Əfəndiyev Qafur Sədrəddin oğlu – nasir, 1934-cü ildən Azərbaycan Yazıçılar Birliyinin üzvü
1888-ci ildə Azərbaycanın Göyçay şəhəri yaxınlığında Potu kəndində doğulub. İbtidai təhsilini mədrəsədə, orta təhsilini dövrün mütərəqqi fikirli maarifpərvər ziyalılarından İbrahim Həqqinin yeni üsulda açdığı rus-müsəlman məktəbində alıb. Ağdaş, Göyçay rayonlarında müəllimlik edib. Bir müddət Göyçayda “İqbal” məktəbinin müdiri olub, məhz həmin vaxtlar “Tazə həyat”, “Tərəqqi” və s. qəzetlərdə elmi-pedaqoji məqalələrlə çıxış edib. M.Ə.Sabir və A.Səhhətlə şəxsən tanışlığı və görüşü ona ciddi təsir bağışlayıb. Türkiyənin İstanbul Universitetinin tarix-filologiya fakültəsini bitirib (1911-1914). 1916-cı ildə “Nəşri-maarif”‘ cəmiyyətinin dəvəti ilə Qubaya gedib yeni üsullu məktəbin açılmasında iştirak edib, həmin məktəbdə əvvəlcə müəllim, sonra direktor vəzifəsində çalışıb. Bakı Ali Pedaqoji İnstitutu nəzdində fəaliyyət göstərən “Şaiq” məktəbinə rəhbərlik edib. Sovet hakimiyyəti qurulduqdan sonra Bakıda ADU-nun tibb fakültəsində təhsil alıb (1924-1929). “Molla Nəsrəddin” ədəbi məktəbinin ənənələri əsasında satirik hekayələr qələmə almaqla Azərbaycan sovet satirik nəsrinin təşəkkülünə müəyyən təsir göstərmişdir. Onun əsərlərində yeni həyat tərənnüm olunur, ictimai tərəqqiyə mane olan köhnəlik və azadlıq düşmənləri kəskin satira atəşinə tutulur.
Bir maraqlı faktla da üzləşdik ki, aldığı müfəssəl təhsillə heç zaman kifayətlənməyən Qantəmir 1924-cü ildən müəllimlikdən ayrılmadan Azərbaycan Dövlət Universitetinin tibb fakültəsinə daxil olub. Müəllim, yazıçı olan Qantəmir diş həkimi kimi də həmvətənlərinə xidmət göstərib. Bütün fəaliyyəti müddətində əsl vətəndaş yanğısı ilə xalqın maariflənməsinə çalışan Qantəmir həm də millətin mənəvi və fiziki sağlamlığı yolunda da öz töhfəsini əsirgəməyib.
Azərbaycanda Sovet hakimiyyəti qurulduqdan sonra da xalq maarifi sahəsində işləmiş, Göyçayda müəllim hazırlamaq üçün qısamüddətli pedaqoji kurslar təşkil etmişdir. Sonralar Bakıda Ali Pedaqoji Ġnstitutun nəzdində təşkil edilmiş Abdulla Şaiq adına ikinci dərəcəli nümunə məktəbində direktor vəzifəsində çalışmış, 1937-ci ildə Ağsu rayonuna köçüb diş həkimi işləmiş, 1939-cu ildə həbs olunaraq, Orta Asiyaya sürgün edilmişdir.
Sağlığında bir neçə kitabı işıq üzü görən Qantəmir ölkəni bürümüş repressiyalardan çəkdiyi mənəvi əzablar nəticəsində 1944-cü ildə 56 yaşında dünyasını dəyişib.
Əsərləri:
1. Ağıl dəryası (hekayələr), 1930, 138 səh., 3000 nüs.
2. Şarlatanlar (hekayələr), 1934, 102 səh., 4000 nüs.
3. Kolxozsatan, B., Azərnəşr, 1935, 135 səh., 4000 nüs.
4. Seçilmiş əsərləri, B., Azərnəşr, 1964, 130 səh., 10000 nüs.
5. Seçilmiş əsərləri, B., Azərnəşr, 1972, 350 səh., 20000 nüs.