Zeynalov İsmayıl Novruz oğlu – şair, 1934-cii ildənAzərbaycan Yazıçılar Birliyinin üzvü
1898-ci il martın 25-də Azərbaycanın Qazax qəzasının Qıraqkəsəmən kəndində yoxsul kəndli ailəsində anadan olmuşdur. İlk təhsilini birdərəcəli kənd məktəbində almışdır. Atasının vəfatından sonra məktəbin axırıncı sinfindən çıxıb, bir müddət kənddə sürü, ilxı otarmış, əkinçilik etmişdir. Sonra papaqçı yanında şagird olmuşdur (1913-1920). Qazax qəzasında gizli inqilabi fəaliyyətə qoşulmuşdur (1917). Azərbaycanda Sovet hakimiyyəti qurulduğu ilk illərdən Qazaxda komsomol-Gənclər təşkilatının yaradılmasında fəal çalışmışdır. Sonra Qazax Qəza Partiya Komitəsinə birinci katib seçilmişdir (1922). Moskvada Ali partiya məktəbində təhsil almışdır. Zaqafqaziya Ölkə komitəsi katibi seçilmişdir. Zaqafqaziya Ölkə komitəsinin və MİK-in üzvü olmuşdur (1922-1932). Tovuz, Lənkəran, Nuxa, Sabirabad və s. rayonlarda partiya komitəsinin katibi, icraiyyə komitəsinin sədri işləmişdir. Ağdaş Qəza partiya komitəsinin birinci katibi (1932-1934), Azərbaycan Dövlət Nəşriyyatında direktor (1934-1937), Saatlı rayonunda MTS direktoru (1937-1938) olmuşdur. Bədii yaradıcılığa aşıq şeiri tərzində yazdığı “Gəlirmi?” rədifli şeiri ilə başlamışdır. “Şərq qadını”, “Yeni kənd”, “El aşıqları” məcmuə və toplularında, digər dövri mətbuatda şeirlərini vaxtaşırı dərc etdirmişdir. “Azərbaycan keçmişdə və indi”, “İki həyat içində”, “Kolxozçulara”, “Qadına” şeirlərində, “Oynasın”, “Qafqaz”, “Azərbaycan”, “Bizim dağlar” və s. mahnı və marşlarında yeni cəmiyyəti tərənnüm edir. “Çaylı kommunası”, “Talış elləri” poemaları da bu cəhətdən diqqəti cəlb edir.
1938-ci ildə vəfat etmişdir.
Əsərləri: