Axundzadə Cavad Məhəmmədəli oğlu – şair, tərcüməçi, 1934-cü ildən Azərbaycan Yazıçılar Birliyinin üzvü, professor (1933)
1892-ci il mayın 5-də Azərbaycanın Gəncə qəzasının Şəmkir dairəsinin Seyfəli kəndində doğulub. İbtidai təhsilini mollaxanada alıb. Atasını erkən itirdiyindən anasının himayəsində yaşayıb. Gəncədə cəmiyyəti-xeyriyyə məktəbində, Gəncə ruhani seminariyasında təhsil alıb (1906-1912). Burada ərəb, fars dillərini və Şərq ədəbiyyatını dərindən öyrənib. İstanbulda “Qafqaz könüllü dəstəsi” tərkibində yadellilərə qarşı döyüşlərdə iştirak edib (1912). Qafqaz Şeyxülislamı Məhəmməd Pişnamazzadəyə imtahan verib müəllimlik şəhadətnaməsi alıb (1913). “Qara dəniz” şeirini yazıb (1914). Bu şeirə bəstələnən marş Türkiyənin ali məclislərində səsləndirilir. Doktor Xosrov bəy Sultanovun təşkil etdiyi “Cəmiyyəti-xeyriyyə”nin sədr müavini kimi bir müddət Şimali Qafqaz, Qars, Ərdəhan, Ərzurum, İstanbul, Gürcüstan, Dağıstan regionlarında ön cəbhə xəttində xeyriyyəçilik fəaliyyəti ilə yanaşı, bir jurnalist kimi Bakı və Tiflis mətbuatına məqalələr, cəbhə xəbərləri yazıb göndərib (1914-1915). İlk mətbu əsəri L.Tolstoydan tərcümə etdiyi “İlyas və övrəti Şamşimaçı” hekayəsidir (“Səda”, 1911). Azərbaycan nümayəndə heyəti tərkibində Türkiyədə olub (1916-1918). İlk şeir məcmuələri – “Qoşma” (1916), “Dalğa” (1919) və “Türk dilinin sərf və nəhvi” (1919) dərsliyi Bakıda nəşr olunub. Azərbaycan Demokratik Cümhuriyyətinin Dövlət himnini (musiqisi Ü.Hacıbəylinindir) yaradıb. Azərbaycan Dövlət Darülfünunun təşkilində yaxından iştirak edib. Quba qəzasının Qusar rayonu Xuluq kəndində rus və Azərbaycan dili müəllimi, məktəb direktoru (1920-1922), Azərbaycan ali pedoqoji institutunun tarix və filologiya fakültəsində təhsilini davam etdirib (1922-1927). Eyni zamanda N.Nərimanov adına texnikumda müəllimlik edib (1923). Siyasi fəaliyyətinə görə həbs olunur (1923). Azərbaycan Şura Yazıçılar Cəmiyyətinin məsul katibi vəzifəsində işləyib (1924-1926). “Göy-göl” şeirinə görə, yenidən həbsə alınıb (1925). Təyinatla Bakıdakı Zaqafqaziya Pambıqçılıq institutuna müəllim göndərilib (1927), Türkiyədə “İstiqlal” məcmuəsində (1928) çap edilən şeirlərinə görə təqib və təhdidlərə məruz qalıb. Gəncədə Azərbaycan Kənd Təsərrüfatı İnstitutunda Azərbaycan və rus dilləri kafedrasında müəllim, dosent kimi çalışıb, kafedraya rəhbərlik edib (1930-1933). 1933 ildə ona professor adı verilib. Gəncə Dram Teatrında ədəbi hissə müdiri olub. Sonra Azərbaycan Dövlət Nəşriyyatının tərcümə şöbəsində redaktor (1934), “Azərbaycanfilm” studiyasında sənədli filmlər şöbəsinin müdiri (1935-1936) işləyib. Şota Rustavelinin “Pələng dərisi geymiş pəhləvan” poemasını orijinaldan doğma dilə çevirib, dövlət müsabiqəsində birinci mükafata layiq görülüb (1937). 1929-1937-ci illərdə A.S.Puşkin, İ.S.Turgenev, M.Qorki, T.Şevçenko, K.Hamsun, V.Şekspir, F.Rable və başqa klassiklərdən tərcümə etdiyi 17 kitab müxtəlif illərdə nəşr olunub. “Xalq düşməni” kimi Azərbaycan Yazıçılar Birliyi üzvlüyündən xaric edilib (1937, 21 mart), iki aydan sonra həbs olunub.
1937-ci il oktyabrın 12-də güllələnib. 18 ildən sonra “işində” cinayət tərkibi olmadığı üçün bəraət verilib. Bundan sonra adı və əsərləri qadağan edilən şairin “Şeirlər” (1958) və “Sən ağlama, mən ağlaram” (1991) kitabları, tərcümə etdiyi F.Rablenin “Qarqantua və Pantaqruel” (1961) əsəri, V.Şekspirin “Otello” “Romeo və Cülyetta” faciələri (1962), Ş.Rustavelinin “Pələng dərisi geymiş pəhləvan” poeması (1978) nəşr olunur.
Bakı küçələrindən birinə onun adı verilib.
Əsərləri:
1. Şeirlər, B., Azərnəşr, 1958, 162 səh., 10000 nüs.
2. Seçilmiş əsərlər (iki cilddə), I c., B., 1992, 326 səh., 8000 nüs.
3. Seçilmiş əsərlər (iki cilddə) II c., B., 1992, 237 səh., 8000 nüs.