MÜZAKİRƏ KLUBU
“Nasir təfəkkürü”, “uğurlu poetik dil” və “ideoloji məqsəd”
Vüsal Nurunun “Dorantağ” romanının müzakirəsində daha çox bu haqda danışıldı.
AYB‐nin Әdəbi Seksiyalarının “Müzakirə klubu” layihəsi davam edir. Növbəti diskussiya “Nəsr seksiyası”nda keçirildi. Bu dəfə fantast yazıçı Vüsal Nurunun “Azərbaycan” dərgisinin 2015ci il 9‐cu sayında dərc olunan “Dorantağ” romanı müzakirə edildi. Müzakirədə tanınmış qələm sahibləri – yazıçı Mustafa Çəmənli, tənqidçi Nərgiz Cabbarlı, yazıçı Təranə Vahid, şairə Nuranə Nur və Azərbyacan Yazıçılar Birliyinin Yaradıcılıq məsələləri üzrə katibi İlqar Fəhmi və müəllif – Vüsal Nuru iştirak edirdilər.
Layihənin koordinatoru: Nərgiz Cabbar‐ lıdır.
“Әsəri oxuduqca nasir təfəkkürü göz önündə canlanır”
Müzakirəni AYB‐nin katibi İlqar Fəhmi açdı: ‐ Biz Vüsal Nurunun fantastik janrda yazılmış “Dorantağ” romanı haqqında danışacağıq. Təbii ki, əsəri oxuduqca nasir təfəkkürü göz önündə canlanır. Hadisələrin axarını, dinamikasını inkişaf etdirmək yazıçı peşəkarlığından asılıdır ki, bu da əsərdə görünür. Müəllif mövzuya məsuliyyətlə yanaşıb. O dövrü bacardığı qədər canl an‐ dırmağa çalışıb. VII‐VIII əsri canlandırmaq isə çox çətindir. Çünki həm mürəkkəb dövrdür, həm də əlimizdə faktiki material azdır. Әsər İslamın Azərbaycanda təşəkkül tapdığı dövrdən bəhs edir. Mən istərdim ki, ilk fikirləri Nərgiz xanım söyləsin. O həm də layihənin koordinatorudur. “Әsər tarixi fantastik macəra modelinin üzərində qurulub” Nərgiz Cabbarlı: ‐ Әsərdə zamanlararası sıçrayışlar, zamanlar arasında adlamalar var ki, bu da təxminən son iyirmi ilə yaxındır, çox aktualdır və istər Azərbaycan ədəbiyyatında, istərsə də dünya ədəbiyyatında tez‐tez istifadə edilən bir üsuldur. Eyni zamanda, bu cür adlama prosesi təkcə maraq baxımından əhəmiyyətli deyil, amma yazıçı üçün maraqlıdır və oxucunun da marağını çəkmək məqsədi daşıyır və s. Təkcə bundan söhbət getmir. Bu həm də tarixi həqiqətlərin haradasa üzə çıxarılması məqsədi daşıyır. Və mən bu məqsədi Vüsalın əsərində bir neçə istiqamətdə hiss etdim. Bu məqsədlər nələr idi? Birincisi, tarixi faktları üzə çıxarmaq və bunlara türkçülük prizmasından yanaşmaq. Yəni ideoloji istiqamət. Və bu məqsədə, mənə elə gəlir ki, nail olunub. İkinci bir məqsəd kimi Vüsalın əsərində olan dil eksperimentlərini qeyd etmək istərdim. Әsərdə, bəlkə də, müasir nəsrə çox da uyğun gəlməyən poetik dil eksperimentləri var idi ki, bu gün hər yazıçı o eksperimentlərə getmir. Amma Vüsalda bu, uğurlu alınır və elə bu səbəbdən də diqqətimi çəkdi. Və üçüncü bir məqsəd kimi müəllifin öz fəlsəfi mühakimələrini əsərə yükləmək məqsədini qeyd edə bilərəm. O, özünün dinlə, Allahla, dinlərin qəbulu ilə bağlı fəlsəfi mühakimələrini əsərə yükləməyə çalışıb və bunu bacarıb. Әsər tarixi fantastik macəra modelinin üzərində qurulub. Belə bir yüklənmə oxucunu öz ardınca apara bilir. Roman bir model kimi, öz strukturu etibarilə tam təsir bağışlayır. Müəllif bilir ki, hardan başlayıb hara gedir. Bəzən elə olur ki, bir nöqtədən yola çıxırsan, amma gedişat nəzərdə tutduğundan tam başqa istiqamətə aparır səni. Amma burada yol dəqiq bilinir. Təyyarədə başlayır və qəza ilə də tamamlanır. Lakin qəzaya keçid, ondan sonrakı situasiyanın təsviri bir az gözlənilməz və bir az da ideoloji istiqaməti qıran bir təsvir kimi meydana çıxır. Çünki yazıçının Әshabikəhfə gəlişi, mağarada axtarışı və s. o qədər təbii bir axarla davam edir, o qədər təbii proses təsiri yaradır ki, sanki məqsədli, düşünülmüş heç bir şey yoxdur.
Mustafa Çəmənli:‐ Bəli, insanda elə fikir yaranır ki, bu, xəyalın oyunudur. Qəhrəman qəzaya düşür və bütün bunlar onun yaddaşında baş verir. Nərgiz Cabbarlı: ‐ Әsər, dilinə görə də müsbət təsir bağışlayır. Gənclərin yaradıcılığını az‐çox izlədiyim üçün bu xüsusiyyət haqqında xüsusi qeyd etmək istərdim. Yazıçının dili bilməsi, dil üzərində işləməsi lazımdır. Müasir nəsr əsərlərində isə əksərən dilin codluğu, kələkötürlüyü adicə oxu prosesinə belə mane olur. Amma bu əsərdəki eksperimentlər çox maraqlıdır. Bilirsiniz ki, nəsrdə poetik dil eksperimentləri, məsələn, 70‐80‐ci illər nəsri üçün aktual idi. O mərhələnin nasirləri dilin poetik qatına fikir verirdilər. İfadə və təsvir formaları üzərində işləyirdilər. Müasir nəsrdə isə daha çox süjetə diqqət yetirilir. Hadisələrin axarı və nəqli... Lakin dil əsasdır, materialdır, onu inkişaf etdirmək də, onu qorumaq da lazımdır, öldürmək isə yox.
İlqar Fəhmi:‐ Dilin qrammatikası, təşbehlər öz yerində. Amma mən o şeylərin bir az əleyhinəyəm. Biz tarixi mühiti canlandırırıqsa, yaradırıq, o dövrü yaradırıqsa, birdən‐birə müasir təşbeh vermək olmaz. Yaxud, təşbehin içində müasir element verməklə tarixi mühit dağılır, çatlayır.
Nərgiz Cabbarlı: ‐ Әsərin qəhrəmanı müasir dövrdən gedib. Məncə, bu, ondan irəli gələn xüsusiyyətdir.
Mustafa Çəmənli: ‐ Hə də... Axı əsərin qəhrəmanı indiki zamandan keşmişə yollanıb. Özü də bu qəhrəman tarixi romanlar yazan bir yazıçıdır.
İlqar Fəhmi: ‐ Әsərdə təyyarə məsələsi var. Salman Rüşdinin məşhur bir əsəri var ‐ “Şeytan ayələri”. Orada da təyyarə partlayır, iki nəfər yerə düşür və düşənə qədər xəyalda transformasiya baş verir. Peyğəmbərin yanına gedirlər. Təyyarədən istifadə model olaraq işlənib. Mənə elə gəlir ki, bu cür olmağı daha yaxşıdır. Bilinmir ki, reallıq hardadır, yuxu hardadır. Postmodernizmdən gələn bir şeydir bu: məlum deyil, bu hadisələr həqiqətən baş verib, ya yox... Müasir dövrdə bu cür yanaşmalar çoxdur və maraqlıdır. Mən o cür qeyri‐müəyyənliyin tərəfdarıyam. Amma romanda magik realizmlə mistika bir‐birinə qarışır. Yazıçı əsəri ya magik realizm, ya da mistika ilə qələmə almalıdır. Yəni müəyyən bir istiqamət seçmisənsə, o zaman janr xüsusiyyətlərinə sona qədər riayət olunmalıdır. Amma Vüsal romanında magiyanı realizmə daxil edir, sonra bəzi yerlərdə mistika ilə qarışdırır.
Nərgiz Cabbarlı: ‐ Ümumiyyətlə, bu əsərdə çox şeylərdə qarışmalar var. Görünür, bu məqsədli şəkildə edilib...
İlqar Fəhmi:‐ Amma janrların qarışması oxucuya pis təsir edir. Yaxud bəzən müəllif öz dilindən danışır, sonra ikinci şəxsin dilindən danışır... Sonra qəhrəmanında olan inam, inamsızlıq insanı çaşdırır.
Nuranə Nur: ‐ Amma mənə maraqlı olan elə bu inamla inamsızlığın qarışığı idi...
“Məncə, bu, düşüncə romanıdır”
Mustafa Çəmənli:‐ Mən ilk dəfədir, Vüsalın əsərini oxuyuram. Amma bir daha əmin oldum ki, əsəri yazmaq üçün yaş bir o qədər vacib deyilmiş. Vüsalın yaşına görə çox maraqlı nəticədir. Məncə, bu, düşüncə romanıdır. Әsərdə insanı düşündürən sətiraltı məqamlar çoxdu. Burada onun türkçülüyə, insani dəyərlərə, islama münasibəti təsvir olunub. Bu əsər mənə iki böyük yazıçımızın əsərini xatırlatdı. Üslublarında, yanaş ma larında heç bir oxşarlıq yoxdur. Amma bununla belə, müəllif əşirətdən qabaqkı illəri təsvir etdiyinə görə Y.V.Çəmənzəminlinin “Qan içində” romanı yadıma düşdü. Qarğa ilə bağlı məqam, qeyri‐adi insan təsvirləri... və s. Dinə münasibətə görə isə M.F.Axun dovun “Kəmalüddövlə məktubları” yadıma düşdü. Düzdür, o açıq yazılmış bir mək tub dur. Amma yenə də münasibət məsələsinə görə yadıma düşdü... Әsərin qəhrəmanı şüurlu şəkildə mağaraya gedir. Әrəblərin necə gəlməsi, bizi necə müsəlman etməsi, maraqlıdır ki, birbaşa verilmir, insanı təəccübləndirən detallarla təsvir olunur. Vüsalın unudulmayacaq, yadda qalacaq obrazları yoxdur, onun ən yaxşı obrazı elə Yazıçıdır. Lakin əsər düşüncə əsəridir. Bunu oxuyursansa, gərək düşünəsən ki, müəllif burada nə demək istəyir. Mən istərdim ki, tənqidçilər dinə maraq məsələsini bir o qədər də qabartmasınlar. Bu məqamlar deyilməsin.
Nərgiz Cabbarlı: ‐ Amma, Mustafa müəllim, qabartmaqla deyil ki, bu o dərəcədə üzdəndir... İş orasındadır ki, münasibət qətiyyən qınaq doğurmur... Həqiqətləri ifadə edir...
Mustafa Çəmənli:‐ Burada o, dinlə bağlı olan naqislikləri yazır və həqiqətən də onunla razılaşırsan. Fikirləşirsən ki, bunlardan nə zaman xilas ola biləcəyik. Burada obrazların adları da var. Amma müəllifin məqsədi onların taleyini yazmaq deyil.
Nərgiz Cabbarlı: ‐ Məqsəd qoyulan problemin göstəril məsidir. Bir də ideoloji məqsəd var.
Mustafa Çəmənli:‐ Mən əsəri oxuduqca o zamanlarda hiss etdim özümü. Kiçik roman olsa da, sürətlə oxunmur. Amma müəllifin dili, təhkiyəsi xoşdur. Vüsalın yaşına görə dili qüsursuzdur, koloritlidir, yad dil deyil, fikir deməyə çətinlik çəkmir. Bəzən çox uğurlu bənzətmələr deyir. Onun yumorla danışması da mənə maraqlı gəldi. Bir də mən bir şeyi demək istərdim. Dili gözəldir, buna söz yoxdur, amma xırda qüsurlar var ki, onları düzəltsə, yaxşıdır. Məsələn, “dəvə oturdu” deyir, amma dəvə oturmur, xıxır. Qoşqu heyvanları ilə bağlı elə detallar var ki, dilimiz kasad deyil... Vüsal eşşək arabasına daşqa deyir, amma bizdə daşqanın nə olduğunu çoxu bilmir. Daşqa balacadır. Çarxı düz deyir, amma oxa keçirilən topdur... Vüsal ona “paya” deyir, o “dəndənə”dir... Amma ümumi götürdükdə, ədalətsizlik olar deyək ki, dil qüsurludur. Bu xırda‐para şeylərdir. Sözü deməyə çətinlik çəkmir. Birdən elə bənzətmələr deyir ki.... Sərrast cümlələri insanı düşünməyə vadar edir. Deyir ki, dindarlar Allah alverçiləridir. Amma ürəyində deyirsən ki, düz deyir də... Niyyəti bəllidir də.
İlqar Fəhmi: ‐ Ümumiyyətlə, Avropada və Şərq aləmində ənənəvi dinlərin içində olan problemlərə, müəyyən riyakarlıqlara etiraz əlaməti olaraq əvvəlki etiqadların ideallaşdırılması və o dövrlərə qayıdış cəhdi var. Belə bir qayıdış cəhdi bir zamanlar Avropada aktuallaşmışdı... Vaqnerin yaradıcılığında. Onun operalarının hamısı bunun üzərində qurulub. Amma nəticəsi olmadı. Çünki bütün materialları uydurmalıdır... Yaxşı ki, bizim “Dədə Qorqud”umuz var... “Dorantağ” əsərində olan etirazlar isə dinin özünün siyasi alət kimi istifadə olunmasına etirazdı. Nərgiz Cabbarlı: ‐ Onun öz inancı var burda. Ruhun diriliyi məsələsi... Var olan hər şey diridir...
İlqar Fəhmi: ‐ Bilirəm, amma alternativ qoyması... Bütün dinlərdə ilahi ata obrazı var... Vüsal isə insanla ana təbiət arasındakı bağlılığı verməyə çalışır. Ulu Ağ Ana obrazı yaradır və bu Ataya etiraz cəhdi olaraq qabarır. Şamanlıqda da belədir. Təbiət anadır. Bu, feminizmlə də səsləşir.
Mustafa Çəmənli: ‐ Ananın ağrısı var orda. Ananın ağrısını isə kişi heç zaman yaşamır, yaşaya da bilməz.
İlqar Fəhmi:‐ Әslində, burada da ideal cəmiyyət axtarışları var. Çinlilər ideal cəmiyyəti keçmişdə görürlər. Burada da o şeyə cəhd var. Әsərdə təsvir olunan qəhrəmanların hamısında qəribə bir təmizlik var. Bu, utopiya yaratmaq cəhdindən irəli gəlir. Müəllifin məqsədi bu çirkabın qabağında təmizlik verməkdir. Amma, məncə, ərəbləri çox mənfi təqdim edib.
Mustafa Çəmənli: ‐ Məncə də, dünyanın heç bir xalqına ikrahla baxmaq olmaz. Dünyaya ərəblər, bilirsən, necə alimlər verib? Bizim ən böyük qəhrəmanımız ərəblərə qarşı vuruşub... Babək... Amma onun haqqında nə biliriksə, ərəb mənbələrindən bilirik. Onun şücaətini, qəhrəmanlığını da inkar etməyiblər. Әrəblər elə belə xalq deyil.
Nərgiz Cabbarlı: ‐ Amma əsərdə tənqidi yanaşma türkün özünə, lap qəhrəmanın özünə qarşı da var axı. Bu yalnız ərəbə qarşı yönləndirilməyib. Məsələn, bu günün türkünün o zamana adladığı zaman qəhrəman deyil, adi qorxuları olan insan kimi göstərilməsi... Xüsusilə də bu qorxaqlıq o zamanın türk qızı ilə qarşılaşdırılmada daha çılpaq görünür və daha çox təəssüf doğurur...
Mustafa Çəmənli: ‐ Mən əsərdə Vüsalın qəhrəmanının bir daşqanı dartmaq üçün çəkdiyi bütün əzabəziyyəti gördüm. Daha sonra meyitləri aparmaq, qoyub getməmək, meyitləri bas‐ dır mamaq və s.
Zamanda azmış adam və “Dorantağ”
Təranə Vahid: ‐ Maraqlı, fərqli, oxunaqlı bir roman yazdığına görə Vüsal Nurunu təbrik edirəm. «Dorantağ” zamanda azmış adamın arzularından, istəklərindən, əzablarından bəhs edən bir romandı. Zamanda azmış adam ‐ “ӘshabiKəhf”in keçmişini axtarır. O keçmiş heç kimə bəlli deyil, heç Qərib müəllimə də... Amma yazıçı axtarışında israrlıdır. Zaman tuneli onu “Әshabi‐Kəhf”in ilkin çağlarına – insanla Tanrı arasında möhkəm bağlar olan vaxtlara aparır və hər şey də o zamanda baş verir. Hərdən düşünürük ki, bugündən keçmişə səyahət etsəydik, dünyagörüşümüzlə, bilgilərimizlə, oxuduqlarımızla bir anda qəhrəmana çevrilərdik. Amma Vüsal Nurunun qəhrəmanı min illərin o üzündə qəhrəmana çevrilə bilmir. O dövrün abhavası, amansız qanunları humanist yazıçını az qala “Donkixotlaşdırır”. Zamanda azmış adam ağır sınaqlardan keçir, ancaq içindəki insani hissləri ləngərlənməyə, ölməyə qoymur. Romanda bir kibrit dənəsi yazıçı tərəfindən obraza çevrilir. Qəhrəman kibrit çöpüylə qaranlıq bir dövrü işıqlandırmağa çalışır. Zamanda işıq axtarışı arzu olaraq qalır. Bu romanda insan əzablarının miniatür şəkilləri sərgilənir. Әli daşqaya mismarlanmış Yazıçı, ölümsüz həyata hələ də inanan Tumar, dünyanı qarğa qanunları ilə idarə etməyə cəhd edən Qarğabaş – təlxəklərin “oyunu” və saysız‐hesabsız səhnələr “Dorantağ”ı oxunaqlı bir əsərə çevirir. “Dorantağ”ın qəhrəmanı Yer üzündə dinlər olmayan – insanla Yaradanın birbaşa bağıarı, təması olan cəmiyyəti axtarır. Әsərdə yaddaqalan obrazlar var, amma bu romanda birbaşa Vüsalın öz obrazını, yazşıçı obrazını gördüm. Tumarı, Sunqat, Omay obrazları diri və yaddaqalan obrazlardı. Mənə elə gəlir ki, yazıçı Vüsal Nuru bu romanda “Әshabi‐Kəhf”in keçmişini axtararaq əvəzində “Dorantağ”ı tapıb.
Nərgiz Cabbarlı:‐ Әsərdə Yazıçı obrazı elə verilib, adamda ilkin təəssürat yaranır ki, o, qəhrəmanlıq edəcək.... Müəllifin məqsədi türkçülüyə gediş idi. Amma onu türk oğlu ilə, qızı ilə qarşıqarşıya qoyaraq bugünkü türkün nə qədər keçmişinə uduzduğunu, geridə qaldığını, cəsarətsizliyini göstərir. Bəlkə də, onu güclü göstərsəydi, əsər bu effekti verməzdi. Amma zəif göstərməklə əsərə müsbət cəhət qazandıra bilib.
Təranə Vahid:‐ Tamamilə razıyam.
İlqar Fəhmi: ‐ Yox, bu, romantik qəhrəman deyil. İndi o dövr deyil... Amma qəribə də olsa, kütləyə təsir baxımından romantizm öz gücünü saxlayıb. İndiki dövrdə Azərbaycanın əslində romantik qəhrəmanlara ehtiyacı var. Amma eyni zamanda da fikirləşirsən ki, birdən yaradaram, geridəqalmış kimi görünərəm. 90‐cı illərdə Rusiyada bu qəhrəmanları məhv etdilər, sonra yenidən yaratmağa başladılar.
Nərgiz Cabbarlı: ‐ Qəhrəmansız millət millət deyil axı. Millətin də, ədəbiyyatın da belə bir qəhrəmanlara hər zaman ehtiyacı var.
İlqar Fəhmi: ‐ Amma mən özüm Vüsala məsləhət verməkdə çətinlik çəkərdim ki, necə olsun bu qəhrəman...
“Dorantağ” romanında ən maraqlısı inamla inamsızlıqdır”
Nuranə Nur:‐ Vüsalın romanını birnəfəsə oxudum və axırda mənə elə gəldi ki, o həyatda olmuşam. Öncə dilin keyfiyyətini, şirəsini qeyd etmək istəyirəm. Bu əsər dolğun Azərbaycan dilində olmaqla yanaşı, həm də bəşəri bir dildə yazılıb. Әsərin dil potensialı imkan verir ki, başqa dillərə də maraqla tərcümə olunsun. Və əsas olan ruh dilidir ki, bu dil oxucunu ayıq saxlayır. Vüsal Nurunu bu roman münasibətilə təbrik edirəm. Romanda Vüsal oxucunu müəllif kimi hiss elətdirir. Vüsal Nurunun “Dorantağ” romanında ən maraqlısı inamla inamsızlıqdır. Әsərdəki təşbehlər çox xoşuma gəldi. Bu günə kimi o mağara haqqında heç nə oxu mamışdım. “Dorantağ” əsərini oxuduqdan sonra isə Әshabi‐Kəhfi ziyarət etmək haqqında düşünürəm. Bu hissi bizlərə yaşatdığı üçün müəllifə təşəkkür edirəm. Tanıdığın və zövqünə inandığın adamın romanını oxumaq adamı yormur, həyəcanlandırır. Mən bu həyəcanı Cek Londonun “Həyat eşqi”ni oxu yanda keçirmişdim. Şəxsən tanıdığın bir yazıçının belə bir roman yazması adama başqa cür təsir edir. Oxucu müəllifin qəhrəmanlığını gözləyir, amma düşdüyü mühitdə qəhrəmanlıq göstərə bilməməsi onu qəhrəmana çevirir. Mən evdə bu romanı oxuduqca hərdən roman haqqında evdəkilərə danışırdım. Sonda məndən “Nə oldu, necə bitdi”, – soruşanda – “Bilmirəm”, – dedim. Romanı böyük maraqla oxusam da, oxuduğuma heç kimi inandıra bilmədim. Məncə, bu, elə yazıçının uğurudur. Roman sonda oxucunu müəmmalar içində qoymalı, bitməməli və düşün dürməlidir. Qoy elə Vüsal Nuru romanı saxladığı yerdən hər oxucu öz abzasını başlasın.
Mustafa Çəmənli: ‐ O qəhrəman elə bir cəhalət dövrünə gedib ki, qəhrəmanlıq edə bilməzdi.
Nuranə Nur: ‐ Amma qəhrəmanlıq etməməklə qəhrəman çıxdı...
Təranə Vahid: ‐ Vüsal Nuru fantastik yazıçıdır, Onun öz yolu, öz üslubu, öz dəst‐xətti var. Son olaraq deyə bilərəm ki, “Dorantağ” romanı ədəbiyyatımızda fantastik janrda yazılmış ən uğurlu və ən maraqlı əsərlərdən biridir. “Dorantağ”ı oxucuların və zamanın ixtiyarına verək...
İlqar Fəhmi: ‐ Məncə, müzakirə maraqlı alındı.
Vüsal Nuru: ‐ Bütün fikirlərə görə təşəkkürümü bildirirəm. Xüsusən İlqar Fəhmiyə minnətdaram ki, heç kimi diqqətdən kanarda qoymur. Yazıçı da bir əsgərdi, hansı səngərdə döyüşməsinə baxmayaraq, məqsədi, amalı hər şeyin yaxşılığa doğru dəyişməsidi.
Materialı hazırladı Məlahət Qənbərova