Qənizadə Sultanməcid Hacı Murtuzəli oğlu – nasir, publisist, tərcüməçi, pedaqoq, 1934-cü ildən Azərbaycan Yazıçılar Birliyinin üzvü
1866-cı il aprelin 24-də Azərbaycanın Şamaxı şəhərində tacir ailəsində anadan olmuşdur. S.Ə.Şirvaninin “Məclis” məktəbində oxumuş, sonra Şamaxıda yeni açılmış üçüncü dərəcəli şəhər məktəbini bitirmişdir (1882). Tiflisdə Aleksandrovski müəllimlər institutunda təhsilini davam etdirmişdir (1883-1887). H.Mahmudbəyovla “Nübar”, N.Nərimanovla “Sovqat” jurnalının nəşrinə təşəbbüs göstərmişdir (1886). Bakıda maarifpərvər Həbibbəy Mahmudbəyovla birlikdə yeni tipli ilk rus-tatar (Azərbaycan) məktəbi açmış (1887-1905), Bakı ikinci dərəcəli şəhər məktəbində müdirlik etmişdir (1902). “Nəriman qiraətxanası”nın açılmasında yaxından kömək edir (1894). “Cami-mərifət”, “Çıraq” qəzetlərinin nəşri təşəbbüsü baş tutmamışdır (1897). Zaqafqaziya (Qori) Müəllimlər seminariyasının tatar (Azərbaycan) şöbəsində tərcüməçi müfəttiş (1905-1908), Bakı quberniyasının, eləcə də Dağıstan qəzası xalq məktəblərinin müfəttişi (1908- 1917), xalq məktəblərinin naziri (1917) olmuşdur. “İttihad” partiyasının üzvü olsa da (1918-1919), Sovet hakimiyyəti qurulmasını rəğbətlə qarşılamış, bütün fəaliyyətini milli maarifin inkişafına həsr etmişdir. Azərbaycan Xalq Maarif Komissarlığının müfəttişi, eyni zamanda Azərbaycan dilində məktəblər üçün dərslik tərtib və nəşr etdirən komissiyanın sədri seçilmişdir. Azərbaycanı Tədqiq və Tətəbbö Cəmiyyətinin məsul katibi olmuşdur. Bədii yaradıcılığa gənc yaşlarından başlamışdır. Onun ilk səhnə əsəri “Qönçə xanım” (1891) pyesi tapılmışdır. “Məktubati-Şeyda bəy Şirvani” dilogiyası (“Müəllimlər iftixarı” və “Gəlinlər həmayili”, 1888-1900), “Allah xofu” (1906), “Qurban bayramı” (1907) və s. nəsr əsərlərini, “Axşam səbri xeyir olar”, “Dursunəli və Ballıbadı”, “Xor-xor”, “Yadımdadır” və s. vodevillərini, “Tülkü və çaq-çaq bəy” (1893) mənzuməsini yazmışdır. L.N.Tolstoyun “Əvvəlinci şərabçı”, V.A.Dyançenkonun “Qurbana qurban” pyeslərini, A.F.Poqossikin “Allah divanı”, “Nabəkar qonşu” hekayələrini tərcümə etmişdir. Milli ədəbiyyat, teatr, mətbuat və maarif sahəsində böyük xidmətləri olmuşdur. “Maarif’, “Qırmızı günəş” jurnallarında publisist fəaliyyətini davam etdirmişdir (1921). Bu dövrdə Azərbaycan Maarif Komissarlığında kənd məktəbləri üçün müəllim kadrları hazırlayan pedaqoji texnikumlarda məşğələlərin rəhbəri vəzifəsində çalışmışdır. Bununla yanaşı, Zaqafqaziya proletar hərbi məktəbinin elmi hissə üzrə direktor köməkçisi, Azərbaycan dili və psixologiya müəllimi vəzifəsini icra etmişdir. Sonra Bakı Xalq Maarif şöbəsinin təklifi ilə kişi və qadın pedaqoji texnikumlarında pedaqogika, psixologiya və didaktika dərslərini demiş, həm də bu texnikumlarda tələbələrin pedaqoji təcrübə dərslərinə rəhbərlik etmişdir (1929-1942). Bakıda yaranan Şərqşünaslıq və İctimai Elmlər İnstitutunun üzvü seçilmiş, İranşünaslıq kafedrasına rəhbərlik etmişdir (1921). Gənc yazıçıların yaradıcılıq dərnəklərinə başçılıq etmiş, mədəni-kütləvi tədbirlərin həyata keçirilməsində fəal çalışmışdır. Azərbaycan Dövlət Elmi-Tədqiqat İnstitutu yanında lüğət komissiyasının üzvü seçilmişdir. Repressiya dövründə həbsə alınıb sürgün olunmuşdur (1937).
1942-ci ildə 76 yaşında vəfat etmişdir. Şamaxı pedaqoji texnikumu onun adını daşıyır.
Əsərləri:
İstilahi-Azərbaycan, B., Quberniyaidarəsimətbəəsi, 1890.
Lüğəti-rusivə türki, Tiflis, "Kəşkül” mətbəəsi, 1891.
Tülkü və çaq-çaqbəy, B,, Quberniyaidarəsimətbəəsi, 1893, 37 səh.
Rus dilinin dilmancı, B., Quberniya idarəsinin mətbəəsi, 1894.
Rus dilinin müəllimi, B., Quberniya idarəsinin mətbəəsi, 1896.
Allah divanı, B., Quberniya idarəsinin mətbəəsi, 1896.
Hər yerdə olsa qanlını qan tutar. Allah divanı. B., Quberniya idarəsinin mətbəəsi, 1896. 18 səh.
Müəllimlər iftixarı, Məktubati-Şeyda bəy Şirvani, I c., B., Quberniya idarəsinin mətbəəsi, 1898, 28 səh.
Gəliniər həmayili. İffət və yaxud əşari-nəsriyyə, II c., B., Quberniya idarəsinin mətbəəsi, 1900, 97 səh.
Kilidi-ədəbiyyat, B., Axundov mətbəəsi, 1901, 72 səh., (şərikli).
Samouçitel tatarskoqo yazıka, III hissə, B., Birinci mətbəə cəmiyyətinin mətbəəsi, 1902, 206 səh.
Samouçitel tatarskoqo yazıka, ikinci çapı, B., Birinci mətbəə birliyi, 1903, 240 səh.
İstilahi-Azərbaycan, ikinci çapı, B., Birinci mətbəə cəmiyyəti, 1904, 46 səh.
Axşam səbri xeyir olar (iki məclisli məzhəkə), B., Qafqaz şirkətinin “Kaspi” mətbəəsi, 1908, 32 səh.
Xor-xor (təbdil), B., Orucov qardaşlarının elektrik mətbəəsi, 1908, 32 səh.
Kilidi-ədəbiyyat, B., Şirkət “Kaspi” mətbəəsi, 1909, 80 səh. (şərikli).
Lüğəti-rusi və türki, beşinci çapı, B., 1909, 416 səh.
Dursunəli və Ballıbadı, komediya, B., 1910, 29 səh.
Tülkü və çaq-çaq bəy, B., Orucov qardaşlarının elektrik mətbəəsi, 1910, 53 səh.
Xor-xor (təbdil), məzhəkə, ikinci təb, B., Orucov qardaşlarının elektrik mətbəəsi, 1910, 31 səh.
Sufi Şeyda, B., Mirzəzadə nəşriyyatı, 1911, 26 səh.
Gəliniər həmayili, II c., B., Orucov qardaşlarının elektrik mətbəəsi, 1912, 141 səh.
Axşam səbri xeyir olar (iki məclisli məzhəkə), B., Orucov qardaşlarının elektrik mətbəəsi, 1913, 40 səh.
İstilahi-Azərbaycan, B., Orucov qardaşlarının elektrik mətbəəsi, 68 səh.
Allah xofu, B., "Məktəb”in elektrik mətbəəsi, 1916, 45 səh.
Qurban bayramı və yaxud on gün riyazət, B., “Məktəb”in elektrik mətbəəsi, 1916, 38 səh.
Tülkü və çaq-çaq bəy, B., “məktəb”in elektrik mətbəəsi, 1918, 48 səh.
Qurban bayramı və yaxud on iki gün riyazət (üçümcü çapı), B., "Novruz” elektrik mətbəəsi, 1919, 46 səh.
Lüğəti-rusi və türki, B., 1922, 416 səh., 5000 nüs.
Sufi Şeyda, B., 1924, 70 səh.
Seçilmiş əsərləri, B., Azərnəşr, 1965, 327 səh., 10000 nüs.