Musaxanlı Atababa Daşdəmir oğlu – tənqidçi, ədəbiyyatşünas, 1934-cü ildən Azərbaycan Yazıçılar Birliyinin üzvü
1905-ci il dekabrın 20-də Bakıda sənətkar ailəsində anadan olub. Burada rus-tatar məktəbində ibtidai təhsil alıb, Sovet hakimiyyəti qurulduqdan sonra isə şəhər orta məktəbini bitirib. Ali Pedoqoji İnstitutun dil və ədəbiyyat şöbəsində təhsilini davam etdirib (1921-1924). İnstitutu fərqlənmə diplomu ilə bitirdiyinə görə, Bakı Pedoqoji texnikumuna dil və ədəbiyyat müəllimi təyin olunub. Bakı qız darülmüəllimində və 18 saylı şəhər orta məktəbində uzun müddət müəllimlik edib. O, ali və orta məktəb üçün proqramlar hazırlayıb, dərsliklər yazıb. Ədəbi fəaliyyətə şeirlə başlayib. Hekayə və mənsur şeirlər yazsa da, yaradıcılığında tənqid və ədəbiyyatşünaslıq başlıca yer tutub. Onun 1920-1930-cu illərdə yazdığı “Şaiq – şair və müəllim”, “Ədəbiyyatımız tarixində Sabir”, “Aran köçü və müəllifi”, “Mirzə Fətəlinin ictimai-tərbiyəvi mülahizələri”, “Azərbaycan ədəbiyyatının inkişafı və xüsusiyyətləri” və s. məqalələri, “Kitabi-Dədə Qorqud”a, eləcə də klassik ədəbiyyata dair tədqiqləri milli ictimai-ədəbi fikrin inkişafı üçün faydalı idi, onu zənginləşdirirdi.
1941-ci il avqustun 14-də cəza tədbirləri dövründə həlak olub.