Şahbazi Tağı – nasir, publisist, 1934-cü ildən Azərbaycan Yazıçılar Birliyinin üzvü
Bakı Dövlət Universitetinin ilk azərbaycanlı rektoru Tağı Şahbazi Simurq 1892-ci ildə Bakıda anadan olub. İbtidai təhsilini mollaxanada alıb. 1902-1905-ci illərdə İçəri şəhərdə 9 saylı məktəbdə, sonra Həbib bəy müdir olduğu birinci rus-tatar məktəbində təhsilini davam etdirib.
Realnı məktəbi bitirdikdən bir il sonra, 1913-cü ildə Bakıda Üçüncü Gimnaziyada latın dilindən imtahan verib şəhadətnamə alıb, onun əsasında həmin il Xarkov Darülfünunun Fizika və Riyaziyyat fakültəsinin Təbiyyat şöbəsinə daxil olub. Tələbəlik həyatı inqilabi hadisələr mühitində keçib. 1914-cü ildə Darülfünunun Tibb şöbəsinə keçməsi onu inqilabçı tələbələrə daha da yaxınlaşdırmışdır. 1915-ci ildə "Sosial-Demokrat Bolşevik Firqəsi"nin tələbə fraksiyasına daxil olub. 1917-ci ildə Bakıda "Hümmət" təşkilatında, 1918-ci ildə Xarkovda "Cənub türk-tatar işçisi" hərəkatında fəal çalışıb.1919-cu ildə Ukrayna K(b)P MK yanında "Hümmət" müsəlman bürosunun sədri, RSFSR Xalq Milli İşlər Komissarlığı Zaqafqaziya müsəlmanları şöbəsinin katibi, Şərq Xalqları Kommunist təşkilatları bürosunda məlumat şöbəsinin müdiri olub.
1922-1923-cü illərdə Azərbaycan Xalq Maarif Komissarının müavini, 1923-cü ildə “Maarif və mədəniyyət” jurnalının redaktoru, 1923-1926-cı illərdə Azərbaycan MİK katibi, 1926-1929-cu illərdə ADU-nun rektoru, 1930-1937-ci illərdə Azərbaycan Xalq Səhiyyə Komissarının müavini vəzifələrində çalışıb.
Bədii yaradıcılığa inqilabdan əvvəl başlayıb. "Quşlar kimi azadə", "İyi aləm", "Südçü qız", "Şəkərli çoban", "Aclar" və s. hekayələrində istismar dünyası, dini fanatizm, xalqa yad "ziyalılar" tənqid olunur.
Sovet dövrü əsərlərində yeni həyat quruculuğu, qadın azadlığı mövzuları əsas yer tutur. Bunlar "Haqsızlıq dünyası", "Hacı Salman", "Ağanın kənizi", "Məşədi Qədimin evində bədbəxtlik", "Azadlıq üçün cinayət", "Zərifə", "Küləkli bir axşam" və s. hekayələrində öz əksini tapıb. 1932-ci ildə yazdığı "Düşmənlər" povesti kollektivləşmə dövründə kənddə gedən sinfi mübarizədən bəhs edir.
XDİK-in təhlükəsizlik kapitanı Çinmanın təqdimatı ilə Tağı Şahbazinin 11 iyun 1937-ci ildə həbs olunması üçün order yazılıb.11 iyul 1937-ci ildə isə əks-inqibaçı, burjua-millətçi kimi həbs edilir.
Uzun, ağır, məşəqqətli, dözülməz günlərdən sonra 2 yanvar 1938-ci il tariхdə SSRİ Ali Hərbi Kollegiyasının Səyyar Sessiyasının N.T.Nikiteçenko, B.İ.İevleva, P.E.İş-enkonun sədrliyi ilə keçən qapalı məhkəmənin protokolunda göstərilir ki, Tağı Şahbazinin 15/30-da başlanan məhkəməsi saat 15/45-də bitib. 15 dəqiqəlik keçən məhkəmədə T.Şahbaziyə ölüm hökmü çıхarılıb.
Yazıçının həyat yoldaşı Şahbazi — Paşina Mariya Kirilovnanı 31 noyabr 1937-ci ildə SSRİ MİK-nin 4 iyul 1934-cü il tarixli qərarına əsasən vətən хaininin həyat yoldaşı kimi həbs ediblər. SSRİ XDİK-in yanında Xüsusi Müşavirənin 9 aprel 1938-ci il qərarına əsasən Şahbazi–Paşina Mariya Kirilovna T.Şahbazinin həyat yoldaşı Mariya Paşina–Şahbazi müddəti 5 noyabr 1937-ci ildən hesablanmaqla 8 il müddətinə azadlıqdan məhrum edilib.
Əsərləri:
1. Əsərləri, I c., Azərnəşr, 1935, 289 səh., 3000 nüs.
2. Ağanın kənizi, B., Azərnəşr, 1926, 31 səh., 5000 nüs.
3. Azadlıq üçün cinayət, B., Azərnəşr, 1928, 72 səh., 3000 nüs.
4. Aldanmış ümid, B., Azərnəşr, 1926, 32 səh., 5000 nüs.
5. Qeyrət, B., Azərnəşr, 1932, 43 səh., 3000 nüs.
6. Düşmənlər, B., Azərnəşr, 1933, 67 səh., 3000 nüs.
7. Əzab qorxusu, B., Azərnəşr, 1926, 38 səh., 5000 nüs.
8. Zərifə, B., Azərnəşr, 1930, 141 səh., 3000 nüs.
9. Zərifə, B., Azərnəşr, 1934, 142 səh., 5000 nüs.
10. Yox! (Məşədi Qədimin evində bədbəxtlik), B., Azərnəşr, 1926, 39 səh., 5000 nüs.
11. Seçilmiş əsərləri, B., Azərnəşr, 1960, 244 səh.,15000nüs.
12. Qayçı, B., Azərnəşr, 1965, 15 səh., 10000 nüs.
13. Yox, razı deyiləm, B., Gənclik, 1969, 124 səh., 20000 nüs.
14. Südçü qız, B., Gənclik, 1972, 48 səh., 25000 nüs.
15. Seçilmiş əsərləri, B., Azərnəşr, 1983, 172 səh., 30000 nüs.