Azərbaycan Yazıçılar Birliyinin Ədəbi Seksiyalarının “Ədəbiyyat qəzeti” ilə birlikdə hazırladığı “Müzakirə klubu” layihəsində yeni əsərlərin və ədəbi peosesdə mövcud problemlərin müzakirəsi davam edir. Növbəti müzakirə roman janrı, onun inkişafı, uğradığı dəyişikliklərə həsr edilib. Müzakirədə Azərbyacan Yazıçılar Birliyinin yaradıcılıq məsələləri üzrə katibi, yazıçı İlqar Fəhmi, tənqidçilər fil.ü.f.d. Nərgiz Cabbarlı, fil.ü.f.d. Elnarə Akimova, yazıçılar Əlabbas və Aslan Quliyev iştirak edirdilər.
İlqar Fəhmi:
“Yaradıcılıq məsələlərinin hamısının kökündə ideya dayanır”.
İlqar Fəhmi çıxışında gənc nəslin ədəbi ictimaiyyətə təqdim etdiyi əsərlərin dilinin problemli olduğunu nəzərə çatdırıb, səbəbini aydınlaşdırmağa çalışıb. “Adətən ədəbi prosesə kənardan baxanda bir neçə yazıçının ətrafında yaradılan ajiotaj daha çox diqqət çəkir və adama elə gəlir ki, əsl yaradıcılıq onlardadır. Amma əslində nə varsa onlardan kənarda baş verir. Və təəssüf ki, çox dəyərli olan bu əsərlər diqqətdən kənarda qalır. Bu səbəbdən müzakirə etməklə onlara diqqət çəkməyə çalışırıq. Bəzən müəyyən mövzular, problemlər ətrafında da danışır, bu məsələlərə də diqqət yönəldirik. Biz hətta XX əsrin əvvəllərində, ortalarında yaşamış yazıçıların əsərlərinə baxsaq, onlarda hekayə kimi təqdim olunan əsərlər belə bizim roman kimi oxuduqlarımızdan daha genişdir”.
Nərgiz Cabbarlı:
“Roman elə bir janrdır ki, konkret xüsusiyyətləri sona qədər bəlli deyil”.
Bildiyiniz kimi, son zamanlar Azərbaycan ədəbiyyatında roman bumu yaşanır. Amma roman adına dərc olunan əsərləri oxuduqda, bunun daha çox bir dəb, təsir əsasında hərəkət edən axın olduğunu görmək mümkündür. Bəzən heç hekayənin belə çərçivələrinə sığmayan əsəri roman kimi təqdim edirlər. “Roman tarixi proseslə həmahəng inkişaf edir, digər janrlarla müqayisədə onun qanunları tam dəqiqləşməyib və biz hələ də onun plastik imkanlarını sona qədər bilmirik”. Roman janrı haqqında danışanda əsas xüsusiyyət kimi “mütləq roman çoxplanlı olmalıdır, çoxqatlı olmalıdır” düşüncəsi var. Roman elə bir janrdır ki, cəmiyyətdə baş verən hadisələrə əsaslı reaksiya ondan gözlənilir. Aktiv reaksiyadan söhbət getmir, əlbəttə ki. Fundamental, mükəmməl, hərtərəfli reaksiyadan danışırıq. Roman istənilən bir şəklə salına bilər. Sadəcə, diqqəti çəkək ki, romana cılızlaşmış bir münasuibət var və getdikcə daha da artır. Romana sanballı janr kimi yanaşanlar daha azdır. Xüsusilə də yaşlı və orta nəsil. Amma nəzərdən qaçırmaq olmaz ki, romanın müəyyən mənada qəbul olunmuş qanunları var – problemsiz, ideyasız olmamalıdır. Romanın müəyyən planları, qatları olmalıdır.Roman formalaşması hələ tam başa çatmamış janrdır və bu gün də biz bunu görürük".
E.Akimova:
“Roman nədir sualına hərə öz baxışından, öz kontekstindən cavab verə bilər”
Tənqidçi Elnarə Akimova çıxışında nəsrimizdə realist romanlarda belə şərti metoforik ünsürləri, retrospeksiya hallarını pərçimləməyə meyl olduğunu qeyd etdi. “Müstəqillik illərində, 90-cı illərdən bəri, o zaman ki dünyaya inteqrasiya prosesi daha da gücləndi, dünya romanlarına daha sıx şəkildə bələd olmağa başladıq, sanki ədəbi prosesdə çaşqınlıq yarandı. O şəkildə ki biz öyrəşmişdik – roman nədir, necə olmalıdır, 90-cı illərdə sanki bu təsəvvürlərdə deqradasiya prosesi getdi. Onun strukturunda, süjet xəttinin özündə, ona mövcud yanaşmalarda... Və bu, əsasən də gənclərdə daha çox özünü göstərməyə başladı.
Mənə görə, roman daha çox insan talelərini qapsamalıdır, içərisində daha çox bədii material, insan taleyi olmalıdır və ən əsası romanda elə bir rakurs olmalıdır ki, müəllif o rakursdan bütün prosesi izləyə bilsin. Həmçinin oxucu bütün fərqli modusları onun gözü ilə görə bilsin”.
A.Quliyev:
“Yazıçı bələd olduğu mühiti yazmalıdır”
Mən yazını yazanda düşünmürəm ki, bunun mövzusu necə olacaq, problemi nədir, amma nədən yazdığımı, niyə yazdığımı mütləq bilməliyəm. Romanı yazmaq üçün yazıçı hazırlıqlı olmalıdır. Yazıçı yazdığı hadisələrə də, əks etdirdiyin mühitə də bələd olmalıdır.
Roman ölçüsü ilə də, çəkisi ilə də, süjeti ilə də maraqlı olmalıdır. Hekayə başqadır. Onu danışırsan romanı isə yazırsan.
Əlabbas:
“Yazıçıda öz əsərinə qarşı müəyyən bir meyar olmalıdır”
Əlabbas müzakirədə yazı vərdişinin orta məktəbdən formalaşmasının vacib olmasını diqqətə çatdırıb, müasir gənclərin qələmə aldığı əsərlərdə dil problemini önə çəkib. “Roman heç vaxt həcmi ilə müəyyən olunmayıb. Bu gün romanı yazıb qurtaran yarım saat sonra sayta qoyur, bir jurnala verir, çap etdirirlər. Mən desəm ki, o gənclərin qarşısını almaq üçün bu gün bir ədəbi şura olmalıdır, deyəcəklər köhnə fikirli adamdır. Həqiqətən də elədir, bu gün yazırlar, sabah dərc edirlər. Əgər sənin doğrudan da dilin yoxdursa, nə edə bilərsən ki... Bizim cavanlar daha çox hadisəni danışmaq haqqında fikirləşirlər, nəinki dil haqqında. İndi də gənclərə diqqət yetirilsə, şəxsən siz beş nəfər gəncin yaradıcılığını davamlı izləyib qüsurlarını göstərsəniz, tərifləsəniz, görün onlardan yaxşı yazıçı yetişdirirsiniz, ya yox.”
Müzakirədən icmalı hazırlayan
Məlahət Qənbərova
Müzakirənin tam versiyası ilə “Ədəbiyyat Qəzeti”nin 16 yanvar 2016-cı il tarixli nömrəsində tanış ola bilərsiniz.