Şamilov Seyfulla Əli oğlu – nasir, publisist, tərcüməçi, 1937-ci ildən Azərbaycan Yazıçılar Birliyinin üzvü
1902-ci il oktyabrın 10-da Azərbaycanın Qazax qəzasının Tatlı kəndində əkinçi ailəsində doğulmuşdur. Atasını vaxtsız itirmiş, anasının himayəsində böyümüşdür. Uşaqlıq və gənclik dövrü ağır ehtiyac içərisində keçmişdir. Ona görə də müəyyən təhsil görməmişdir. Komsomol sıralarına daxil olmuş, Qazaxda komsomol özəklərinin təşkilində fəal çalışmışdır. Qəza komsomol komitəsində təlimatçı işləmişdir, 1921-ci ildə siyasi təhsil almaq üçün Bakıya ezam olunmuş, burada partiya məktəbini müvəffəqiyyətlə bitirmişdir (1921-1925). Bu dövrdə “Azərbaycan füqərası”, “Kommunist” qəzetlərində, “Füqəra Füyuzatı”, “Maarif işçisi” və b. jurnallarda oçerk və məqalələrini dərc etdirmiş, Bakı fəhlə fakültəsini də bitirmişdir. 1925-ci ildə Azərbaycan SSR Xalq Maarif Komissarlığında inspektor olmuş, eyni zamanda məktəblərdə marksist təlim və tərbiyə işinə rəhbərlik etmişdir. Onun “Yeni məktəb”, “İnqilab və mədəniyyət” jurnallarında dərc etdirdiyi oçerklərdə ölkəmizdə baş verən mədəni inqilabdan bəhs olunur. Gəncə dairəsində şəhər xalq maarif şöbəsinin müdiri olmuş, burada “İlk addımlar” adlı beynəlmiləl şeir, hekayə və oçerklər toplusunun nəşrinə nail olmuşdur. Toplu Azərbaycan, rus və erməni dillərində buraxılmışdır. “Qızıl Gəncə” ədəbi jurnalını redaktə etmiş, gənc şair və yazıçıların ədəbi dərnəyini yaratmışdır. Sonra Bakıda Azərbaycan Dövlət Pedaqoji İnstitutunda fəlsəfə kafedrasının dosenti işləmiş (1931-1933), eyni zamanda “Kommunist” qəzetində məsul redaktorun müavini, “Gənc işçi” qəzetinin məsul redaktoru olmuşdur. “Hücum” jurnalı və “Kommunist” qəzetində hekayə və oçerklərini çap etdirmiş, 1932-ci il oktyabrın 1- də Azərbaycan Proletar Yazıçıları Birliyi təşkilat komitəsinin sədri olmuşdur.
1933-1936-cı illərdə Leninqradda marksizm-leninizm əsərlərinin redaktor və tərcüməçilərinin üçillik xüsusi kursunda təhsil almışdır. 1936-cı ildə Azərbaycan Yazıçılar İttifaqı İdarə Heyətinin sədri seçilmişdir. “İnqilab və mədəniyyət” jurnalının, “Ədəbiyyat qəzeti”nin məsul redaktoru (1936- 1937), Uşaqgəncnəşrdə baş redaktor (1955-1962) olmuşdur. “Şərəf nişanı” ordeni və Mədəniyyət Nazirliyinin “Əlaçı işçi” fəxri nişanı ilə təltif olunmuşdur. Fərdi təqaüdə çıxmışdır.
1974-cü il dekabrın 25-də vəfat etmişdir.
Əsərləri: