AYB-nin Ədəbi Seksiyalarının "Müzakirə klubu" lahiyəsi davam edir. Növbəti diskussiya Nəsr seksiyasında baş tutub və Səxavət Talıblının 2015-ci ilin əvvəlində çap olunmuş "Adəmin övladları" romanı müzakirə olunub. Müzakirədə tanınmış qələm sahibləri Qəşəm Nəcəfzadə, Faiq Balabəyli, Nacibə İlkin, Balayar Sadiq, Mahirə Abdullayeva, Fərqanə Mehdiyeva, Nuranə Nur və AYB-nin Yaradıcılıq məsələləri üzrə katibi İlqar Fəhmi iştirak ediblər.
Müzakirə iştirakılarının əsər haqqında dediyi fikirlərin xülasəsini oxucularımıza təqdim edirik.
****
İlqar Fəhmi :
-Beletristika Azərbaycan ədəbiyyatında inkişafda olan istiqamətdir.
İyirminci əsr dünya ədəbiyyatına fikir verəndə, bir çox ciddi müəlliflərin öz fikirlərini məhz belletristik üslublarda təqdim eləməsinin şahidi oluruq. Bunun səbəbini anlamaq o qədər də çətin deyil. Belletristika dinamik janrdır, gərgin süjet xətti üzərində qurulur. Məhz buna görə də, ümumilikdə, kitaba marağın azaldığı dövrdə, belletristik ədəbiyyat hələ də böyük oxucu dairəsini saxlaya bilib. Bunun bir səbəbi də zənnimcə, dinamik süjet üzərində qurulan bu cür əsərlərin yaxşı kino materialına çevrilməsinin mümkünlüyüdür.
Azərbaycan ədəbiyyatında da son on ildə bu janr inkişafdadır və bu ilin əvvəlində şair –yazıçı Səxavət Talıblının dərc etdirdiyi "Adəmin övladları" romanı da bu üslubda yazılan maraqlı nümunələrdən biridir. Əsərin bütün məziyyətlərinə yəqin ki, müzakirə iştirakçıları toxunacaq. Amma mən ən əsas bir detalı qeyd etmək istərdim ki, əsərin strukturu, süjet xətti, kompazisiyası janrın bütün qaydalarına uyğun şəkildə çox dinamik qurulub. Əsərin süjeti bir neçə paralel zamanda baş verən hadisələr üzərində qurulsa da, əslində vahid bir kompazisiyanın yaranmasına xidmət edir. Belletristika üslubu üçün bu çox vacib detaldır. Ola bilər ki, xarakterlər bütün dərin qatlara qədər işlənməsin, ola bilər ki, obrazların psixoloji portretləri bir qədər səthi olsun. Amma əgər əsərin süjeti dinamik olmasa, oxucunu öz ardıyca apara bilməsə, belə əsərə uğurlu belletristik əsər demək olmaz. Səxavət məncə bu əsərdə həmin maraqlı dinamik süjet xəttini qurmağa nail olub. İntriqa sona qədər saxlanılır, oxucu əsəri yarımçıq qoya bilmir. Süjet xətti müxtəlif gərgin hadisələrlə zəngindir. Əfqanıstan müharibəsindən tutmuş Qarabağ hadisələrinə qədər böyük tarixi-coğrafi sahəni əhatə edir... Zənnimcə, müəllif qarşısına qoyduğu məqsədə nail ola bilib. Müəyyən kiçik iradlar olsa da, məncə bunlar əsərin dəyərinə xələl gətirəcək qədər ciddi qüsurlar deyil.
Faiq Balabəyli:
Əsər C. Cabbarlının “1905-ci ildə” pyesi ilə müqayisə edilə bilər.
Əvvala, onu qeyd edim ki, kitabın adı çox uğurludur. Məni ən çox qane edən əsərin adı və süjet xətti boyu bu adın gerçəkləşməsidir. Hər kəsin, bütün millətlərin bir kökdən - Adəmdən əmələ gəlməsi fikri ilə razıyam.
Əsərdə Böyük Vətən müharibəsindən bəhs edərkən Həzi Aslanov haqqında xoş sözlər deyilir. O Stalinqrad döyüşündən sonra Sovet İttifaqı Qəhrəman adına layiq görülüb. Əsərdə bu hissələr təqdirəlayiqdir. Roman çox gözəldir, oxunaqlıdır. Bu məzmunda – müharibə mövzusunda oxuduğum əsərlər içərisində bu roman çox maraqlı, oxunaqlıdır.
Amma roman haqqında iradlarımı bildirərkən, bir müddət hərbdə olan insan kimi demək istərdim ki, sənədlərə qarşı çox diqqətli olmaq lazımdır. Sovet ölkəsi üçün bir döyüşçünün Əfqanıstandan qayıtması, Volqoqradda xüsusi şöbənin xəbəri olmadan sənədlərinin götürülməsi inandırıcı deyil. Sovet İttifaqında sənədlərə həmişə nəzarət olub. Bunlar yenidən işlənməlidir.
Əsərin dilini bəyəndim. Məsələn, Yaqub kişinin “beli budaq-budaq əyilib” ifadəsi xoşuma gəldi. Bir də Səməd obrazı. Əsərin qəhrəmanı Səmədin timsalında müəllif gerçək olan bir qəhrəman obrazını canlandırır. Əsər boyu o, özündə mənəvi bir günah hiss edir. Əfqanıstanda hərbi xidmətdə olarkən döyüşçü dostlarına qarşı tərəfdə bir döyüşçü namaz qıldığı üçün silah atmağa qoymayıb. Bunun nəticəsi olaraq döyüş yoldaşları əsir düşüb. Səməd hər zaman bu hadisədə özünü günahkar sayır, döyüş dostlarının taleyini fikirləşir. O, həmçinin atasını, anasını, torpağını unutmur, oxuyur, zabit rütbəsini alır, doğma vətəninə qayıdır.
Səxavətin qələmə aldığı obrazlardan əsasən Dara obrazı çox təbii işlənilmiş bir obrazdır. Qeyd etmək istərdim ki, müəllif əmisi arvadı – Bilqeyis obrazını çox dolğun təsvir edib, təbii işlənilmiş obrazdır. O, Səmədin uşaqlarına baxmaq lazım gəldikdə mərhəmət göstərir, hətta ərini də icazə verməyə təhrik edir. Dara obrazında bizim kənd qadınlarının xarakterini yaratmağa cəhd edir. Zaman-zaman ermənilərlə bizim aramızda konfliktlər olub. İnsanın daxili, ana bətni insan başlanğıcıdır. Şamo obrazında bu fikir özünü bariz göstərir. Şamo da bir insandır. Onun da vətəni, anası, torpağı var. O, da doğulduğu torpaq, valideynləri, eli üçün darıxır. Öz doğmalarına çatmamağın və darıxmağının səbəbkarı Səməddir. Müəllif obrazda daxili, içdən gələn şəxsi düşmənçiliyi də verə bilib. Səxavət əsərdə milli münaqişəni, daxili, içəridən gələn düşmənçiliyi bədii boyalarla verə bilib.
Səxavət Talıblının “Adəmin övladları” kitabını C. Cabbarlının “1905-ci ildə” pyesi ilə müqayisə edilə bilər. Kitab süjet xətti ilə, mövzusu ilə oxucunu özünə çəkir. Səxavətin dilində yumor hissi var. Əsərdə kino üçün maraqlı material var.
Ancaq süjetdə hadisələrin gedişində bir az tələskənlik var. Amma, bütün bu iradlara baxmayaraq mən Səxavət Talıblını belə bir kitabın araya-ərsəyə gəlməsi münasibətilə təbrik edirəm.
Narıngül:
-Kitab sanki birnəfəsə yazılıb...
Mən ilk olaraq Səxavəti “Adəmin övladları” kitabının nəşri münasibətilə təbrik edirəm. Romanın dili, təhkiyəsi çox gözəldir. Müəllif hadisələri bir–birinə yaxşı bağlayır. Süjet xətti ziqzaqqlarla da olsa inkişaf edir. Hiss olunur ki, kitab birnəfəsə yazılıb. Hadisələr bizə yaxın dövrün hadisələridi.
“Adəmin övladları” romanının əsas diqqət çəkən cəhətlərindən biri hadisələrin bol olmasına baxmayaraq, kompozisiyanın sadə olmasıdır. Əsərdə sujet xətti sona qədər qırılmır və keçidlər hiss olunmur. Demək olar ki, əsərin bütün komponentləri təhkiyəyə xidmət edir. Buna görə də roman asan oxunur, yorucu deyil. Cümlələr sadədir. Müəllif bəlkə də, bilərəkdən əsərə bu prinsiplə yanaşıb. Təhkiyənin tempi demək olar ki, əsər boyu dəyişməz qalır. Roman çoxqatlı olmasa da hadisə baxımından xeyli zəngindir. Əsərin əsas sujet xətti dünya gerçəklikləri və bu gerçəkliyin fonunda müftəlif tipli insan xarakterlərini çözələməkdir. Əsərdə müharibə mövzusu önə çıxarılır, Əfqanıstan müharibəsi və Qarabağ müharibəsi paralel şəkildə təsvir edilir. Ölüm səhnələri canlıdır. Müəllif ölümün rəngini verə bilib. Əsəri oxuyarkan Əfqanıstan müharibəsindəki səhnələr mənə Qarabağ müharibəsindəki səhnələrdən daha dolğun göründü. Ümumiyyətlə, düşünürəm ki, son vaxtlar Qarabağ müharibəsindən yazmaq çox çətindir. Çünki bu mövzu zəif və güclü işlənməsindən asılı olmayaraq xeyli müəllif tərəfindən qələmə alınıb. Döyüş səhnələri hamımızın tanıdığı məkandır, hadisələr hamıya tanış olan faktlardır. Odur ki, bədii cəhətdən oxucunu təəccübləndirmək o qədər də asan deyil. Romandakı müharibə səhnələrinin müsbət tərəfi odur ki, hadisələr boyunca yüksək pafos hiss olunmur.
Əsərdəki hadisələr müxtəlif məkanlarda baş versə də, insanlar eyni insanlardır. Bu insanların hər biri müharibəyə cəlb olunmuş insanlardır, onların taleyini müharibə həll edir. Səməd, Sergey, Dara, Valya, Şamo, Mayor Sokolov – hər biri adəmin övladıdır. “Adəmin övladları” eyni taleni yaşayır. Amma müharibənin faciəsi kütləvi faciə kimi təsvir edilmir, hər kəs müharibənin faciəsini bir cür yaşayır. Romanda ən fəal görünən surətlər Səməd və Şamo surətidir. Bir-birinin əksi olan bu iki insan tipi eyni məkanda qarşılaşır, eyni hadisələrin iştirakçısına çevrilir. Lakin insan aspektindən yanaşıldıqda bu iki insan tipi həm də bir-birindən xeyli fərqlidir. Səməd insanlara nə qədər həssaslıqla , ədalətlə yanaşırsa, erməni Şamo əksinə fitnə-fəsadla , kinlə doludur. Səməd surəti təbiiliyi ilə diqqəti çəkir və bu surət əsər boyu hadisələrə bələdçilik edir. Lakin Səməd surətinin, eləcə də Şamo surətinin fəlsəfi yükü o qədər də ağır deyil. Buna görə də əsərdəki hadisələrə keçidlər elə ilk cümlələrdən oxucuya qəhrəmanların artıq hansı taleyi yaşayacağından xəbər verir. Əsərin əsas ideyası insanlığa, etiqada, sülhə çağırış və qələbəyə olan daxili inamdır. Sonluğun nikbin şəkildə tamamlanması da buna sübutdur.
Nəcibə İlkin:
-Romanda elə detallar var ki, təbiilikdən çıxır...
Əsərin adı ilk öncə bütün insanların Adəm övladları olmağını təlqin edir. Roman namazla başlayır. Namaz müsəlman dini adət-ənənələrinə uyğun, məcburi şəkildə lazımlı bir şərtdir. Hər kəsə məlumdur ki, hələ I Pyotrun vaxtından, Sovet imperiyası zamanı müsəlmana qarşı soyqırım olub. Bu gün də həmin soyqırım davam edir. Mən Səxavət Talıblının “Adəmin övladları” romanını Nikolskinin “Min ildən sonra” əsəri ilə müqayisə etdim. Mənim fikrimcə romanın çox gözəl süjet xətti var, orada aktual problemlər öz əksini tapıb – erməninin “Qarabağ bizimdir”, “onsuz da səhv bizdədir” deməsi, Səmədin əzablı həyatı və s.
Müəllif bəşəri baxımdan bu problemləri üz-üzə qoyur. Azərbaycanlı, erməni və rusun Sovet əsgəri kimi Əfqanıstana getməsi, Sergeyin əfqan döyüşçüsünə güllə atan zaman Səmədin ona mane olması ( Səməd düşünür ki, namaz vaxtı güllə atmaq olmaz), sonra da döyüş yoldaşlarının əsir düşməsində özünü günahkar sayması.
Müəllif çox düzgün təsvir edir ki, erməni bu situasiyada heç vaxt özünü günahkar saymaz, amma azərbaycanlı balası hər zaman bu haqda düşünür, özünü günahkar sayır. Şamo erməniyə xas satqınlıq, yaltaqlıqla özünü aradan çıxartmağı bacarır. Səxavət Şamonun hiyləgirliyini, əfqanlarla birləşib, azərbaycanlıları pis qələmə verməsini, lakin bir türk, azərbaycanlı balası Səmədin böyüklüyünü gözəl təsvir edib.
Azərbaycanlı hər zaman səmimiyyətini, mənəviyyatını qoruyub saxlayıb. Müəllif Səmədin böyüklüyünü, kamil insan kimi mövqeyini önə çəkir. Səməd əzab çəkir, amma erməni əzab çəkmir. Romanda Daranın azərbaycanlı oğluna qarşı məhəbbəti, Şamonun Daranın yanına getməsi, Sergeyi öldürməsi, Səmədi pis insan kimi qələmə verməsi, Daranın anasının, xalasının “Gözüm su içmir” deməsi, Daranın qadınlığından istifadə edib onu aldadıb çölə atması, erməninin hiyləgərliyi bədii boyalarla təsvir olunub. Əsərdə dünən, bu gün baş verən, sabah olacaq problemlər əks olunub.
Ədəbi baxımdan romanda süjet xətti çox maraqlıdır. Erməninin dilindən öz günahını etiraf etməsi, Səmədin özünü qınaması, yoldaşlarının əsir düşməsində özünü günahlandırması (namaz qılana güllə atmamağı düşünməsi) və s. Əsərdə Şamo Sumqayıta qayıdır, adını dəyişir. Bu gün Azərbaycanda adlarını dəyişən çox sayda erməni yaşayır. Onlar hər zaman, hər yerdə azərbaylıların səmimiyyətindən istifadə edirlər. Müəllif ermənilərin ümumiləşdirilmiş obrazı kimi Şamo surətini, onun hiyləgərliyini çox gözəl işləyib. Müəllif obrazda erməni xislətini, xüsusiyyətini olduğu kimi təsvir etməyi bacarıb.
Romanda əsas surətlərdən biri kimi təsvir olunan Səmədin əmisi qızı Dilarə obrazı sədaqətli, etibarlı azərbaycanlı qadınlarının ümumiləşdirilmiş obrazıdır, əsl Azərbaycan qadını obrazıdır. Onun Səmədin körpələri xatirinə güzəştə getməsi inandırıcı detallarla təsvir olunub.
Romanda Səməd obrazında azərbaycanlı əsgərin əzablı həyatı, onun simasında əzablı həyat yaşayan minlərlə oğullarımızın faciəsi real boyalarla təsvir olunub. Səməd əsl Şərq kişisidir, ziddiyyətli xarakterdir. O, Dilarəni aldatdığı üçün özünü qınayır, oğullarını götürüb vətəninə qayıdan Daranın arxasınca getmir.
Əsərdə bəşəri, milli baxımdan çox gözəl suallar qoyulub: Milli-mənəvi tərbiyə, Allahı başının üstündə görmək, ona sığınmaq, namaz qılmaq, insanları dinə, imana çağırmaq. Biz hamımız Adəm övladları olaraq eyni təqiblərə məruz qalırıq. Əsərdə Səmədin simasında kamil insan obrazı yaradılıb. Müəllif psixoloji məqamlara enməyib. Ensəydi, əsərin dinamikasına ağırlıq yarada bilərdi. Səxavət romanda gözəl bədii təsvir vasitələrindən istifadə edib. Müəllif romanda cərəyan edən hadisələri real, inandırıcı təsvir edib. Yalan ədəbiyyatda ayaq tutub yeriyə bilməz. Mən Səxavətin ”Adəmin övldları” romanını XXI əsrin ən önəmli əsəri kimi dəyərləndirirəm.
Mahirə Abdullayeva:
-Səxavətin qələmə aldığı bu roman təxəyyüldən, fantaziyadan uzaqdır.
Romanı oxuduqda mənə ləzzət eləyən oradakı xarakterlərin özünəməxsus xüsusiyyətlərin olmasıdır. Müəllif obrazları dəqiqliklə təsvir edib. İmişli camaatının əxlaq-ənənələri, tərbiyəvi, əxlaqi cəhətləri aydın dildə yazılıb, təsvir olunub. Səməd müsbət qəhrəmandır. Lakin o müsbət qəhrəmanını ideallaşdırmayıb. Hər bir bəşər övladının qüsurlu cəhətləri var. O cümlədən də Səmədin. Səmədin qüsurlu cəhəti “Mənə görə onlar öldü” fikri ilə yaşaması, özünü günahlandırmasıdır, onsuz da hər daşın dibində bir əfqan döyüşçüsü yatırdı. Lakin Səməd mində bir ehtimalı fikirləşib özünü günahkar sayır. Döyüş zamanı əsgərlərin ölümü qaçılmazdır. İnsanlıq borcu olaraq gedib Dara ilə evlənməsi onun xarakterini bir daha açır. Azərbaycanlı kişilərdə zəif cəhətlər var. Səməd öz ailəsinə, ata-anasına, sevdiyi Dilarəyə qarşı diqqətsizlik edir, uzun illər özü haqda heç bir məlumat vermir, Rusiyada yerləşir, evlənir. Lakin, “yarımçıq” saydığı uşaqları götürüb gedən Daranın arxasınca getmir. Daranın arxasınca getməməyi müsəlman kişilərinin özünəxas xüsusiyyətidir.
Adətən bədii əsərlər yazıçı təxəyyülünün məhsulu olur. Amma Səxavətin qələmə aldığı bu roman təxəyyüldən, fantaziyadan uzaqdır.
Balayar Sadiq: Bu roman boyalı deyil
Gəlin, romanı məişət səviyyəsinə endirməyək. Mən romanın strukturu haqqında danışmaq istərdim. Bu, roman kimi dolğun əsərdir, ideyası var, ilk növbədə imanlı əsərdir, namazla başlanır, axırda da namazla qurtarır. Romanın namazla başlaması, namazla qurtarması insanları dinə, imana çağırışdır. Əsərin ədəbiyyatımıza ən böyük xidməti odur ki, müsəlman dünyasında baş verən bütün müharibələrin xarakterini açır. Uğuru ondadır ki, erməni xislərini, Qarabağı ədəbiyyata gətirib. Şərq qadını, müsəlman qadını obrazını yaradıb.
Amma bəzən romanda elə detallara rast gəlinir ki, təbiilikdən çıxır. Əsərdə vətənpərvərlik hissi, qlobal problemlər var. Yazıçının böyüklüyü onun təxəyyülüdür. Roman ədəbiyyatımızda hadisədir. Dili çox gözəldir. Nöqsanlı tərəflərindən biri odur ki, bəzən qeyri-rəsmi yerlərdə - kəşfiyyatda, adi söhbətlərdə ədəbi dildən istifadə olunub.
Ən gözəli odur ki, müəllif əsərdə tipik bir müsəlman obrazını yaradıb. Mən bu romana dünya səviyyəli əsər deyərdim. Bu roman boyalı deyil. Səxavət Talıblı sübut elədi ki, sıradan bir yazar deyildir. Mən hesab edirəm ki, bu roman Əfqanıstan veteranları haqqında çəkiləcək film üçün çox maraqlı ssenaridir.
Məlahət Yusifqızı:
Müəllif əsərdə mühiti verməyə çalışıb, mənfi, müsbətin arxasınca getməyib.
Roman çox gözəl redaktə olunub. Əsərdə hadisələr zəncirvari gedir. Şeir yazmaq nəsrdən çətin olsa da, şairlərin nəsr dili daha gözəldir. Bu çox uğurlu əsərdir. Roman haqqında cüzi qeydlərim var. Kitabda korrektura səhvləri, xətaları var. Müəllif əsərdə mühiti verməyə çalışıb, mənfi, müsbətin arxasınca getməyib.
Nuranə Nur: Bu romanı sənətkarlıq baxımından təqlid etmək çətindir.
Səxavət Talıblının bu romanını birgün ərzində maraqla oxudum.Açığı sözün yaxşı mənasında gözləmədiyim təsürat yaratdı məndə. Müəllif Allaha ibadəti ilk öncə bizim bildiyimiz din kimi yox, elm kimi verir. Təbii ki, din sonradan təhrif olunub. Həqiqi dini dırnaqarası din xadimlərinin, cahil camaatın xurafata çevirməyi İslam dinini bu günki aqressiv vəziyyətə gətirib çıxarıb. Səməd Əfqanıstanda olarkən, namaz qıldıqlarına görə döyüşçülərə güllə açmağa qarşı oldu , ona görə də yoldaşları ilə bərabər əsir düşüblər. Bu hadisənin məğzi və təsviri əsərdə əsas sayılan ştrixdi. Əslində bu əsl İslamın sifətidi. Lakin qarşı tərəfdəki döyüşçülərin də müsəlman olmasına baxmayaraq İslamı qəzəbli və qəddar şəkildə təbliğ etmələri bu humanist dinin üzünə ləkə salır. Bütün bunlar əsərdə insanı düşündürür.Amma maraqlıdı ki, əsərdə bu qədər humanist və həssas xarakterli obrazın, sonradan soyuqqanlı tərzdə həyata laqeydliyi var. O, ailəsini öz taleyindən xəbərsiz qoyur. Əmisi qızı , adaxlısı sayılan Dilarənın taleyinə biganə olur. Daha sonra yoldaşı Dara evdən gedəndən sonra onunla maraqlanmır, arxasınca getmir. Lakin müəllifin fərqli obraz yaratmaq istedadı , cəhdi təqdirə layiqdi.Məsələn, Qarabağ müharibələri motivində əsərlərdə, filmlərdə ermənilər saqqallı, kobud təsvir edilir. Bu romanda da nəticə etibarı ilə eyni stuasiya , amma səbəb tutarlı. Erməni obrazı burda , məhs Əfqanıstan ordusu üçün saqqal saxlayır.
Reallığın təsviri real veriləndə daha maraqlıdı. Əsərdə vətənpərvərlik hissləri pafoslu deyil. Bəzən əsərlərdə vətənpərvərlik hisslərini elə verirlər ki, oxucuda bu hissi yaratmaqdansa, olan qalanı da əlindən alır. Roman müharibə və təbiət təsvirləri ilə doludur. Sanki bir təsvir , o biri təsvirin gözəlliyini qorumaq naminə verilir. Döyüş səhnələri həyəcanla oxunur. Müəllif romanda faciəni, düşmən tərəfin də faciəsini, düşmənin də fikirlərini verir. Onun fikrincə hər kəs insandır, Adəm övladıdır, erməni də insandır. Əsərdə Sumqayıt ermənisi Araksa Sumqayıt hadisələri haqqında danışanda deyir ki, “ Hamısını bizimkilər başladılar”.
Əsərin strukturu öz yerindədir. Ən yaxşı əsər oxucu qəlbində öz yerini tapan əsərdir. İndi təhlükəli oxucular yetişir ki, bir əsər oxuyub, bir əsər yazan kimi özunu yazıçı hiss edir. Amma Səxavət Talıblının ”Adəmin övladları” romanını sənətkarlıq baxımından təqlid etmək çətindir.
Sonda qeyd edim ki, məncə ali oxucu təbəqəsi bu əsərdən bəhrələnə bilər.
Qəşəm Nəcəfzadə:
Müəllif rəssamlığı, klassikanı, həyatı yaxşı bilir
Səxavəti uzun illərdir tanıyıram. O, özü ruhən yenilikçi bir insandır. Əvvəllər lirik qəzəllər yazırdı, indi də yazır, əruzu gözəl bilir. Amma sonra nəsrə keçdi, bir hekayələr kitabı çap olundu. Səxavət bütün məqamlarda istər şeiri, istər qəzəli, istərsə də nəsri gözəl yazır. İstədiyi bir şeyi bacarıqla həll edə bilir. Rəssamlığı, klassikanı, həyatı gözəl bilir. Bacarıqlı bir insandır. Bu əsər onun sənətkarlığının bariz nümunəsidir. Roman çox fundamental, bəşəri, film çəkilməli əsərdir. Oxucu bu əsəri maraqla qarşılayacaq. Romanda təkrar hadisələr yoxdur. Səxavət romanda əsasən hadisənin özünü göstərib. Hadisənin özü roman üçün əsasdır. Təbrik edirəm. Mən bəzi iradlarımı da, qeyd etmək istərdim. Kitabda cümlələrdə öz, bunu sözləri, o, bu işarə əvəzliklərini yersiz işlənib.
Əfqanistanda baş verən hadisələr dünya müstəvisində göstərilir, yer, məkan burda əsas şərt deyildir. Əsas insanların taleyidir. Mənə maraqlı odur ki, müəllif Əfqanistanı çox gözəl tanıyır, onların adət -ənənələrini dərindən bilir.
Müzakirənin sonunda Səxavət Talıblı müzakirədə iştirak edənlərə təşəkkür edib və bildirib:
-Hamının fikrınə sayğı ilə yanaşıram. İlqar Fəhminin dediyi irad ilə – cümlələrin qısa olması fikri ilə razıyam.
Faiq Balabəylinin dediyi sənəd məsələsinə gəldikdə isə, demək istəyirəm ki, yazıçı əsərdəki hər texniki uzun-uzadı təsvirini verə bilməz. Onda gərək qalın bir kitab yazam. General Sterlenin adın çəkmişəm. Sənədlərin qısa verilməsi səhv deyil.
Nuranənin “təbiət təsvirlərinin uğurlu verilməsi yazıçının rəssamlıq bacarığından irəli gəlir” fikrini qəbul edirəm. Lakin, Səməd obrazının soyuqqanlı adlandırılması fikri ilə razı deyiləm. Səməd obrazında mən özümü tapmışam. O, zabit olduğu üçün Vətənə gəlir. Səməd xalqı üçün yanan bir obrazdır. Nuranənin “Səməd din üçün daha çox yanır” fikri tamamilə yanlışdır. “O qədər Sərxan kimi övladlarımız Qarabağda məhv olur ki” deyən Səməd xalqı üçün can qoyanbir obrazdır. O, Qarabağda ölənlərə acıyır.
Nəcibə xanımın Arıxsanın Qarabağla bağlı dediyi “Qarabağın harada olduğunu bilmirik” fikrinə münasibəti mənimçün çox maraqlı idi.
Ancaq qeyd etmək istərdim ki, müzakirə zamanı əsərin bəzi nüansları toxunulmamış qaldı. Mən Allaha arxalanaraq bu əsəri yazdım, orada müsəlman-xristian qarşıdurmasını qoydum. Sonra Adəmdən yaranış, axirət dünyası, qiyamət günü haqqında yazılan “yer kürəsi müsəlmanlaşacaq” cümləsinə diqqət yertirməyinizi xahiş edərdim. Bir də insan beyninin sürətini vermişəm bu əsərdə. Bütün hadisələr qisa zaman kəsiyində baş qəhrəmanın fikrindən keçir.
Bu problemləri diqqətə çatdırmağa çalışmışam. Əsərdə olan hadisələrin çoxluğu obrazların iç dünyasını açmağa imkan vermir, ona görə də obrazları hərəkətlə vermişəm. Əsərin ikinci nəşrində iradları nəzərə alacağam”.
Sonda AYB nin katibi İlqar Fəhmi müzakirə iştirakçılarına öz təşəkkürünü edib və yeni yazılan əsərlərin AYB Ədəbi Seksiyalarında müzakirələrinin yenə davam edəcəyini bildirib.
Materialı hazırladı
Məlahət Qənbərova