İştirakçılar: İsa Həbibbəyli, Nizami Cəfərov, Nərgiz Cabbarlı Moderator: Əsəd Cahangir
Əsəd Cahangir: Hörmətli müzakirə iştirakçıları, yəqin mətbuatdan izləyirsiniz ki, "Azərbaycan" jurnalı xeyli vaxtdır ədəbiyyatın bu və ya digər məsələləri ilə bağlı müzakirə materialları dərc edir. Bugünkü söhbətimizin mövzusu bir qədər fərqlidir: əgər öncələrdə hər hansı ədəbi-bədii janr, yaxud növlə bağlı ən ümumi problemləri dartışma konusuna çevirirdiksə, indi konkret bir əsərdən - Xalq yazıçısı Anarın bu yaxınlarda işıq üzü görən “Göz muncuğu” povestindən danışacağıq. Seçimimiz təsadüfi deyil. Əvvəla, bu povest dünya və milli ədəbi-bədii, eləcə də fəlsəfi fikrinin mühüm nəticələrini özündə daşıyır. İkincisi isə milli ədəbiyyatımızın yeni inkişaf perspektivlərini müəyyənləşdirmək özəlliyinə malikdir.
Müzakirəmizi üç əsas yöndə aparmağı təklif edirəm: birincisi, “Göz muncuğu”nun Anar yaradıcılığındakı yeri; ikincisi, povestin Azərbaycan və dünya ədəbi-bədii fikri ilə səsləşən məqamları; üçüncüsü, əsərin özünün ideya-bədii mahiyyəti.
Hər bir ciddi yazıçı kimi Anarın yaradıcılığı da bütöv bədii sistemdir. Burda yer alan hər hansı əsər birbaşa görünən və görünməyən tellərlə digərləri ilə intertekstual münasibətdədir. Necə fikirləşirsiniz, Anarın son əsəri ilə əvvəlkilər arasında nə kimi bağlılıq var?
İsa Həbibbəyli: Kim başlasın?
Nizami Cəfərov: Gəlin elə sizdən başlayaq.
İsa Həbibbəyli: “Göz muncuğu” povestinin Anarın yaradıcılığında yeri barədə mətbuatda müxtəlif fikirlərlə qarşılaşırıq. Bəziləri yazır ki, bu, Anar yaradıcılığının yekunudur, digərləri yazır ki, bu, yazıçının yaradıcılığının davamıdır. Hətta başqa mövqedən yanaşaraq, povesti öz müəllifinin yaradıcılığında yeni mərhələnin başlanğıcı hesab edənlər də var. Bu üç mövqedən hansının daha düzgün olduğunu aydınlaşdırmaq lazımdır. Məncə, bu povest Anar yaradıcılığı sistemində oturuşmuş, onun düşüncəsini, baxışlarını, yanaşmalarını, özünəməxsus təhkiyəsini özündə əks etdirən bir əsərdir. Bu əsər Anarın əvvəlki əsərlərində qaldırdığı məsələlərin, canlandırdığı obrazların, irəli sürdüyü mətləblərin daha da inkişafını, yüksəlişini göstərir.
Əsəd Cahangir: Bəlkə, belə deyək – bu, müəyyən bir dövrə vurulan yekun, növbəti mərhələyə keçiddir.
İsa Həbibbəyli: Onda belə çıxar ki, Anar indiyə qədərki baxışlarını, ideallarını bir kənara qoyub, yeni istiqamət açır. Mən bu əsərə o cəhətdən yanaşmıram. Düzdür, Anar çalışıb ki, bu əsərində köhnə əsərlərindən gəlmə çalarlar, motivlər çox az olsun. O, bu yeni əsəri son iyirmi il ərzində apardığı müşahidələrin əsasında yazıb. Amma, məncə, burada “Ağ liman”la, “Qırmızı limuzin”lə, “Otel otağı”yla müəyyən bir bağlılıq var. Anar özünü təkrar etmədən, qaldırdığı məsələlərə yeni planda, müasir cəmiyyətin, son dövr hadisələrinin gözü ilə baxaraq, eyni zamanda, yaradıcılıq ənənəsinə sadiq qalaraq, tamam fərqli və orijinal bir əsər ərsəyə gətirib. Bu əsərdə verilən cizgilər Anarın yeni əsərlər yazacağına işarədir.
Əsəd Cahangir: Anarın son povestinin əsas özəlliyi onun mistisizmidir. Yazıçının "Beşmərtəbəli evin altıncı mərtəbəsi" romanı, yaxud "Macal" povestində bu mistika o qədər də qabarıq sezilməyən, məxməri səviyyədədir. Özü də əsərin finalında qəfil dalğa kimi qalxır. Eyni sözü müəyyən fərqlə "Otel otağı" haqqında da demək olar. Fərq ondadır ki, burda mistik dalğanın finalda qalxacağına bütün əsər boyu işarələr edilir. "Qırmızı limuzin", "Vahimə" hekayələri, özəllliklə, "Əlaqə” povesti isə əvvəldən sonacan açıq mistik ruha köklənib.
“Göz muncuğu” Anarın bütün yaradıcılığı boyu özünü göstərən mistisizmin zirvəsidir. Burda mistika son dərəcə qatı rəng alır. Ömrünün və yaradıcılığının kamillik dönəmini yaşayan bir yazıçını mistik əsər yazmağa vadar edən, sizcə, nədir?
Nizami Cəfərəov: İsa müəllim indicə maraqlı bir sxem qurdu – “Göz muncuğu” povesti Anar yaradıcılığında əvvəlki mərhələnin yekunudur, yeni mərhələyə keçiddir, yoxsa yeni mərhələdir? Məncə, hər üçü bu əsərdə var, yəni həm başlanğıc, həm keçid, həm də müəyyən qədər yekun. Səninlə razıyam, Əsəd, Anarın bayaq sadaladığın əsərlərinin hamısında mistika var. Bu da böyük ədəbiyyatın keyfiyyətidir, əlamətidir. Mistika ədəbiyyatda mütləq olmalıdır. Çünki ədəbiyyat, bədii söz özünün ən dərin, gizli mahiyyəti etibarilə mistik hadisədir. Xüsusən son dövrlərdə biz bu mistikanı təkcə ədəbiyyat yox, həm də kinoda, rəssamlıqda, müsiqidə və digər incəsənət sahələrində də görürük. Yəni Anarın son əsərində mistik ruhun güclənməsi bu gün bütün dünya ədəbiyyatı və incəsənətində gedən ən ümumi prosesin üzvi tərkib hissəsidir. Onu da vurğulayım ki, mistisizm sadəcə bu günün hadisəsi deyil. İstər bizdə, istərsə də dünyada. Son bir əsrdə dünya ədəbiyyatında mistikaya meylin artması isə eksistensializm cərəyanının meydana gəlməsi ilə bilavasitə bağlıdır. Amma istər tarixən, istərsə də bu gün mistika praktik düşüncənin dini düşüncə ilədialoqu xarakteri daşıyıb.
Əsəd Cahangir: İngilis tarixçisi Toynbi "Tarixin dərki" əsərində yazır ki, tarix Allahla insanın dialoqudur - Allah işarə verir, insan reaksiya göstərir və tarix yaranır. Amma bu dialoqun tarixən güclənmə və zəifləmə məqamları olub. Məsələn, İntibaha qədərki tarix birbaşa Allah-insan dialoqu üstündə qurulub. Yeni Dövrdən - Dekart epoxasından üzü bəri insan-təbiət dialoqu başlayıb. İyirminci əsrdən Allah-insan dialoqu yenidən gündəmə gəlib.
Mistisizm kataklizmlərin gücləndiyi dönəmlərdə daha qabarıq üzə çıxır. Siz ekzistensializmdən danışdınız. Doğrudan da, ekzistensializm üçün bəlli bir mistisizm səciyyəvidir, özəlliklə də, baş verən olayların kökünü nəsə irrasional təsadüfə bağlamaq məsələsində. Məncə, bu, 30-40-cı illərdə bütün dünyanı ölümlə təhdid edən faşizm taunu qarşısındakı vahimədən yaranmışdı. Kamyunün “Taun”unda yerin altından qəfil çıxıb, bütün şəhəri tauna yoluxduran siçovullar rəmzi dillə faşizmə işarə edirdi. Nə qədər absurd səslənsə də, siçovullar burda həmin o kor təsadüf, irrasional tale rolunu oynayırdı. Ötən əsrin ən böyük fiziki Eynşteynə məxsus bir ifadə var - "İyirmi birinci əsr mistika əsri olacaq, əgər olacaqsa". Bunun səbəbini Eynşteyndən soruşmaq imkanımn yoxdur. Ona görə sualımı sizə ünvanlamalı olacam: sizcə, son dönəmlərdə ədəbiyyat və incəsənətin ən müxtəlif sahələrində mistikaya meyl niyə belə güclənib?
Nizami Cəfərov: Əsəd, sualına Eynşteyn kimi yox, elə Nizami Cəfərov kimi cavab verəcəm. Bu gün dünyada o qədər mürəkkəb hadisələr baş verir ki, insan o qədər təhlükələrin nəzarəti altındadır ki, istər-istəməz onda bir ümidsizlik yaranır. Çağdaş insan sanki şüşə evdə yaşayır. Onun az qala intim həyatı belə daimi nəzarət altındadır. Buna görə onun yeganə sığınacaq yeri kimi öz daxili aləminə girməkdən başqa əlacı yoxdur. Daxili aləmə girişdən isə mistika başlayır.
Əsəd Cahangir: Cəmiyyətin təhdidlərindən qurtulmağıln klassik üsulu da var - Allaha sığınmaq.
Nizami Cəfərov: Allaha sığınmaq çox sadəlövh ümiddir.
Əsəd Cahangir: Allaha ümidin olmadığı yerdə insan özünə inanır və onun ifrat forması Marksın, Leninin, Stalinin, Hitlerin ilahiləşdirilməsinə gətirib çıxarır.
Nizami Cəfərov: Kommunizm, yaxud faşizm, sadəcə, sadəlöhv yox, həm də olduqca vulqar bir ümiddir. Allahdan qorxmaq o qədər də böyük təhlükə deyil, amma diktatordan qorxmaq və onun xilasedici obrazını yaratmağa cəhd eləmək olduqca bayağı məsələdir.
Əsəd Cahangir: Bu, əlbəttə ki, daha çox mənim suçum üzündən oldu, amma deyəsən, konkret mövzumuzdan uzaqlaşmaq təhlükəsi yaranır.
Nizami Cəfərov: Məncə, bu elə belə də olmalıdır. Anar elə əsər yazıb ki, onu qiymətləndirərkən bu əsərin kontekstindən istər-istəməz kənara çıxmalı olursan. Çünki bu əsər qeyri-səlis məntiqlə yazılıb. Burada məntiq möhkəm deyil, maarifçi və öyrədici deyil, nəyisə dərk eləyib bitirmiş və idrak modeli verilmiş bir şəkildə deyil. Mənə elə gəlir ki, bu əsər Lütfü Zadə təfəkkürü ilə yazılmış bir əsərdir.
Əsəd Cahangir: Gəlin elə bu kontekstdə Anarın mistikasına qayıdaq.
Nizami Cəfərov: Anarın mistikası şəxsiyyətə pərəstiş kultundan çox uzaqdır, hətta onun əksinədir. Təkcə ona görə yox ki, onun son əsərinin qəhrəmanı müsbət idealların təcəssümü deyil, ümumən onun qəhrəmanları hər hansı idealı birmənalı təsdiq etmir. Son əsərində isə o, insan ağlı, qəlbi və ruhunun ən dərin qatlarına enib, həmin dərin qatlardakı ən ziddməqamları qabardıb. Necə deyərlər, Anar insanın iç üzünü açıb, onun üzünü astarına çevirib. Belə olan halda isə hansısa insan idealından danışmaq olmaz.
Bir daha təkrar edirəm ki, Anarın bu əsərinin meydana çıxması dünyada baş verən mürəkkəb hadisələrlə bağlıdır. Bununla belə, Anarın mistikası həm də özünəməxsus bir faktdır. Mistika özü, əslində, çox mürəkkəb bir məsələdir. Baxın, onda hər şey var. Eyni zamanda, o heç nə ilə tam üst-üstə düşmür. O hətta fərdi mənda təkrarsızdır. Hər kəsin dünyada yalnız onun özünə məxsus mistikası var. Ona görə mistika nə ədəbi cərəyan, nə fəlsəfi baxış, nə də elmdir. Mistika insanın bütün qorxulara, təhlükələrə, xüsusən də ölüm qorxusuna verdiyi reaksiyadır. Bu reaksiya müxtəlif formalarda və cərəyanlarda ola bilər.