SÜLEYMAN RÜSTƏM (1906-1989) |
|
Rüstəmzadə Süleyman Əliabbas oğlu – şair, dramaturq, 1934-cü ildən ildən AYB-nın üzvü, Azərbaycanın Əməkdar İncəsənət xadimi (1943), Azərbaycanın xalq şairi (1960), SSRİ dövlət Mükafatı Laureatı (1950), Azərbaycan Dövlət mükafatı laureatı (1970), Sosialist Əməyi Qəhrəmanı (1976). 1906-cı il martın 12-də Bakıda anadan olmuşdur. ADU-nun Şərq fakültəsinə daxil olmuşdur, 1929-cu ildə ADU-nun Şərq fakültəsindən I Moskva Dövlət Universitetinin ədəbiyyat və incəsənət fakültəsinə köçürülmüşdür. Zaqafqaziya Mərkəzi İcraiyyə komitəsinə üzv seçilmişdir (1935). Birinci çağırış Azərbaycan Ali sovetinə deputat seçilmişdir (1938). Bundan sonra bütün çağırışlarda xalq elçisi olmuşdur. M.Əzizbəyov adına Azərbaycan Dövlət Akademik Dram Teatrının direktoru (1937-1938), «Ədəbiyyat qəzeti»nin baş redaktoru olmuşdur. Azərbaycan Yazıçılar İttifaqının İdarə heyətinə, «Azərbaycan», «Kirpi» jurnallarının və «Sovetski pisatel» nəşriyyatının redaksiya heyətlərinə üzv seçilmişdir. Xidmətlərinə görə üç dəfə Lenin ordeni, iki «Qırmızı Əmək Bayrağı» ordeni, Sovet Sülhü Müdafiə Komitəsinin Fəxri fərmanı və bir sıra medallarla təltif olunmuşdur. Ömrünün axırınadək Azərbaycan SSR Ali Sovetinin sədri vəzifəsində çalışmışdır. «Ələmdən nəşəyə» (1927), «Ulduzlar» (1934), «Gecənin romantikası» (1938), «İki sahil» (1954), «Lirik şeirlər» (1956), «Günəşli sahillərdə» (1963), «Seçilmiş əsərləri» (4 cilddə, 1969-1972), və s. kitabların müəllifi olmuşdur. 1989-cu il iyunun 10-da vəfat etmişdir. |
RƏSUL RZA (1910-1981) |
|
Rzayev Rəsul İbrahim oğlu – şair, dramaturq, 1934-cü ildən Azərbaycan Yazıçılar Birliyinin üzvü, Sosialist Əməyi Qəhrəmanı (1980), Azərbaycanın Xalq şairi (1960), SSRİ Dövlət mükafatı laureatı (1951), Azərbaycan Ali Sovetinin deputatı, Azərbaycanın Əməkdar İncəsənət xadimi (1945). 1910-cu il mayın 19-da Azərbaycanın Göyçay şəhərində maarifpərvər ailədə doğulmuşdur. Tbilisidə Zaqafqaziya Kommunist Universitetinin korperasiya şöbəsində təhsil almışdır (1926-1927). Azərbaycan Elmi-tədqiqat İnstitutunun aspiranturasında (1931-1933), Moskvada Kinematoqrafiya İnstitutunda təhsilini davam etdirmişdir (1934-1937). «Gənc işçi» qəzeti redaksiyasında tərjüməçi, Bakı kinostudiyasında ssenari şöbəsinin rəisi (1937-1938), Azərbaycan Dövlət Filarmoniyasının müdiri (1938), Azərbaycan Sovet Yazıçıları İttifaqının sədri (1938-1939), Bakı kinostudiyasının müdiri (1942-1944), kinematoqrafiya idarəsində rəis (1944-1946), Azərbaycan SSR kinematoqrafiya naziri (1946-1949), Azərbaycan Sovet Ensiklopediyasının baş redaksiyasının baş redaktoru, Ümumdünya Sülhü Müdafiə Komitəsi Rəyasət Heyətinin üzvü, Afrika və Asiya ölkələri Sovet Həmrəylik Komitəsi Rəyasət Heyətinin üzvü və respublika üzrə sədri, SSRİ Yazıçılar İttifaqı Rəyasət Heyətinin üzvü, «Novosti» Mətbuat Agentliyinin Azərbaycan şöbəsi idarəsinin sədri, Azərbaycan Respublikası Ali Sovetinin (VII çağırış) deputatı, Azərbaycan KP təftiş komissiyasının üzvü seçilmiş, Lenin və SSRİ dövlət mükafatları komitəsinin üzvü olmuşdur. Xidmətləri yüksək qiymətləndirilmiş, ona fəxri adlar verilmiş, üç dəfə Lenin ordeni və medallarla təltif edilmişdir. «Qanadlar» (1939), «Çinar» (1939), «Könül səsləri» (1954), «İllər və sətirlər» (1966), «Duyğular, düşünjələr» (1964), «Üzü küləyə» (1978), «Seçilmiş əsərləri» beş cilddə (2002) və başqa kitabların müəllifi olmuşdur. 1981-ci ildə aprelin 1-də Bakıda vəfat etmişdir. |
MİRZƏ İBRAHİMOV (1911-1993) |
|
1911-ci il oktyabrın 15-də (28-də) Cənubi Azərbaycanın Sərab şəhəri yaxınlığındakı Evə kəndində anadan olmuşdur. 1918-ci ildə Bakıya gəlmişdir. Azərbaycan Dövlət Elmi-Tədqiqat İnstitutunun ikillik hazırlıq şöbəsində, SSRİ Elmlər Akademiyasının Leninqraddakı Şərqşünaslıq İnstitutunun aspiranturasında təhsil almışdır (1935-1937). Azərbaycan SSR xalq maarif komissarı (1942-1946), Azərbaycan Yazıçılar İttifaqı İdarə heyətinin sədri (1946-1954), biricni katibi (1965-1975), SSRİ Yazıçılar İttifaqı idarə heyətinin katibi (1965-1975), Azərbaycan Respublikası Nazirlər Soveti sədrinin müavini (1946-1950), Azərbaycan Respublikası Ali Soveti Rəyasət Heyətinin sədri (1954-1958), Azərbaycan EA Nizami adına Dil və Ədəbiyyat İnstitutunda XIX əsr Azərbaycan ədəbiyyatı tarixi şöbəsinin müdiri (1960-1970) vəzifələrində işləmişdir. Ömrünün axırınadək Azərbaycan EA Nizami adına Ədəbiyyat İnstitutunun Cənubi Azərbaycan Ədəbiyyatı Şöbəsinin müdiri olmuşdur. |
SÜLEYMAN RƏHİMOV (1900-1983) |
|
Rəhimov Süleyman Hüseyn oğlu – nasir, 1938-ci ildən AYB-nın üzvü, Azərbaycanın xalq yazıçısı (1960), Sosialist Əməyi Qəhrəmanı (1975). 1900-cu il martın 22-də Yilezavetpol quberniyası Zəngəzur qəzasının Əyin kəndində anadan olmuşdur. ADU-nun tarix fakültəsində təhsil almışdır. Azərbaycanın Laçın, Samux, Şahbuz və Noraşen rayonlarında rəhbər partiya işlərində çalışmışdır (1934-1937). Azərbaycan Yazıçılar Birliyinin sədri (1939-1940), (1944-1945), Azərbaycan K(b)P Bakı şəhər komitəsində təbliğat üzrə katib (1940-1941), Azərbaycan K(b)P MK-da təbliğat və təşviqat şöbəsinin müdir müavini (1941-1944), Azərbaycan Nazirlər Soveti yanında Mədəni-Maarif İşləri Komitəsinin sədri (1945-1958) vəzifələrində işləmişdir. Azərbaycan Jurnalistlər İttifaqının «Qızıl qələm» mükafatına (1972) layiq görülmüşdür. Üç dəfə Lenin orleni (1946, 1970, 1975), «Qırmızı Əmək Bayrağı» (1959), «Şərəf nişanı» (1942) ordenləri və medallarla təltif edilmişdir. «Şamo» (I,II c. 1931, 1940), «Saçlı» (1944), «Ata və oğul» (1949), «Mehman» (1953), «Ana və abidəsi» (1967), «Mahtəvan» (1968), «Seçilmiş əsərləri» (üç cilddə, 1968-1981) və s. kitabların müəllifidir. 1983-cü il oktyabrın 11-də vəfat etmişdir. |