Xuluflu Vəli Məmmədhiiseyn oğlu – ədəbiyyatşünas, publisist, 1934-cü ildən Azərbaycan Yazıçılar Birliyinin üzvii, professor (1931)
1894-cü il mayın 26-da Azərbaycanda Yelizavetpol quberniyasının (indiki Şəmkir rayonunun) Xuluflu qəsəbəsində doğulmuşdur. İbtidai təhsilini mollaxanada almışdır (1905-1907). Sonra “Mədrəseyi-Ruhaniyyə”ni bitirmişdir (1912). Həmin məktəbdə müəllim saxlanmışdır (1913). Bu vaxtdan gizli inqilabi işə qoşulmuş, sonra RSDFP sıralarına daxil olmuşdur (1919). Gəncə quberniyasında qəza partiya komitəsinin katibi işləmişdir (1921-1922). Bakıda ADU-nun şərqşünaslıq fakültəsində təhsilini davam etdirmiş, eyni zamanda yeni türk (Azərbaycan) əlifbası komitəsində işləmişdir (1922- 1927). “Bakı fəhləsi” kooperativ nəşriyyatında və Azərnəşrin bədii ədəbiyyat şöbəsində əməkdaşlıq etmişdir (1927-1929). Azərbaycan Dövlət Elmi-Tədqiqat İnstitutunda elmi katib, onun yenidən təşkili vaxtı isə Dil, Ədəbiyyat və İncəsənət İnstitutunun direktoru olmuşdur (1929-1932). Şifahi xalq ədəbiyyatının toplanması və nəşrinə qayğı göstərmişdir. “El aşıqları” (1927) toplusunu tərtib və çap etdirmişdir. İnstitut ləğv ediləndən sonra bir müddət Mərkəzi Arxiv İdarəsində müdir vəzifəsində çalışmışdır (1933). Sonra Azərbaycan SSR Xalq Maarif Komissarlığında universitet və elmi-tədqiqat müəssisələri idarəsinin rəisi və Dövlət Elmi Şurasının sədr müavini, eyni zamanda SSRİ EA Azərbaycan şöbəsinin baş mütəxəssisi olmuşdur (1933-cü ildən). Yeni türk əlifbası komitəsinin üzvü və yeni əlifbanın digər ölkə xalqları arasında yayılması üzrə təlimatçı kimi onun fəaliyyəti böyükdür. Bu münasibətlə Qazaxıstan, Özbəkistan, Türkmənistan, Tacikistan respublikalarında, Krımda, Kazan və digər şəhərlərdə olmuşdur. Azərbaycanı Tədqiq və Tətəbbö cəmiyyətinin işlərində fəal çalışmışdır (1924-cü ildən). Zaqfederasiyanın 10 illiyində ictimai-elmi və ədəbi xidmətlərinə görə Fəxri tərifnamə və qızıl saatla təltif olunmuşdur.
1938-ci ildə cəza tədbirləri dövründə həlak olmuşdur.
Əsərləri:
Yeni türk əlifbası ilə yazı qaydaları, B., “Yeni türk əlifbası komitəsi" nəşriyyatı, 1925, 24 səh., 5000 nüs.
Yeni türk əlifbası ilə yazı qaydaları (II nəşri) B., “Yenitürk əlifbası komitəsi” nəşriyyatı, 1926, 24 səh., 5000 nüs.
Koroğlu, B., Azərnəşr, 1927, 115 səh., 3000 nüs.
Koroğlu, B., Azərnəşr, 1929, 160 səh., 3000 nüs.
İmla lüğəti, B., Azərnəşr, 1929, 342 səh., 5000 nüs.
Tapmacalar, B., Azərbaycanı öyrənən cəmiyyət, 1929, 130 səh., 1000 nüs.
Panislamizm, imperializm və ruhaniyyət, B., Azərnəşr, 1929, 40 səh., 2000 nüs.
Din və qadın, B., Azərnəşr, 1930, 36 səh., 5000 nüs.
Din və mədəni inqilab, B., Azərnəşr, 1930, 48 səh., 5000 nüs.
Səlcuq dövlətinin daxili quruluşuna dair, B., Azərb.SSR Dövlət Elmi-Tədqiqat İnstitutu nəşriyyatı , 1930, 24 səh., 5000 nüs.
Məhərrəmlik münasibətilə, B, Azərnəşr, 1932, 31 səh., 6000 nüs.