Axundov Ruhulla Əli oğlu – tərcüməçi, ədəbiyyatşünas, publisist, 1934-cü ildən Azərbaycan Yazıçılar Birliyinin üzvü
1897-ci il yanvarın 13-də Azərbaycanın Bakı quberniyasının Şüvəlan kəndində müəllim ailəsində doğulmuşdur. Mədrəsədə ibtidai təhsil almış, realnı, sonra ticarət məktəbini bitirmişdir. Əmək fəaliyyətinə Orucov qardaşları mətbəəsində başlamışdır: mətn oxuyan, korrektor, tərcüməçi işləmişdir (1916-1917). Xalq Komissarları Soveti fəaliyyətə başladığı dövrdə “Bakı ətrafı fəhlə, əsgər və matros şurasının əxbarı” qəzetinin (1918), sonra Azərbaycan dilində çıxan gizli bolşevik “Kommunist” qəzetinin (1919) ilk redaktoru olmuşdur. Gizli fəaliyyət zamanı partiyanın ikinci proqramını və Kommunist İnternasionalı I konqresinin manifestini Azərbaycan dilinə çevirmişdir (1919).
Azərbaycanda Sovet hakimiyyəti qurulduqdan sonra “Hürriyyət”, “Bakinski raboçi”, “Kommunist” qəzetlərinin məsul redaktoru işləmişdir (1920-1924). AK (b)P-ni yaratmaq haqqında RK(b)P MK-da məruzə etmək üçün Moskvaya getmiş, burada V.İ.Leninlə şəxsən görüşmüşdür (1920). İlk illərdə yoxsul kəndli komitələrinin təşkilinə, bitərəf kəndlilərin konfransının keçirilməsinə, “Kənd füqərası” adlı həftəlik qəzetin nəşrinə rəhbərlik etmişdir. AK(b)P KM-da kənddə iş şöbəsinin müdiri, AK(b)P BK katibi, (1920-1921), AK(b)P MK katibi, Azərbaycan xalq maarif komissarı, Azərbaycan Dövlət Nəşriyyatının direktoru (1924-1930) vəzifələrində çalışmışdır. ÜİK(b)P Zaqafqaziya Ölkə Komitəsinin katibi (1930), Azərbaycan SSR XKS incəsənət işləri idarəsinin rəisi, SSRİ Elmlər Akademiyası Azərbaycan filialının sədr müavini işləmişdir. Azərbaycan SSR və SSRİ MİK-lərinin bütün çağırışlarının üzvü seçilmişdir. RK(b)P-nin X qurultayından ÜİK (b)P-nin VII qurultayınadək (həm də Kominternin 2- ci konqresinə) nümayəndə seçilmişdir. Marksizm-leninizm klassiklərinin əsərlərinin ilk tərcüməçilərindən, ikicildlik “Rusca-türkcə lüğət”in tərtibçilərindən biri və redaktoru olmuşdur. Fransanın kommunist yazıçısı Anri Barbüslə Bakıda ilk tanışlıq dostluğa çevrilmiş, onunla müntəzəm məktublaşmışdır (1927). Klassik irsin tədqiqi ilə məşğul olmuş, ədəbi-bədii əsərlərin toplanıb nəşr və tərcümə edilməsinə qayğı göstərmişdir. SSRİ EA-nın Azərbaycan filialında, AK(b)P MK yanında Partiya Tarixi İnstitutunda işləmişdir. Tarix, ədəbiyyat və incəsənətə dair bir sıra əsərlərin müəllifidir. Azərbaycan dilində siyasi terminologiya yaradılması və yeni əlifbaya keçilməsində xidmətləri olmuşdur. Lenin ordeni ilə təltif edilmişdir.
1938-ci ildə tutduğu bütün vəzifələrdən azad edilmiş, partiya sıralarından uzaqlaşdırılmış və həbsə alınmışdır. Ali məhkəmənin hərbi kollegiyasının qərarı ilə ölüm hökmünə məhkum edilmişdir. Güllələnmiş və NKVD-nin gizli poliqonu olan "Kommunarka-Loza"da basdırılmışdır. Ölümündən sonra bəraət almış və 1959-cu ildə partiya üzvlüyü bərpa olunmuşdur.
Lenin ordeni laureatıdır.