirib. Onun “Mahnılar” adlı ilk şeir məcmuəsi 1919-cu ildə Bakıda çıxıb. Sovet hakimiyyəti qurulduqdan sonra maarif cəbhəsində ciddi fəaliyyət göstərib. Yeni əlifbanın yaradılması və həyata keçirilməsi, dərsliklərin tərtibi sahəsində fədakarlıqla çalışıb, eyni zamanda Azərbaycan istehlak kooperasiyası və sovet ticarəti institutlarında, son illərdə isə 25 saylı Bakı şəhər məktəbində müəllim işləyib. Repressiya dövründə həbs olunub güllələnməyə məhkum edilib.
Əsərləri:
1. Kəndimiz və aran köçü, B., Azərnəşr, 1927, 63 səh., 5000 nüs.
2. “Namus” davası, B,, Azərnəşr, 1927, 59 səh., 3000 nüs.
3. Dəli öküz, B., Azərnəşr, 1927, 34 səh., 5000 nüs.
4. Meymun və ilan, B., Azərnəşr, 1927, 35 səh., 5000 nüs.
5. Turut qaçaqları, B., Azərnəşr, 1935, 128 səh., 8000 nüs.
6. Turut qaçaqları, B., Azərnəşr, 1964, 92 səh., 5000 nüs.