Əhmədov Əmin Mütəllib oğlu – tənqidçi, ədəbiyyatşünas, şair, 1934-cü ildən Azərbaycan Yazıçılar Birliyinin üzvü
1898-ci ildə Bakıda anadan olmuşdur. İlk təhsilini burada almışdır. Türkiyəyə səfər etmişdir (1919). Türkiyədə pedaqoji məktəbi bitirdikdən sonra İstanbul Universitetinin ədəbiyyat fakültəsində təhsilini davam etdirmişdir (1919-1926). İlk gənclik dövründən sərbəst və heca vəznində şeirlər yazmışdır. “Yeni Qafqaz”, “Azəri-türk”, “Odlu yurd” və digər jurnallarda Gültəkin təxəllüsü ilə dərc etdirdiyi şeirlərində Azərbaycan Milli Demokratik Cümhuriyyətinin bolşevik ordusu tərəfindən vəhşicəsinə işğalına, Sibirə sürgünlərə, təqib və təhqirlərə qarşı etirazla yanaşı, sabaha – üç rəngli ay-ulduzlı bayrağın müstəqil Azərbaycan üzərində dalğalanacağı günə inam güclü idi. Ona görə də mühacirətdə yaşayan Azərbaycan gənclərinin konfrans və toplantılarında oxunmuş, hamını birliyə, mübarizəyə ruhlandırmışdır. Onun Türkiyədə qələmə aldığı şeirlər siyasi mühacirlərin köməyi ilə “Buzlu cəhənnəm” adı altında ayrıca kitabda nəşr edilmişdir. 1919-cu ildə Azərbaycana qayıtmış, Bakı Dövlət Universitetində çalışmışdır. Tələbəlik dövründə “Azərbaycan türklərinin ədəbiyyat tarixi” monoqrafik əsərini qələmə almışdır. Təhsildən sonra doğma Bakıya qayıtmış, burada qəzet və jurnallarda müasir və klassik ədəbiyyata, şifahi xalq yaradıcılığına dair ədəbi-elmi məqalələrlə çıxış etmişdir. Azərbaycan Proletar Yazıçıları Cəmiyyəti nəzdində açılan ədəbiyyat seminariyasında müəllimlik etmişdir. Eyni zamanda Bakı darülfununda, eləcə də Bakı maarif evi ədəbiyyat dərnəyində “Oğuznamə”, “Azərbaycan ədəbiyyatının başlanğıcı” mövzusunda məruzələr etmişdir (1927-1928). “Azərbaycan türklərinin ədəbiyyat tarixi”, ‘Türk ədəbiyyatında bayatı-mani növü”, “Bayatının türk xalqları ədəbiyyatında mövqeyi”, “Azərbaycan ədəbiyyatının qədim abidələrindən” monoqrafik əsərləri, eyni zamanda “Kitabi-Dədə Qorqudun mətni haqqında məlumat”, “XVII əsr Azərbaycan ədəbiyyatı”, “Ədəbiyyatımız tarixində Sabirin mövqeyi”, “Mirzə Şəfi haqqında yapılan tədqiqlərə bir baxış”, “Türk el ədəbiyyatına elmi bir baxış (Oğuznamə)” kimi milli ədəbiyyatşünaslıq, folklor və mətbuat tarixi haqqında onlarca məqalələri geniş erudisiyalı alimin zəngin irs yaratdığını sübut edir. Axundovşünaslıq elminin yaranmasında xidmətləri misilsizdir. M.F Axundov ədəbi irsinə həsr etdiyi məqalələri, monoqrafiya və tərtibləri, eləcə də tərcümələri vardır. Məhəmməd Füzulinin “Söhbətül-əsmar” əsərini aşkara çıxarıb elm aləminə tanıtmışdır. “Azərbaycan proletar qəzetçiliyinin tarixinə bir baxış” (1928) məqaləsi Azərbaycan inqilabi jurnalistika tarixinin öyrənilməsinə hədiyyədir. Bakıda 1927-1937-ci illər arasında ədəbi-elmi fəaliyyəti, fundamental axtarışlar, tapıntıları ilə səciyyələnir. Onun ədəbi-tənqidi və elmi irsi Azərbaycan ədəbiyyatşünaslığının yaranmasında mühüm mərhələ təşkil edir.
1937-ci il cəza tədbirlərinin qurbanı olmuşdur.
Kitablarıı:
«Buzlu cəhənnəm». Türkiya. 1948