Qasımov Ənvər Yusif oğlu – nasir, 1957-ci ildən Azərbaycan Yazıçılar Birliyinin üzvü, Rəssamlar Birliyinin üzvü (1964), əmək veteranı (1976)
1914-cü il yanvarın 15-də Azərbaycanın Yevlax rayonunda poçt işçisinin ailəsində anadan olmuşdur. Əslən Ordubadlıdır. İbtidai təhsil aldıqdan sonra Tiflisdə pedaqoji texnikumu bitirmişdir (1929). Əmək fəaliyyətinə Gürcüstan KP MK-nın orqanı “Yeni kənd” qəzeti redaksiyasında ədəbi işçilikdən başlamışdır (1930). “Bir matrosun xatirələri” adlı ilk hekayəsi “Ədəbiyyat cəbhəsində” (1930, № 5-6) jurnalında çıxmışdır. O, Tiflisdə yaşayıb işlədiyi dövrdə yazılarını Ənvər Ülvi təxəllüsü ilə dərc etdirmişdir. 1932-ci ildə Gürcüstan Proletar Yazıçılar İttifaqına üzv olmuşdur. Bakıya köçdükdən sonra “Kommunist” qəzeti redaksiyasında ədəbi işçi, Azərbaycan təsviri incəsənət muzeyində kiçik elmi işçi vəzifələrində çalışmışdır. Repressiya dövrü həbs edilmiş, 6 ay şair Hüseyn Cavidlə bir kamerada qalmışdır (1937). 9 aydan sonra buraxılmış, yenidən tutulub 10 il müddətinə Sibirə sürgün edilmişdir. Sürgündən qayıtdıqdan sonra Balakən rayonunda taxta emalı zavodunda mühəndis-normaçı olmuşdur (1950-1956). Bakıya köçüb burada “Ədəbiyyat və İncəsənət” qəzeti redaksiyasında (1957-1965), sonra “Azərbaycan” jurnalı redaksiyasında (1965-1976) ədəbi işçi vəzifəsində çalışmışdır. Təqaüdə çıxıb fərdi yaradıcılıqla məşğul olmuşdur. 1989-cu il martın 4-də Bakıda vəfat etmişdir.
Əsərləri:
1. Hekayələr, B., Azərnəşr. 1960, 168 səh., 5000 nüs.
2. Hekayələr, B., Azərnəşr, 1964, 137 səh., 4500 nüs.
3. Hekayələr, B., Azərnəşr, 1966, 148 səh., 10000 nüs.
4. Cərrahlar (povest), B., Azərnəşr, 1967, 192 səh., 20000 nüs.
5. Maral Rəhmanzadə (monoqrafiya), B., Azərnəşr, 1968, 16 səh., 2000 nüs.
6. Gənclik illərinə səyahət (povest) B., Gənclik, 1976, 232 səh. 16000 nüs.
7. Düşmənimin düşməni. B., 1978, 326 səh., 15000 nüs.
8. Göyərçin qanadları (hekayələr), B., Gənclik, 1979, 150 səh., 10000 nüs.
9. Düşmənimin düşməni, B., Yazıçı, 1987, 284 səh., 30000 nüs.
10. Hekayələr, B., Azərnəşr, 1984, 372 səh., 35000 nüs. (şərikli)